











Tarix: 05-10-2016 14:57 | Bölmə: Slayd
Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) proqnozlaşdırılır. Bu isə gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunacağını göstərir.
Qeyd edək ki, 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrə görə yaran biləcək risklərdən qorunmaq məqsədilə büdcə göstəriciləri üç ssenari üzrə - pessimist (35 dollar), baza (40 dollar) vəoptimist (45 dollar) - proqnozlaşdırılıb.
Xam neftin qiymətinin büdcəyə təsiri ARDNF-in büdcəyə transfertləri ilə yanaşı, SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin büdcəyə ödədiyi mənfəət vergisidir. Cəmi dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 45 faiz olan ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi xam neftin qiymətindən asılı deyil və ölkəmizin neft gəlirlərinin Fondda toplanmasının da əsas məqsədlərindən biri məhz dövlət büdcəsini neft qiymətlərinin dəyişməsi ilə bağlı yarana biləcək risklərdən qorumaqdır.
Xam neftin qiyməti 5 dollaradək aşağı düşəcəyi təqdirdə dövlət büdcəsi gəlirlərinin 10 faizini təşkil edən SOCAR-ın və ABƏŞ-in mənfəət vergisinin orta hesabla 106,7 mln. manat azalması dövlət büdcəsinin gəlirlərini cəmi 0,6 faiz azaldacaq.
İcmal büdcənin neftin qiymətindən asılı əsas göstəriciləri dövlət büdcəsinin və ARDNF-in gəlirləridir. Yuxarıdakı göstəricilərin təhlili göstərir ki, xam neftin 1 barrelinin qiyməti 1 dollar azalarsa dövlət büdcəsinin gəlirləri 41,6 mln. manat azalacaq. Ən pis ssenari baş tutacağıhalda belə, dövlət büdcəsinin kəsirinin ÜDM-də xüsusi çəkisinin 1,8 faiz olacağı gözlənilir ki, bu da məqbul sayılır.
ARDNF-in gəlirləri və xam neftin qiyməti arasındakı əlaqənin təhlili göstərir ki, xam neftin 1 barrelinin qiymətinin 1 dollar azalması ARDNF-in gəlirlərini təxminən 292 mln. manat azaldacaq ki, bu da cəmi icmal büdcə gəlirlərinin 1,4 faizini təşkil edir.
Amma iqtisadçı ekspertlər gələn ilin büdcəsi ilə bağlı bədbin fikirdədirlər. İqtisadçıların fikirlərindən o qənatə gəlmək olar ki, qarşıdakı ildə ölkədə iqtisadi vəziyyət ağır olacaq. Xüsusən də əhalinin kasıb təbəqəsi, eləcə də büdcə təşkilatlarında çalışanlar maddi sıxıntı ilə üzləşə bilərlər.
Ölkəmizə investisiya qoyuluşu azalacaq
Tanınmış iqtisadçı Nemət Əliyev Reyting.az-a deyib ki, növbəti ilin dövlət büdcəsində hökumət investisiya xərclərini daha 1,1 milyard manat ixtisar edəcək. Yəni, cəmi 1,9 milyard manat əsaslı vəsait qoyuluşu planlaşdırılır ki, bu da cari ilin büdcəsi ilə müqayisədə 38 faiz, ötən ilin büdcəsi ilə müqayisədə 73 faiz azdır.
N.Əliyev iddia edir ki, tikinti sektorunda vəziyyət gələn il də düzəlməyəcək. Hökumətin investisiyalara bu cür münasibəti isə həm yerli, həm də xarici investorlara mənfi təsir göstərəcək: "Odur ki, 2017-ci ildə ölkəmizə ümumi investisiya qoyuluşunun azalacağı çox realdır. Manatın alıcılıq qabiliyyətini də bura əlavə etsək, bu sahədə vəziyyətin ürəkaçan olmadığı üzə çıxar. İnvestisiyalar azalacaqsa, iqtisadi inkişafa ümid bağlamaq əbəsdir".
N.Əliyev qeyd edib ki, gələn ilin müdafiə xərcləri 27,5 faiz, sosial müdafiə və sosial təminat xərcləri 21,5 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 30,5 faiz, mənzil və kommunal təsərrüfat xərcləri 32 faiz azaldılacaq. Ümumi xərclərin azalması ilə "tələb" amili daha da zəifləyəcək ki, bu da yerli istehsalı geri salacaq.
