14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Əyani tədris yenidən məhdudlaşdırıla bilər
Tarix: 14-10-2021 13:49 | Bölmə: Slayd
Əyani tədris yenidən məhdudlaşdırıla bilər

“Koronavirusa yoluxma sayı tədris müəssisələrinin fəaliyyətinə birbaşa təsir göstərir. Əgər yoluxma halları artan tendensiyada davam edərsə, birmənalı şəkildə hərəkəti azaltmaq üçün məktəblərin fəaliyyəti məhdudlaşdırıla bilər”.

Bunu Reyting.az-a təhsil eksperti Kamran Əsədov deyib. K. Əsədov əlavə edib ki, əgər təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdə yoluxaraq valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant təhsilə keçməyin tərəfdarıdır: “Amma bu, tam şəkildə bütün təhsil müəssisələrinə yox, yalnız yoluxma halları baş verən məktəblərə şamil olunmalıdır. Yəni hansı məktəbdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır”.

Ekspert bildirib ki, tədris bərpa ediləndən sonra birmənalı şəkildə yoluxma hallarının olacağı və ümumi rəqəmlərin artacağı gözlənilən idi. Çünki tədris prosesində hər gün 2 milyon insan iştirak edir.


K. Əsədov

K. Əsədov təəssüflə qeyd edib ki, hazırda yoluxanlar arasında məktəblilər və müəllimlər də var: “22 sentyabrda tədris bərpa olunduqdan sonra çox sayda şagird və müəllim arasında yoluxma halları müşahidə olunub. Amma hazırki rəqəmlər təhlükəli və böyük deyil. Mövcud yoluxma hallarına görə bütün məktəblərin bağlanmasını effektiv saymıram. Biz, 2020-ci il 15 sentyabr açılışı və 2021-ci ilin 1 fevralda tədrisin bərpası ilə müqayisə edəndə, yoluxmaların say etibari ilə azaldığını görürük. Belə ki, 1 fevraldan dərslər bərpa olunduqdan sonra I-IX siniflər arasında 446 yoluxma faktı qeydə alınmışdı. Bundan başqa, orta məktəbdə çalışan 714 texniki və müəllim heyəti COVID-19-a yoluxma olmuşdu. Bu müddətdə 48 məktəbdə və əlavə 626 sinifdə yoluxma halları geniş yayıldığına görə distant təhsilə keçmişdilər. Eyni zamanda təkcə Bakı şəhərində I-IX siniflərdə oxuyan 26 568 şagird valideynin iltizam yazması ilə dərs prosesində ənənəvi iştirakdan imtina etmişdi”.

Ekspert diqqətə çatdırıb ki, məktəblərdə 1.6 milyon şagird, 150 min müəllim çalışır və bu, kütləvi hərəkəti özündə əks etdirir:

“Artıq 4 milyondan çox insan vaksinasiya olunub, təhsil sistemində çalışanların 90 faizindən çoxuna peyvənd vurulub. Amma əvvəlki tədrisin bərpasında vaksinasiya yox idi. Bundan başqa, onlayn dərslər şagirdlərdə fiziki, psixoloji problemlər yaradır. Tədrisdə yenidən qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Eyni zamanda onların qrafikləri ciddi şəkildə pozulacaq”.

K. Əsədov deyib ki, məktəb direktorları şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.

Onun sözlərinə görə, payız fəsli ilə bağlı mövsümi xəstəliklər də insanlarda narahatlıq yaradır. “Amma 2019-cu ildə təkcə 4-5 yaşlı uşaqların mövsümi infeksiyaya yoluxma sayına baxdıqda 2021-ci ildə ciddi artım görmürük. Belə ki, 2019-cu ilin payız mövsümündə 4-5 yaşlı uşaqlardan 33 897 nəfərdə qrip, yuxarı nəfəs yollarının kəskin infeksiyası, angina (kəskin tonzilit), bakterial dizenteriya kimi xəstəliklərə yoluxma halı olmuşdu. Son günlər məhz mövsümi xəstəliklərin baş verməsi insanlarda təşviş yaradıb”,- deyə ekspert əlavə edib.

Qeyd edək ki, sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir. Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub.

Reyting.az





Bölməyə aid digər xəbərlər