











Tarix: 11-10-2016 15:40 | Bölmə: Slayd
Bir müddət əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron və Bakı şəhərləri daxil, 18 rayon üzrə torpaqların qanunazidd istifadəsi, heç bir sənəd olmadan hasarlanması ilə bağlı monitorinq və reydlər aparıb.
Təkcə Abşeron rayonunun Qobu və Saray qəsəbələrində keçirilən reydlər zamanı ümumilikdə 7 hektardan çox əkin və örüş sahələrində müxtəlif təyinatlı tikinti işlərinin aparıldığı aşkarlanıb. Məlum olub ki, Qobuda fiziki şəxslər tərəfindən belə ərazilərdə yaşayış kompleksi, beton zavodu və anbar tikilib. Saray qəsəbəsində isə örüş sahəsində fiziki şəxs tərəfindən avtoservis binasının tikintisi aparılıb.
Bakının Xəzər rayonunda da belə hallara rast gəlinib. Zirə və Türkan qəsəbələrində kənd təsərrüfatı təyinatlı ərazilərin təyinatının dəyişdirilməsi faktı aşkarlanıb. Ümumilikdə 100 hektara yaxın örüş sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin daş karxanaları müəyyən olunub. Üstəlik, 100 hektar torpaq sahəsinin sənədləşdirilmədiyi, heç bir sənəd olmadan 40 hektar sahənin özbaşına zəbt olunması faktı da aşkarlanıb.
Oxşar monitorinqlərin Xəzər dənizinin mühafizə zolaqlarında aparılması nəticəsində isə Hövsan və Türkan qəsəbələrinin dənizsahili zonalarında özbaşına hasarlamalar və sahilə gediş-gəlişin məhdudlaşdırılma halları üzə çıxıb.
Komitə bəyan edir ki, belə hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq, pozuntulara yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim olunub: "Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib".
Xatırladaq ki, müxtəlif dövrlərdə ölkə başçısı tərəfindən verilmiş müvafiq fərman və sərəncamlarla torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik sərtləşdirilib. Bununla bağlı cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib.
Reyting.az-ın əldə etdiyi məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi təkcə Bakı və Abşeronda deyil, ölkənin müxtəlif rayonlarında belə reydlər keçirib. Əksər rayon və şəhərlərdə qanun pozuntuları aşkarlanıb, onların orta ranqlı məmurlara məxsus olanları ilə bağlı yuxarıda qeyd edilən səviyyədə tədbirlər görülüb. Lakin daha yüksək vəzifəli məmurların zəbt etdiyi hektarlarla sahə ilə bağlı hər hansı tədbir görülməyib.
Abşeronun Qobu qəsəbəsində zəbt olunan ərazidə beton zavodu və ya anbar tikilməsi ilə bağlı ötəri bir məlumat verilsə də, komitə rəhbərliyi orada hektarlarla sahənin qanunsuz hasarlanmasına gözə yumub: "Ölkənin telekanal rəhbərindən tutmuş, digər nüfuzlu şəxsləri orada böyük sahələri zəbt ediblər. Ancaq komitə rəhbərliyi bunu cəmiyyətə açıqlamaqdan çəkinir və özlərinə problem yaratmaq istəmirlər".
Məlumata görə, komitə sədri Kərəm Həsənov indiki həssas məqamda hər bir icra başçısının arxasında kimin durduğunu əla bilir və bu səbəbdən də özünü qruplaşmaların zərbəsindən qorumaq üçün radikal addımlar ata bilmir: "Kərəm Həsənov ən yaxşı halda reydlər zamanı toplanan faktları sənədləşdirib, Prezident Administrasiyasına təqdim edə bilər ki, bunun da bütün faktları əhatə edəcəyinə inanmaq çətindir. Əks təqdirdə, komitə sədrinin özü barədə elə kompromatlar üzə çıxar ki, bu da onu ciddi problemlə üzləşdirər".
Məlumatlı şəxs deyib ki, K.Həsənovdan fərqli olaraq, bəzi yerli icra başçıları daha ötkəm davranırlar. Çox təəssüf ki, onlar da bu zaman dövlətin deyil, şəxsi maraqlarını güdürlər. Yəni, zəbt olunan torpaq sahələrinə görə bəzi sahibkar və məmurları təhdid edərək, şəxsi maraqlarını təmin etməyə çalışırlar.
Bölməyə aid digər xəbərlər