09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Rusiya Almaniyaya təbii qaz nəqlini dayandırıb
Tarix: 12-07-2022 13:39 | Bölmə: Slayd
Rusiya Almaniyaya təbii qaz nəqlini dayandırıb

Kreml “Şimal axını-1” boru kəmərindən Almaniyaya təbii qazın nəqlini “texniki xidmət və təmir” səbəbilə 10 gün müddətinə tamamilə dayandırıb.

Reyting.az
xatırladır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar Almaniya-Rusiya münasibətləri kritik dövrə qədəm qoyub.

Ötən gün Almaniyanı təbii qazla (əhəmiyyətli hissəsini) təmin edən Rusiya “Şimal axını-1” qaz kəmərində texniki xidmət və təmir işlərinə başlaması ilə qaz nəqli tamamilə dayandırıb. Araşdırma və təmir işlərinin 10 gün çəkəcəyi gözlənilir. Rusiya qaz tədarükünün dayandırılmasını texniki səbəblə əsaslandırsa da, Almaniyada buna inam azdır. Bəzi ekspertlər profilaktika və təmir işlərindən sonra qaz verilişinin bərpa olunacağına şübhə ilə yanaşır.

“Siemens” şirkəti isə Rusiyaya qarşı beynəlxalq sanksiyalara baxmayaraq, izolyasiya cihazını ən qısa zamanda quraşdıracağını açıqlayıb.

“Siemens”in Kanada əməliyyatı ilə təmir edilən bu cihaz “Şimal axını-1” qaz kəmərinin texniki xidmətində istifadə edilməli idi. Ancaq müharibə səbəbindən o, sanksiyaların təsirinə düşüb. Rusiyanın “Qazprom” şirkəti isə cihazın olmadığını əsas gətirərək Avropaya qaz axınını 40 faizə endirmişdi. Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın turbin təmiri qərarından sonra ölkəsinin Kanadadakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.

Cihazın təmirinə baxmayaraq, Almaniyanın Federal Enerji Şəbəkəsi Agentliyinin rəhbəri Klaus Müller bəyan edib ki, “Şimal axını-1” boru kəməri ilə Rusiyadan qaz nəqlinin vəziyyəti qeyri-müəyyəndir: “Rusiyadan çox fərqli siqnallar alırıq. Kremlin bəzi sözçüləri “Siemens” turbinindən başqa tədarükə mane olacaq digər açıqlamalar da veriblər. Düzünü desəm, heç kim nə olacağını bilmir”.

Müller Almaniya vətəndaşlarını əvvəlki kimi qaza qənaət etməyə çağırıb.

“Şimal axını-1” xəttinin bağlanması xəbərindən sonra İtaliyanın enerji şirkəti “Eni” və Avstriyanın “OMV” şirkəti Rusiyanın “Qazprom” şirkətindən təbii qazın azaldığını bildirib.

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire də ölkəsinin Rusiyadan təbii qazın tamamilə kəsilməsi ehtimalına hazır olmasının vacibliyini diqqətə çatdırıb və bunun ən çox ehtimal edilən nəticə ola biləcəyini deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər