09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Yanlış iqtisadi idarəetmə ölkədə böhranı dərinləşdirir
Tarix: 10-10-2016 14:07 | Bölmə: Slayd


Artıq iki ilə yaxındır ki, Azərbaycanda iqtisadi böhran yaranıb. Milli valyutanın dəyərdən düşməsi, iş yerlərinin bağlanması, bank-maliyyə sektorunda ciddi problemlərin yaranması insanların maddi vəziyyətini daha da ağırlaşdırır.

Hökumət vəziyyətdən çıxış yolları arasa da, hələ də ortada ciddi nəticə yoxdur. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da mövcud vəziyyət və qarşıdakı dövr barədə çıxış edərək, müvafiq tapşırıqlar verib.

 

Ölkə başçısı yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın minimuma endirilməsi üçün konkret təkliflər irəli sürüb:

"Yeni üzüm bağları salınır, dinamika müsbətdir. Ancaq burada dövlət dəstəyi daha güclü olmalı, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də valyuta gətirən sahədir.

Bizim üçün ənənəvi sahələrdən biri də üzümçülükdür. Sovet vaxtında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bağların çoxu əfsuslar olsun ki, qırılıb.

Mənə verilən məlumata görə, bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton - 2 milyon ton üzüm yığılırdı.

Biz üzümçülüyü mütləq şərabçılıq ilə bağlamalıyıq. Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. Bildiyimə görə, indi biz heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün.

Eyni sözlər tütünçülüyə dəşamil edilir. Bizim əhali nə qədər az siqaret çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə büdcələrinə xeyri olacaq. Ancaq tütünçülüyün inkişafı bizə çox böyük imkanlar yaradacaq.

Ən çox valyuta xərclənən istiqamətlər taxıldır, siqaretdir, xam şəkərdir və kərə yağıdır. Ona görə də yerli istehsalı artırmalı və ixracı təmin etməliyik".

Çıxışdan da görünür ki, dövlət başçısı müxtəlif sahələrin inkişaf etdirilməsi ilə bağlı hədəfləri müəyyənləşdirib. Təbii ki, qısa müddətdə qeyd olunan hədəflərə çatmaq çətindir.

İqtisadçı ekspertlərlə apardığımız müzakirələr də yaxın gələcəkdə ölkəni düşdüyü ağır iqtisadi durumdan çıxa biləcəyinə inam yaratmır.

"Vergi güzəştləri tətbiq edilməlidir"


İqtisadçı ekspert Məhəmməd Talıblı "Reytinq” qəzetinə deyib ki, yerli istehsal həvəslə və tələsik tədbirlər hesabına kiçik bir zaman kəsiyində baş tutan iş deyil. Onun sözlərinə görə, bu, sitemli fəaliyyət, iqtisadi qurumların qarşılıqlı koordinasiyası və güclü iradə hesabına davamlı islahat proqramı sayəsində baş tuta bilər:

"Yerli istehsalın artımı təkcə ölkəyə idxal olunan məhsulların rüsum qiymətlərinin artırılması və ya milli istehsalı xarici rəqabətdən qorumaq üçün fiskal siyasətlə bağlı deyil. Bir tərəfdən biznesi maliyyə baxımından qidalandıran kanallar genişlənməlidir. Dövlət büdcəsi, büdcədənkənar fondlar, kommerasiya banklarının aşağı faizli kredit resursları ilə təminat, beynəlxalq maliyyə qurumları ilə faydalı əməkdaşlıq mexanimzləri hesabına biznesə əlavə nəfəs verməyə böyük ehtiyac var. Xüsusuilə vergi sahəsində güzəştlər tətbiq edilməlidir".

"2-3 il ərzində vəziyyət daha dramatik olacaq"

M.Talıblının sözlərinə görə, maliyyə-sığorta şərtlərinin əlverişli olma imkanları da artırılmalıdır: "Çoxvektorlu istiqamətlər hesabına ən effektiv siyasət yürüdülsə belə, yenə 2-3 il gözləməklə yerli istehsal imkanlarını artırmaq olar. Amma mən hazırkı durumda bunun əksi olacaq ssenarini daha çox ehtimal edirəm. 2-3 il ərzində vəziyyət nəinki yaxşılaşacaq, əksinə, daha da dramatik hal alacaq".

