09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Deputat: “Anti-türk mövqeli ermənilərin etirazı nəticəsiz qalacaq”
Tarix: 13-07-2022 16:21 | Bölmə: Slayd
Deputat: “Anti-türk mövqeli ermənilərin etirazı nəticəsiz qalacaq”

“Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr səviyyəsində danışıqlar aparılsa da, hələlik böyük irəliləyiş yoxdur”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Türkiyə və Ermənistan liderlərinin sonuncu telefon danışığını şərh edərkən deyib.

Deputatın fikrincə, üçüncü ölkə vətəndaşlarının sərhəddən keçməsini təmin etmək münasibətlərin qaydaya salınması üçün ilk addımdır. Onun sözlərinə görə, bunu təmin etmək üçün sərhəd-keçid məntəqələri qurulmalıdır: “Bundan sonra üçüncü ölkələrin vətəndaşları bu sərhədi asanlıqla keçəcək. Bunu təmin etmək üçün hazırlıq işlərinə başlanılıb”.

R. Musabəyov bildirib ki, belə bir təmasın reallaşması pozitiv addımdır və proses davam etdirilməlidir: “Əslində Ermənistanın Rusiyaya sığınmasının səbəblərindən biri Türkiyədən olan qorxudur. Bu qorxu aradan qalxdıqca Ermənistan Rusiyanın ətəyindən ikiəlli yapışmayacaq. Odur ki, Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırması olduqca əhəmiyyətlidir”.

Deputat diqqətə çatdırıb ki, Ermənistanda hələ də anti-türk mövqeyində insanlar olsa da, onların etirazları həlledici deyil: “Mən inanmıram ki, onlar prosesin qarşısını ala bilsin. Bəli, bir qism şəxsin buna etiraz etməsi mümkündür. Amma bunun nəticəsinin olacağına inanmıram. Nəzərə almaq lazımdır ki, Ermənistanda az-çox imkanı olan ermənilər elə İstanbula və ya Antalyaya səfər edirlər. Bunlar bir tərəfdən qorxurlar, digər tərəfdən də İstanbula üz tuturlar”.

Deputatın sözlərinə görə, Ermənistanda maksimum 2,5 milyon insan yaşayır: “Ermənistan 85 milyon əhalisi olan, az qala iqtisadiyyatı 200 dəfə güclü Türkiyəyə nə edə bilər ki? Mən hesab edirəm ki, münasibətlərin qaydaya salınması Ermənistanın da maraqlarına uyğundur. Amma münasibətlərin qurulması Ermənistandan asılıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər