09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Milyarder Rusiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırıb
Tarix: 27-06-2022 15:32 | Bölmə: Slayd
Milyarder Rusiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırıb

Ukraynanın ən zəngin iş adamlarından biri, oliqarx Rinat Axmetov Avropa İnsan Hüquqları Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Ukraynanın taxıl və metal axınının blokadaya salınması, talan və məhv edilməsi, başqa istiqamətə yönəldilməsi səbəbindən Rusiyadan kompensasiya istənilir və təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunur.

Reyting.az
-ın məlumatına görə, ukraynalı iş adamı R. Axmetov deyib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü zamanı mülkiyyət hüquqları kobud şəkildə pozulub.

Qeyd edək ki, Axmetov “System Capital Management” (SCM) qrupunun təsisçisi və səhmdarıdır.

“Şər cəzasız qala bilməz. Rusiyanın Ukraynaya və hər bir ukraynalıya qarşı cinayətləri göz qabağındadır. Təqsirkarlar cəzalandırılmalıdır. Ən yaxşı ukraynalı və amerikalı hüquqşünasların köməyi ilə Avropa İnsan Hüquqları Məhkəməsində dəymiş ziyanla bağlı iddia qaldırmışıq. Bu iddia Rusiyaya qarşı ilk beynəlxalq hüquqi hərəkətlərdən biridir, məqsəd təcavüzkarın cinayətkar fəaliyyətini dayandırmaq, Ukrayna iqtisadiyyatını məhvi və Ukraynanın aktivlərini oğurlanmasının qarşısını almaqdır”, - R. Axmetov deyib.

R. Axmetov vəziyyətin aktuallığını və ciddiliyini nəzərə alaraq işə prioritet status verilməsini tələb edib. O, həmçinin məhkəmədən işə pilot prosedur tətbiq etməyi istəyib, çünki cənab Axmetov insan hüquqlarının pozulmasının əsas səbəbi kimi Rusiyanın təcavüzü, əmlakın dağıdılması və müsadirə edilməsini, Ukraynadakı biznes sahibləri üçün eyni dərəcədə dağıdıcı nəticələrə malik olmasını göstərir.

“Ukrayna ixracatının - taxıl və polad daxil olmaqla - talan edilməsi artıq bu malların qiymətlərinin artmasına və dünyada aclıqdan ölənlərin sayının artmasına səbəb olub. Bu barbarlığa son qoyulmalı, Rusiya vurduğu ziyanı tam ödəməlidir. Mən ədalətə inanıram və bunun üçün mübarizə aparıram”,- R. Axmetov bildirib.

Ukraynalı iş adamını bu işdə beynəlxalq hüquq firması “Covington & Burling LLP” təmsil edir.

R. Axmetov Rusiya Federasiyasından mülkiyyət hüquqlarının pozulmasına görə təzminat tələb edir. “Davam edən müharibə səbəbindən kompensasiyanın dəqiq məbləğini hələlik müəyyən etmək mümkün olmasa da, Rusiyanın cənab Axmetova onun insan hüquqlarını pozduğuna görə milyardlarla dollar ödəyəcəyi təxmin edilir”, - SCM bildirib.

Onu da qeyd edək ki, 55 yaşlı R. Axmetov ukraynalı iş adamı, investor və xeyriyyəçidir. Ukraynanın Donetsk şəhərində anadan olub. Axmetovun biznes aktivləri “System Capital Management” (SCM) investisiya şirkətində cəmləşib. O, həmçinin “Şaxtyor” futbol klubunun sahibi və R. Axmetov Xeyriyyə Fondunun təsisçisidir.

2000-ci ildə əsası qoyulmuş SCM öz sənaye holdinqlərinə və istehsal aktivlərinə sərmayə qoyur. Qrupa Metinvest, DTEK, Media Group Ukraine, ESTA Holding, UMG, Lemtrans və Harvist Holding daxildir. SCM şirkətləri və müəssisələri Ukraynada, eləcə də Avropa İttifaqının digər ölkələrində və Şimali Amerikada yerləşir. Rusiya işğalından əvvəl, təxminən 200.000 adam SCM-in altında sənaye holdinqlərində və istehsal müəssisələrində çalışırdı.

Rusiyanın Mariupolda “Azovstal” zavodunu dağıtması Axmetova 10 milyardlarla zərər vurub.

İlkin hesablamalara görə, Rusiyanın Ukrayna qarşı təcavüzü oliqarxa təxminən 20 milyard dollar zərər vurub.

Axmetov Zelenski hökuməti ilə əvvəl gərgin münasibətlərə sahib olub. Müharibədən sonra Ukraynanı tərk etməyən nadir ukraynalı zənginlərdən sayılır. Hazırda onun bəzi zavodları Ukrayna ordusu üçün zirehli gödəkcə istehsal edir.




Bölməyə aid digər xəbərlər