"…hər ay 25 mindən çox ailə üzvünün dolanışığı pisləşir”


Tanınmış iqtisadçı-alim Qubad İbadoğlu isə deyib ki, Nazirlər Kabinetinin 2016-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına vəqarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışları dinləyib və müəyyən nəticələrə gəlib. İqtisadçının qənaətincə, başlıca məqsədi ölkədə makroiqtisadi durumu dəyərləndirmək olan çıxışlarda yalnız sənaye və kənd təsərrüfatındakı müsbət artımı ifadə edən göstəricilərdən başqa heç bir məlumat səslənmədi: "Cari ilin 9 ayının yekununu xarakterizə edən ümumi daxili məhsula (ÜDM) belə istinad olunmadı, onun tənəzzülündən danışılmadı, dollarla ifadə olunan nominal ÜDM-in nədən 2014-cü ildə qeydə alınan 75 milyarddan bu ilin sonuna 35 milyard dollara enməsinin hesabı sorulmadı. Qeyri-neft ÜDM-nin sürətlə enişinin fəsadları da dəyərləndirilmədi.

121 min daimi iş yerinin açılması (inandırıcı olmasa da-Q.İ.), 36 min iş yerinin bağlanması qeyd olunsa da, nədən hər ay orta hesabla 6 min nəfərin iş yerini itirməsinin səbəbləri də təhlil olunmadı. Hətta rəsmi olaraq ayda 6 min nəfər iş yerini itirirsə, bu o deməkdir ki, hər ay 25 mindən çox ailə üzvünün dolanışığı pisləşir. Çünki ev təsərrüfatlarının əmək müayinəsi göstərir ki, ailələrinn böyük əksəriyyətində 1 nəfər işləyir. Baxmayaraq ki, bu hələ rəsmi rəqəmdir, gerçəklikdə qeyri-rəsmi olaraq daha çox iş yerləri bağlanıb və təəssüf ki, onun dinamikası müsbətdir".

İqtisadçı qeyd edib ki, müşavirədə gözləntilərin əskinə olaraq nə Baş nazir, nə iqtisadiyyat, nə də maliyyə naziri çıxış edib, hətta son zamanlar imzalanan fərman və sərəncamları da təqdir etmədilər. "Görünür onlar da yaxşı bilirlər ki, sistemsiz və əlaqəsiz atılan addımlar səmərə vermir. Hətta Mərkəzi Bankın sədri manatdan da danışmadı ki, investor və istehlakçıların gözləntiləri doğrulsun, onlar suallarına cavab tapsınlar. Eləbil ki, manatın dəyəri belə də olmalıymış və bu proses heç kimi narahat etmir".

"Ölkənin gələcəyi… texnologiyaların səmərəli tətbiqindən asılıdır”

Milli iqtisadiyyatla bağlı söhbətin əsasən iki mövzuda olduğunu xatırladan Q.İbadoğlu deyib ki, bunlar kənd təsərrüfatında ənənəvi təsərrüfatçılıq formalarının bərpası, heyvandarlığın inkişafı və turistlərin ölkəyə cəlbidir: "Bir sözlə, əsas məsələ ölkəyə valyuta gətirmək və ölkədən valyuta getməsinə yol verməmək... Tapşırıq belə oldu. Heç kəs demədi ki, bu, çıxış yolu deyil və tezliklə bu məqsədlərə nail olmaq mümkünsüzdür.

