09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Suriya savaşı: Rusiya geri çəkilir, İran üstünlük qazanmağa çalışır, İsrail və Türkiyə isə...
Tarix: 06-07-2022 12:07 | Bölmə: Slayd
Suriya savaşı: Rusiya geri çəkilir, İran üstünlük qazanmağa çalışır, İsrail və Türkiyə isə...

Rusiya Suriyadakı hərbi mövqelərini azaltdığı bir vaxtda, İsrail rus bazaları yaxınlığında fəallaşır və Suriya qüvvələrinə hava zərbələri endirməkdə davam edir.

Reyting.az
-ın xəbərinə görə, Ukrayna müharibəsi davam etdikcə İsrailin Suriyada artan hava əməliyyatları Rusiyanı narahat etməyə başlayıb.

Xatırladaq ki, Kreml Suriyadakı döyüş qüvvələrini müəyyən sayda Ukrayna cəbhəsinə çəkib. Çıxarılan qoşunlar Donbass bölgəsinə, xüsusən də Şərq cəbhəsinə göndərilir.

Suriyadan geri çəkilən Rusiyanın Dəməşq rejimini qorumaq vəzifəsini ölkədəki İran qüvvələrinə təhvil verdiyi bildirilir. İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 5-ci Xəzər Sammitində Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə görüşdən əvvəl “Rusiya və İran Suriyada da mühüm müttəfiqlərdir. Suriyada təhlükəsizliyi də nəzərdən keçirəcəyik”, - deyib.

Putin-Rəis görüşündən 48 saat sonra İsraildən havaya qalxan 4 “F-16” qırıcı təyyarəsi iyulun 2-də səhər saatlarında Rusiya hərbi dəniz bazasının yerləşdiyi Suriyanın Tartus bölgəsini bombalayıb. Atılan 4 idarə olunan raket Rusiyanın Tartusdakı bazasından 15 km məsafədə yerləşən Hemdiye qəsəbəsini hədəfə alıb.

“Nezavisimaya qəzeta” yazır ki, Rusiya ilə İran arasında Suriyada yeni vəzifələrin bölüşdürülməsi qərarından sonra İran tərəfi Rusiya sistemləri yerinə Tartus limanı vasitəsilə Suriyaya öz uzaqmənzilli hava hücumundan müdafiə batareyalarını gətirməyə başlayıb. Bunu aşkar edən İsrail Suriya hava məkanının İranın nəzarətinə keçməməsi üçün sözügedən əməliyyatı həyata keçirib.

İsrailin əməliyyat ərazisini Suriyanın cənubu ilə yanaşı şimal-qərb bölgələrini də əhatə edəcək şəkildə genişləndirməsi Rusiyanın reaksiyasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi iki gün əvvəl İsraili qınayan bəyanatla çıxış edərək “İsrail döyüş təyyarələrinin Suriyanın Tartus bölgəsini vurması beynəlxalq hüququ pozur, bu, Suriyanın suverenliyi və ərazi bütövlüyünə hücumdur. İsrail Suriyaya hücumlarını dərhal dayandırmalıdır”,- bəyanatını verib.

Tartus əməliyyatından əvvəl İsrail Suriyanın Dəməşq hava limanına hava hücumu təşkil edib. Bundan sonra Dəməşq hava limanı bağlanıb, təyyarələrin uçuşu təxirə salınıb.

Hadisələrin gedişatı göstərir ki, Suriyada İsrail-Rusiya qarşıdurması, avtomatik olaraq Ankara-Təl-Əviv yaxınlaşmasını qaçılmaz edir. İlkin məlumatlara görə, Suriyada İran-Rusiya oyununa qarşı Türkiyə-İsrail yaxınlaşması baş verə və bu, Suriyada İranın mövqelərini sarsıda bilər.




Bölməyə aid digər xəbərlər