Əhalinin sosail vəziyyəti gərginləşəcək
Ekspert büdcə layihəsinə əsaslanaraq nəzərə çatdırıb ki, qarşıdan gələn dönəm əhali üçün ağır olacaq. Yəni, insanların gəlirlərinə təsir edəcək sahələrə ayırmaların azalması kritik vəziyyət yarada bilər:
"Ölkə iqtisadiyyatına daha bir təhlükə investisiya xərcləri ilə bağlıdır. Çünki 2015-ci ilin büdcəsində 6.9 milyard investisiya xərcləri nəzərdə tutulmuşdu. Bu ilin büdcəsində 2.5 dəfə kiçildildi və 3 milyarda salındı. Həmin o 3 milyardın özü də icra olunmayıb. Əgər investisiya xərcləri üzrə səkkiz aylıq dövrdə 3 milyardın icra qrafikinə baxsaq görərik ki, onun 50 faizə qədəri icra olunmayıb.
İlin səkkiz ayı arxada qalıb. Amma 3 milyarddan 926 milyon manat xərclənib. İnvestisiya xərclərinin kəskin şəkildə ixtisar olunması perspektivlə bağlı müsbət heç nə vəd etmir. Bu, iqtisadi fəallığı əhəmiyyətli dərəcədə zəiflədir. İqtisadi fəallığın zəifləməsi isə iş yerlərinin itirilməsinə, maaşların gecikməsinə səbəb olur. Bu da bütövlükdə əhalinin sosial, ölkənin isə iqtisadi vəziyyətinin ağırlaşması ilə nəticələnir. Təbii ki, bu da sosail vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq".
Təhsil xərcləri 20 faizə qədər bahalaşacaq
İqtisadçı-alim Qubad
İbadoğlu isə bildirib ki, 2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, təhsil xərclərində 20 faizə qədər bahalaşma planlaşdırılır. Ekspertin
sözlərinə görə, belə bir qənaətə "Azərbaycan Respublikasının 2017-ci il
dövlət
büdcəsi
haqqında" Qanun layihəsinə əsasən gəlib: "Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15,9 milyard manat, xərcləri 16,6 mlrd. manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalarda bu illə müqayisədə gələn il yalnız 1 milyon manat artım
planlaşdırılıb.
Növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarların və istehlakçıların üzərinə düşəcək.
Növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədən daxilolmalarda 48 milyon manat artım proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il təhsil xərcləri 20 faizə qədər bahalaşacaq".
İqtisadi aktivlik quyunun dibinə düşəcək
Real Hərəkatının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli də gələn ilin büdcə layihəsinə şərh verərkən deyib ki, gələn il vəziyyət çox ağır olacaq:
"Birinci, Sosial müdafiə ilə bağlı xərclər 20 faiz azaldılır, deməli, maaş və təqaüdlər də artmayacaq, maksimum, bu ilin rəsmi inflyasiya rəqəmi qədər indeksləşdiriləcək.
İkinci, Səhiyyə xərcləri 6,5 faizdən çox azalacaq.
Üçüncü, investisiya xərclərində ciddi azalma var, bu illə müqayisədə bu yöndə xərclər 38 faiz azalacaq.
Sonuncu məsələyə xüsusi diqqət cəlb etmək istəyirəm, son illərdə bərqərar olmuş primitiv iqtisadi modelimizdə büdcə-investisiya xərcləri iqtisadi aktivliyin əsas hərəkətverici qüvvəsi idi, obrazlı desək: Dövlət bir obyekt tikirdi (ya təmir edirdi), tenderi özlərinə yaxın şirkətlər udsalar da, orada çalışanlar maaş alır, həmin obyektədaş, qum, çınqıl daşıyan sürücü qazanır (sürücü timsalında modeli anlatmağa çalışacağam), həmin sürücünün daşı, qumu, çınqılı aldığı karyerlər qazanır, karyerlərdə işləyən fəhlələr qazanır, karyerin yanında balaca kafedə yüklənmə zamanı sürücü çay içir, yemək yeyirdi, onlar qazanırdılar, yolda təkər buraxırdı, təkəryamayan qazanırdı, YPX və ya Nəqliyyata Nəzarət işçiləri onu saxlayıb 5 manat alır-qazanırdılar, həmin sürücü bir reysdən qazandığı 30 manata ailəsinə ərzaq alırdı, dükan qazanırdı, dükan qazananda satıcıya maaş verirdi, məktəbə 3 manat süpürgə pulu göndərirdi, müəllim də qazanırdı, banka krediti var idi, o puldan gündə 5 manat kreditə ayırırdı, bank da qazanırdı, işçilərinə maaş verirdi - bütün bu obyektlər isə qazanaraq vergi verirdi - büdcə də qazanırdı. İndi məhz bu sxem dağılıb, bu primitiv model çöküb, ona görə də iqtisadi aktivlik dibə vurub. Gələn il də 38 faiz belə xərclərin azalması, iqtisadi aktivliyi quyunun lap dibinə salacaq".
Mərkəzi Bank əhali arasında panika yaradır
Büdcə layihəsinin ictimailəşməsindən sonra maliyyə bazarı ilə bağlı narahatedici məqamlar da ortaya çıxdı. Mərkəzi Bankın məlumatınaa görə, 2016-cı il avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 843 milyon manat təşkil edib. Əmanətlərin 80,8 faizi xarici, 19,2 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76,6 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.
Bu barədə fikirlərini bildirən Natiq Cəfərli deyib ki, hökumətin və Mərkəzi Bankın atdığı addımlar əhali arasında ciddi panika yaradır. Onun sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində vətəndaşlar banklardan 800 mln. manat depozitini çəkib, son zamanlar bankların bağlanması panikanı daha da artırıb: "Hökumət əhali ilə danışmır, danışa bilmir, heç nəyi normal izah edə bilmir, əhali isə onsuz da məmurların dediklərinə inanmırlar və beləcə, bütün bank-maliyyə sektoru ciddi basqı altındadır.
Problemli kreditlərin həcmi ilin əvvəlindən 2 dəfə artıb, banklar verdikləri kreditləri toplaya bilmir, yeni kredit xətləri açılmır, bütün banklar gələcəklərindən inamsız şəkildə batmağa doğru gedirlər. Mərkəzi Bankın bu günə olan ehtiyatları bütün depozitlərin geri qaytarılmasına belə çatmayacaq səviyyədədir, batan, bağlanan bankların aktivləri isə ya şişirdilib, ya da daşınmaz əmlak şəklində olan aktivlərin bu gün müştərisi yoxdur ki, satıb nəğd vəsait əldə edib, camaatın pulunu qaytarsınlar. Bu vəziyyətdən çıxış yolu ancaq bank sektorunun ciddi açılması, iri, nüfuzlu xarici bankların birbaşa bazara daxil olmaları üçün şəraitin yaradılmasıdır. İri xarici banklar isə ÜTT-yəüzv olmayan, məhkəmə sistemi, mülkiyyət toxunulmazlığı bərbad olan ölkələrə gəlmirlər.
Bundan başqa, iri xarici banklar birbaşa bazara daxil olsalar, yerli "oliqarxiq" bank sistemi rəqabətə davam gətirməyəcək, çünki, bizdə bank sistemi primitiv modellə işləyib:
Manatın sabit və bahalı olduğu dövrlərdə xaricdən 3-4 faizlə kredit alıb, onu əhaliyə 20-30 faizə satmaqla məşğul olublar, banklar adi kredit təşkilatları kimi işləyiblər, nə yatırım portfelləri olub, nə özəl yatırım fondları yaradıblar, nə də ciddi əməliyyatlarda payçı olublar - sadəcə, seyf və borc verən qurum kimi fəaliyyət göstəriblər. Bu gün bütün bank sistemi onun acısını çəkir, primitiv iqtisadi modelin banklarda əksinin ağrısını yaşayır".
N.Cəfərli sonda qeyd edib ki, maliyyə-bank sahəsi bütün ölkələrdə iqtisadiyyatın "qan-damar" sistemini təşkil etsə də, ölkəmizdə bu "damarlar" tutulub, "qan" işləmir, tibbdən də məlumdur ki, damarlarda tixac olanda, qan işləməyəndə pasient ölür: "Yəni, maliyyə bazarının belə bir durumu və büdcə layihəsini göz önümüzdə birləşdirsək, vəziyyətin kritik olacağını görməmək mümkün deyil".
Reyting.az
Bölməyə aid digər xəbərlər