











Tarix: 05-10-2016 12:26 | Bölmə: Slayd
Son illər əhalinin əsas problemlərindən biri də evlərin sənədləşdirilməsidir. Daha doğrusu, bəzi vətəndaşlar sənədsiz evlərini qeydiyyata aldırmaq istədikdə süründürməçiliklə üzləşirdilər.
Artıq sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı daha bir qarar verilib. Belə ki, hündürlüyü 12 metrədək olan yaşayış evləri dövlət qeydiyyatına alınacaq. Torpaq üzərində mülkiyyət hüququ olanlar orada tikdirdikləri evi asanlıqla sənədləşdirə biləcəklər. Bir müddət əvvəl Milli Məclisdə - komitə səviyyəsində müvafiq qanuna dəyişikliklər edilib.
Amma bir sıra istisnalar da var. Sənədsiz tikililərin qeydiyyatı ilə bağlı mühüm qərar qəbul edilə bilər.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna dəyişikliklər təklif edilir. Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi tərəfindən irəli sürülən yenilik tikililərin sənədləşməsi ilə bağlı çətinliklərə son qoya bilər. Müşahidələr göstərir ki, paytaxt Bakıda, xüsusilə ətraf qəsəbə və kəndlərdə torpağa dair mülkiyyət sənədləri olan, amma evə dair sənədləri qaydasında olmayan xeyli ev var. Təklifin verilməsində də məqsəd evlərin qeydiyyat prosedurunu daha da sadələşdirməkdir”.
Tanınmış hüquqşünas, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki, sənədsiz evlərin leqallaşdırılması, yəni dövlət tərəfindən qeydiyyata alınması məsələsi referendumdan sonra əhalinin rahatlığı üçün dövlət tərəfindən atılan ilk addımlardandır.
İlqar Altayın sözlərinə görə, bu məsələnin Milli Məclis səviyyəsində gündəmə çıxarılması bu işin ciddiliyinə, vacibliyinə dəlalət edir: "Konstitusiya dəyişiklikləri, gözlənildiyi kimi, əsasən ölkədə ciddi islahatların və yeni əsaslı inkişafın başlanğıcı üçün nəzərdə tutulub. Əhalinin xeyli hissəsinin yaşayışı və rifahını əhatə edən, etdiyi qədər də narahat edən sənədsiz evlərin qeydiyyatı məsələsidir. Bu məsələ neçə illərdir ki, əhali-hökumət arasında ciddi və müşkül problem kimi həll edilməmiş qalırdı. Bu problem içində olan on və bəlkə də yüz minlərlə vətəndaşların narazılığı, qanunsuz, qeyri-leqal evlərin rəsmiləşməməsindən yaranan sosial, əmlak, iqtisadi, hüquqi problemlər qalırdı. Və bu yaşayış evləri, onların sakinləri ilə qarşılıqlı mübadilədə dövlət orqanlarının da qarşılaşdığı problemlər yığılıb qalırdı. Müşküllük nədə idi?
Bir tərəfdə özbaşına tikilmiş bu evlərin dövlətin tikinti qaydalarına və standartlarına uyğun gəlməməsi dururdu. Özbaşına tikilən ev əslində kiçik problem deyil və ev sahibləri, sıravi əhali üçün hiss edilə biməyən dərəcədə təhlükəsizlik, qaydasızlıq və s. kimi problemlər yarada bilir.
Təxminən öz bildiyin kimi həyətdə bir avtomaşın quraşdırıb şəhərə çıxarıb sürmək qədər də, şəhər-qəsəbədə qaydasız ev tikmək problem yaradır. Necə ki, bilmirsən hərəkət vaxtı həmin qurama maşının harası qopub, əyri qalıb qəza yaradacaq.
Eləcə də özbaşına tikilən evin möhkəmliyi, qaz, işıq, su və s. kimi kommunikasiyaların düzgün quraşdırılmamasının gələcəkdə qəza, problem yaratması məsələsi var. Hələ üstəlik, yaşayış evinin yerləşməsi, şəhər-küçə qaydalarına uyğunluq məsələsi də var. Bu da Bakı və digər şəhərlərdə, hətta qəsəbələrdə də küçələrin, prospektlərin qaydalı düzülüşünə problem yaradır. Bununla bağlı bütün problemlər sonradan rəsmi orqanların üzərinə məsuliyyət qoyur".