Ölkənin gələcəyi bilik iqtisadiyyatına keçiddən, innovasiyayönlü məhsul istehsalının təşkilindən, yəni təhsilin, elmin inkişafından və texnologiyaların səmərəli tətbiqindən asılıdır. Deyilmədi ki, biz ənənəvi bazarlara yalnız beyin məhsulları ilə çıxa bilərik. Yoxsa, kolxoz və sovxoz prinsipi ilə bütün torpaqları ekstensiv yolla əkməklə və mal-qaranın cinsini dəyişməklə iqtisadiyyatı inkişaf etdirmək olmaz. Bu, müasir iqtisadiyyatın inkişaf yolu deyil, ənənəvi təsərrüfatçılığın bərpası ilə biz irəli getməyəcəyik, ən yaxşı halda geriyə - ötən əsrin 60-80-ci illərinə qayıda bilərik. Beləliklə, bu müşavirədə yaranmış çoxsaylı suallara cavab vermək əvəzinə, yeni suallar yaratdı və eyni zamanda xalqa mesaj verdi ki, bu gününüzə də şükür edin, Allaha dua edin ki, kəndçiyə dəstək olsun. Çünki birdən yağmadı yağış, bitmədi qamış, bəs onda nə olacaq?",- deyə Q.İbadoğlu əlavə edib.

"İdarəçilik sistemimiz rəqabətə uyğun qurulmayıb"


Real Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli isə dövlət başçısının son çıxışında ölkədə fındıq, badam, pambıq və zeytun sahələrinin inkişafının önəmli olduğunu, şərabçılığın inkişaf etdiriləcəyi ilə bağlı fikirləri şərh edib. Bildirib ki, bu cür hədəflərin olması müsbət haldır, amma reallıq başqadır: "Bu sahələrın ciddi inkişafına (hər şey doğru ediləcəyinə şübhəm var-N.C) 5-7 il lazımdır, bəs bu zaman kəsimində ölkə nə ilə dolanacaq? Bu sahələrdə dünya bazarında ciddi rəqabət var, biz isə son 23 ildə rəqabəti tamam unutmuşuq, çünki satdığımız tək neft olub, onu da ingilis çıxarıb, daşıyıb, satıb, öz payını götürəndən sonra pulunu hökumətə verib, hökumət də xərcləyib. Yəni, idarəçilik sistemimiz rəqabət qaydalarına uyğun qurulmayıb".

N.Cəfərli deyib ki, sadalanan sahələrin hamısında tək dünyada deyil, elə bölgəmizdə də ciddi rəqiblərimiz var:

"Gürcülər 10 ildir şərabçılığı inkişaf etdirir, hələ indi ilə 250-300 mln. dollarlıq dünyaya şərab sata bilir. Dünyada bu bazar çox sıxdır. Məsələn, Çili cəmi 3 avroya Avropaya şərab satır və ya İspaniya mağazalarında 1,5 avroya yerli şərab var, biz bu rəqabətə dözə biləcəyikmi? Ciddi və cavabsız sualdır.

Fındıq, zeytun və badamda Türkiyə ilə rəqabət apara biləcəyikmi? Bu sualın cavabı yoxdur.

Pambıqçılığa ümid edirlər, bilirlərmi ki, Özbəkistan ilə 3,5 mln. (!!!) ton pampıq yığır, amma bunun büdcəyə gəliri cəmi 1,2 mlrd. dollardır?

Əsas problem heç saydıqlarım da deyil, əsas əngəl idarəçilik sisteminin köhnə və yararsız olmasıdır. Dövlət bütün sahələrdə əsas oyunçu olmağa çalışır. Amma bu, səhv və ziyanlı yoldur, nəticədə bu sahələrin inkişafına milyardlarla manat dövlət vəsaiti ayrılacaq, həmin vəsait korrupsiya və yararsız idarəetmə sistemində effektsiz xərclənəcək, ölkəyə heç bir xeyri olmayacaq".

N.Cəfərli sonda qeyd edib ki, dövlət iqtisadiyyatda əsas oyunçu olmaqdan vaz keçməli, ədalətli və rəqabətli biznes mühiti yaradıb, düşünülmüş və son məhsulun kəmiyyətinə, keyfiyyətinə hesablanmış təşviq proqramları təklif etməli, ağıllı vergi-gömrük siyasəti aparmalıdır. Sivil dünyanın uğur qazandığı yol budur, bundan başqa yol yoxdur.

Reyting.az





Bölməyə aid digər xəbərlər