17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ermənistan müxalifəti Paşinyana məğlub olur - Deputatın şərhi
Tarix: 12-05-2022 14:25 | Bölmə: Slayd
Ermənistan müxalifəti Paşinyana məğlub olur

“Ermənistanda aksiyalar artan xətt üzrə getmir. Açığı, müxalifət iqtidarla bacarmadı. Baxmayaraq ki, Serj Sarksiyan və Robert Köçəryan özləri kölgəyə çəkilmişdi və irəliyə Vanetsyan ilə Saqatelyanı vermişdilər. Amma Ermənistan əhalisi bilir ki, dava yorğan davasıdır. Başqa sözlə, Serjik və Köçəryan Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla korrupsiya yolu ilə yığdıqları sərvətlərin müsadirəsindən canlarını xilas etmək istəyirlər. İnsanlar bunu bildiyindən müxalifətin aksiyasına kütləvi dəstək vermirlər”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı Rasim Musabəyov Ermənistandakı etiraz akasiyalarından danışarkən deyib.

Politoloq əlavə edib ki, ölkədə Baş nazir Nikol Paşinyana da rəğbət artmayıb: “Amma insanlar anlayır ki, bütün bu proseslərin arxasında Sarksiyan və Köçəryanın pulları dayanır. Bu şəxslərin çoxlu sayda müəssisələri var. İndi bu müəssisədə işləyənləri də küçələrə çıxarıb, texnikalardan istifadə etməklə yolları bağlayırlar. Amma anlayırlar ki, hökumət binalarına hücum edəcəkləri təqdirdə tutub dama basacaqlar. Ona görə də hücuma cəsarət etmirlər. Həm də görürlər ki, küçəyə kifayət qədər insan çıxara bilmirlər. Odur ki, günü-gündən aksiyalar zəifləyir”.

Deputat, erməni revanşist müxalifətinə Moskvadan sifariş gəlməsini istisna etmir: “Bu, Paşinyana təzyiq mexanizmidir. Amma Sarksiyan və Köçəryan anlayır ki, Rusiya zəifləyir və təklənir. Onların da arxası və pullarının böyük hissəsi isə Rusiyada fırlanır. Həm də anlayırlar ki, Nikol Paşinyanı indi devirməsələr, sonra bunu etmək dəfələrlə çətin olacaq”.

R. Musabəyov son vaxtlar Qarabağda separatçıların fəallaşmasını, “rus icması” məsələsinin əsassız olaraq gündəmə gətirilməsini də təsadüfi saymır: “Bunların özlərini Rusiyaya yaxın göstərməkdə bir məqsədi var: rus sülhməramlıların sayı azaldılmasın və Rusiyadan onlara dəstək davam etsin. Amma Rusiyanın imkanları indi xeyli məhdudlaşıb. Üstəlik, daşınma məsələsi var. Məsələn, Gürcüstan öz ərazisindən uçuşları bağlayıb, Azərbaycan icazə vermir, Türkiyə də həmçinin. İrandan uçub gəlmək isə baha və çətindir. Vəziyyətləri kifayət qədər ağırdır - həm rus sülhməramlıların, həm də ermənilərin. Amma bu, onların problemidir, biz niyə bu barədə düşünməliyik?”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}