09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Azərbaycanın bank sektoru iflasa uğrayır
Tarix: 03-10-2016 12:28 | Bölmə: Slayd


Son iki il ərzindəölkədə yaranan iqtisadi böhran bank sektoruna ciddi təhlükə yaradıb. Milli valyutanın iki dəfədən artıq dəyər itirməsi, dollarla olan kreditlərin ödənişində yaranan ciddi problem vəziyyəti daha kritik həddə çatdırıb. Ötən dövr ərzində 10-dan çox bank fəaliyyətini dayandırıb.

Ötən həftə daha bir iri bank bağlandı. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası 1 oktyabr tarixindən "Bank Standart"ın lisenziyasının ləğvi ilə bağlı qərar verdi.

Direktorlar Şurasının sədri Rüfət Aslanlı qərarı belə əsaslandırıb: "Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçılıq təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib".

İqtisadçı-ekspert Samir Əliyev "Bank Standard"ın bağlanması iləbağlı "Reytinq"ədeyib ki, bu bankı son illər bağlanan ən böyük bank saymaq olar:

"Depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb. Əlbəttə, 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək. Həmin vəsaitlər hər bir halda dollara çevrilərək ya banklara, ya da yastıq altına yönələcək. Bu da dollara olan tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir".

Ekspert əlavə edib ki, "Bank Standard" bağlanacaq sonuncu bank deyil: "Bu bankı devalvasiyadan sonra bağlanan 13-cü bank da saymaq olar. Proses davam edəcək. Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşəcəyigözlənilir".

İqtisadçı-ekspert Rövşən Ağayev isə bildirib ki, lisenziyası ləğv olunan "Bank Standart"ınəmanətçilərə ödəyəcəyi 450 milyon manata yaxın vəsaiti də Mərkəzi Bank verəcək. Çünki Fondun özünün vəsaiti tam tükənib:

"Bundan əvvəl bağlanan 10-dək bankın da qorunan depozitləri üçün Fonda 200 milyon manata yaxın vəsait ödənmişdi.Əlavə olaraq, Beynəxalq Bankın problemi aktivlərinin təmizlənməsi üçün Mərkəzi Bank hökumətə 6 milyard manata yaxın borc yönəldir. Hökumət bu pulu Mərkəzi Banka 2040-cı ildə qaytarmalıdır".

R.Ağayevin sözlərinə görə, təkcə 2 il ərzində Mərkəzi Bank tərəfindən bank sektorunun bataqlıqdan çıxarılmasına 7 milyard manata yaxın kredit yönəldilir:

"Əlavə olaraq, iri dövlət şirkətlərinə (AZAL, SOCAR) 2 milyard manatdan çox dövlət zəmanəti ilə kredit ayrılıb.

Mərkəzi Bank çap maşınını işə salıb çox sürətlə və böyük həcmdə - bir tərəfdən dövlət şirkətlərinə, bir tərəfdən də bank sektoruna borc pullar paylayır. Dünyada Mərkəzi banklar kredit emissiyası vasitəsilə iqtisadiyyatı stimullaşdırır, emissiya olunan hər dollar vəsait real sektorda ən azı 4-5 dollar yeni pul yaradır. Bizdə isə, Mərkəzi Bank təmizləyici suvuran maşın kimi səmərəsiz və yanlış idarəetmənin yaratdığı problemli aktivləri təmizləmək funksiyasını yerinə yetirir. Mərkəzi Bankın kredit emissiyası nəinki dəyər yaratmır, əksinə, bazarda xarici valyutaya çevrilməklə ölkənin valyuta sisteminin altında minaya çevrilir".

Şura sədri R.Aslanlı isə bankda qorunan əmanətlərdən də danışıb: "Banka müvəqqəti inzibatçı təyin edilib. "Bank Standart"Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankda qorunan əmanətlərin böyük əksəriyyəti xarici valyutadadır. Qorunan əmanətlər əhaliyə tez bir zamanda ödəniləcək. Əmanətçilər bu barədə narahat olmasınlar. Ən geci iki həftə ərzində qorunan əmanətləri kompensasiya edə bilirik.

Bankın 520 milyon manat əmanəti var. 460 milyon manatı qorunan əmanətdir. Bütövlükdə fiziki hesaba malik olan şəxslərin sayı 260 mindən artıqdır. Bunların da 40 minə yaxın əmanət hesabı var".

Onu da nəzərə çatdıraq ki, Mərkəzi Bank bağlanan bankların borcunu qaytarmaq üçün Əmanətlərin Sığortalanması Fonduna kredit ayırıb. Amma ekspertlər bunu da çıxış yolu saymırlar. İqtisadçı Natiq Əliyevin fikrincə, Əmanətlərin Sığortalanması Fonduna ayrılan vəsait bəri başdan ölmüş puldur:

"Tutalım, Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna 450 milyon manat kredit verdi ki, get, "Bank Standart"ın əmanət borcunu qaytar, Fond da pulu Mərkəzi Bankdan aldı, payladı camaata, bəs yaxşı, sonra Fond hardan pul tapıb, borcunu qaytaracaq?! Kredit alan təşkilat o vəsaitləheç bir əlavə əməliyyat edib, pul qazanmırsa, ancaq aldığı krediti paylayacaqsa, borcunu necə qaytaracaq?! Deməli, Mərkəzi Bankın pulu batacaq, onsuz da Mərkəzi Bankın ehtiyatları, 20 il yaxşı məhəllədə "JEK" müdiri işləyən daydayının pulundan azdır, bəs sonra Elman müəllim nə edəcək?! Yenə manatın başına "0,31" oyunu açacaq ki, ehtiyatlarını qorusun?! Yəni, hökumətin iqtisadi sektora nəzarət edən qurumları vəziyyətin ciddiliyni anlamırlar, ya da önləyici tədbirlər görə bilmirlər".

Reyting.az





Bölməyə aid digər xəbərlər