09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Tələbələrin problemi Milli Məclisdə müzakirəyə çıxarıldı
Tarix: 30-09-2016 13:56 | Bölmə: Slayd


Deputat Məlahət İbrahimqızı Milli Məclisin payız sessiyasının iclasında I qrup sağlamlıq imkanları məhdud olan tələbə gənclərlə bağlı məsələ qaldırıb.

Deputat deyib ki, bu qrupa daxil olan tələbələr təhsil haqqından azad edilsələr yaxşı olar:

"Nəsimi rayonunda iki belə tələbə var. Onlar yüksək bal yığıb universitetə daxil olublar, ancaq pullu ixtisasa düşüblər, ödəməyə imkanları yoxdur. Onların da ödənişdən azad olunmaları ilə bağlı məsələyə baxılmasını təklif edirəm”.

 

Reyting.az saytı xəbər verir ki, Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, qanunvericilikdə bu məsələ nəzərdə tutulub, amma problem bir daha araşdırılacaq.

Millət vəkili Qənirə Paşayeva da həmkarının fikirlərini dəstək verib.

"Əgər bu ödəniş haqqı ləğv olunubsa, o zaman universitetlər buna əməl etmir. Çünki bu yaxınlarda bir neçə universitetin tələbəsi mənim yanıma gələrək onlardan təhsil haqqı tələb edildiyini bildirdi. Bunlar Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idilər”.

 

Tələbələrlə bağlı problemlərə digər millət vəkilləri də toxunublar.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyib ki, istər Tibb fakültəsi, istərsə də digər ixtisaslarda beynəlxalq təcrübəni hər zaman tətbiq etməliyik.

Deputat Xaricdə Təhsil üzrə Dövlət Proqramının dayandırılmasına da müsbət yanaşmır. Onun sözlərinə görə, bu qərar ölkənin elm və təhsilinə, eləcə də insan kapitalına xeyir gətirməyəcək.

 

M.Quliyev söyləyib ki, tibb sahəsi də daxil olmaqla mühüm strateji ixtisaslar üzrə azərbaycanlı gənclərin xaricdə təhsil proqramı bərpa olunmalıdır: 

"Azərbaycanlı gənclərin xaricdə tibb və digər sahələrdə təhsil almasını hökumət təmin etməlidir. Gənclərin xaricdə təhsil alması üçün dövlət tərəfindən hər cür təminat həyata keçirilməlidir.

Bu gün müəyyən maddi çətinliklər ucbatından Xaricdə Təhsil üzrə Dövlət Proqramı dayandırılıb. Amma mən hesab edirəm ki, maddi çətinlik üzündən bu proqramın dayandırılması səhv addımdır və istənilən halda doğru hesab edilə bilməz. Azərbaycanın layiqli, savadlı və qabiliyyətli övladlarının xaricdə təhsil alması üçün hökumət istənilən dəstəyi göstərməlidir”. 

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev də tələbələrlə bağlı məsələyə laqeyd qalmayıb.

"Biz 2016-cı ildə təhsil almaq üçün xaricə tələbə göndərə bilmədik. Amma Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır”,-deyən Q.Həsənquliyev qeyd edib ki, xaricdə təhsil üçün yeni və uzunmüddətli qanun layihəsi hazırlanaraq qəbul edilməlidir:

"Hesab edirəm ki, biz yeni bir qanun qəbul edərək, yaxın 10 il ərzində xaricə tələbələr göndərməliyik. Əvvəlki illərdən fərqli olaraq, bu yeni qanunla hərbi, müdafiə, hümanitar, hüquq və digər ixtisaslar üzrə gənclərin xaricdə təhsilini təmin etməliyik. Azərbaycanın yüksək ixtisaslı hümanitar və xüsusilə dünya dillərini bilən hüquqşünaslara ehtiyacı var. Hesab edirəm ki, parlamentin Elm və Təhsil Komitəsi tez bir zamanda bu barədə yeni qanun layihəsi hazırlamalı və sənəd parlamentin payız sessiyasında qəbul edilməlidir. 2017-ci ildən xaricdə azərbaycanlı tələbələrin təhsilini bərpa etməliyik”.

 





Bölməyə aid digər xəbərlər