Hüquqşünas deyib ki, burada insan amili də ön planda dayanır. Onun fikrincə, insanlar hər nə yollasa qanuni torpağının üzərində qanunsuz ev tikib, dövlətin, şəhərsalmanın qaydalarına riayət etməyib: "Amma ailəsi-uşağı, qocası-xəstəsi bu evin içində yaşayır. Başqa qalacaq yerləri də yoxdur. Bütün yaşayış ümidini bu evə bağlayıb və bunsuz küçədə qalar bilər. Özü də bu hal bir deyil, iki deyil, ölkədə minlərlə və bəlkə də onminlərlədir. Dövlətin də, təbii ki, bu qanunsuz evləri uçurub, həmin çoxsaylı insanlara dərhal yeni ev vermək imkanı yoxdur. Beləliklə, bu məsələ dövlət-əhali arasındakı müşkül problemə dönür, dalana dirənir. Təbii ki, vəziyyətdən çıxış yolu - bir təhər orta məxrəc tapmaq və maksimum dərəcədə güzəşt etməkdir. İstisnalı addımlar atıb, tikinti qaydalarına azacıq belə uyğunluğu olan, ciddi təhlükələr törətmə potensialı olmayan evlərin sənədləşdirilməsinə imkan yaratmaqdır. Bununla da, uzun illər yaşanan tikinti-yaşayış qaydasızlığı ölkədə aradan qaldırılmış olur. Minlərlə yaşayış evlərinin və onun içindəki insanların hüquqi rəsmiləşməsi, dövlət orqanlarının həmin ünvanları rəsmi tanıyıb lazımi mübadilələr apara bilməsi baş tutur".
O ki qaldı leqallaşmanın hansı hündürlükdə, ölçüdə və yaxud zamanda tikilmiş evlərə aid edilməsinə, İ.Altayın fikrincə, elə götürülməlidir ki, haqq-ədalət prinsipi işləsin. Həm əhalinin yaşayış hüququ, həm də dövlətin güzəşt imkanı, mümkünlüyü nəzərə alınsın: "Burada bir məsələ var ki, illərlə üst-üstə yığılmış bu problemin həllindəki güzəştli istisnadan daha yeni tikinti pozuntuları yaratmaq üçün yararlanmağa yol verməmək. Rəsmi orqanlar bundan sonrakı, dövlətlə razılaşdırılmamış tikintilərə qətiyyən imkan verməməlidirlər. Çünki indiki yığılmış qanunsuz və icazəsiz evlərin güzəştli rəsmiləşdirilməsi dövlət və onun orqanları üçün böyük çətinliklər hesabına başa gəlir. Məsələn, razılaşdırılmamış, dövlət qeydiyyatına alınmış evdə təhlükəsizlik standartlarına uyğunsuzluq ucbatından qəza oldu. Buna kim cavab verəcək? Fövqəladə hallar orqanından bunun məsuliyyətini necə tələb etmək olacaq ki, onun təhlükəsizlik tələblərinə uyğun aparılmayıb bu tikinti? Məsələn, elə yerdə yöndəmsiz tikinti aparıb ki, sabah yanğın olsa ora yanğınsöndürən maşın girəbilmir. Elektrik, qaz, su xətlərini düzgün çəkməyib və hər zaman qəza mənbəyi kimi qalır. Və dövlət indiki bu rəsmiləşmə ilə bütün bu riski, məsuliyyəti üzərinə götürür. Yoxsa sənəd verməyə nə var ki, çoxdan hərəyə bir kupça yazıb vermişdilər. Bunun sonrası var axı. Olmazmı vaxtında sivil qaydada tikilsin bu ev? Bu mənada yeni, daha bir dalğa, yenidən minlərlə evlərin qaydasız tikilməsi və sonradan bunların da məcburiyyətdən bir təhər rəsmiləşdirilməsi problemi dövləti hətta çıxılmaz vəziyyətə sala bilər".
İ.Altay hesab edir ki, bu məsələylə bağlı qanunvericilik sərtləşməlidir. Ekspertin sözlərinə görə, yaxşı olar ki, Milli Məclis bu məsələyə də paralel baxsın: "İcazəsiz tikililərin sənədləşməsi barədə qanunlarda yumşaldıcı dəyişiklərlə birlikdə, bundan sonra qanunsuz-icazəsiz tikinti aparmağa qarşı sərtləşdirici dəyişikliklər edilməlidir. Qanunsuz tikili aparan fiziki-hüquqi şəxslər və həm də buna şərait yaradan aidiyyətli məmur və rəsmilər üzərinə cinayət tərkibli sərt cəza məsuliyyəti qoyula bilsin. Hesab edirəm ki, bu problemi həll etməyin vaxtı çatıb. Odur ki, mən heç şübhə etmirəm ki, bu məsələ bu dəfə həllini tapacaq. Ümumiyyətlə, istər ev-ailə olsun, istərsə də ölkə olsun, səliqəsizlik, qaydasızlıq inkişafı dayandıran amildir. Odur ki, bizim də yüksək inkişafımız vəmüsbət tanınmamız üçün tikinti məsələsinə də ciddi yanaşmamız lazımdır".
Reyting.az
Bölməyə aid digər xəbərlər