09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Qazi məsələsindən sui-istifadə edir, ölkədə gərginlik yaratmaq istəyirlər - Deputat
Tarix: 14-07-2022 13:42 | Bölmə: Slayd
Qazi məsələsindən sui-istifadə edir, ölkədə gərginlik yaratmaq istəyirlər

“Qazilərlə bağlı məsələyə xüsusi diqqət yetirilməlidir. Müharibə iştirakçılarında post-müharibə sindromu yaranıb. Onların ciddi psixoloji dəstəyə ehtiyacı var. Bunun üçün müvafiq strukturlar yaradılmalıdır”.

Bu sözləri Reyting.az-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə deyib.

A. Mollazadə diqqətə çatdırıb ki, Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı xüsusi sistem yaradılmasını təklif edib:

“Qazilərimizin, müharibə iştirakçılarımızın, hətta müharibə bölgəsində yaşayan əhalimizin ağır vəziyyətdən qurtulması üçün ciddi psixoloji sistem formalaşdırmaq, onların müayinə və müalicəsi ilə məşğul olmaq lazımdır. Əks halda intihara cəhd və digər bu kimi hadisələrlə tez-tez rastlaşa bilərik. Dünya təcrübəsi göstərir ki, bu, çox ağır sindromdur və bunu aradan qaldırmaq üçün postravmatik sindrom ağır fəsadlara səbəb ola bilir. Ona görə də, indidən müvafiq sistemi formalaşdırmalıyıq ki, qazilərimizə, veterenlarımıza dəstək olaq”.


A. Mollazadə

Milli Məclis üzvü qazilərlə bağlı digər problemə də diqqət yönəldib. Onun sözlərinə görə, son zamanlar qazilərlə bağlı məsələdə həm də dezinformasiya müşahidə olunur: “Yalan məlumatlar yayır, insanları çaşdırır, yaranan vəziyyətdən sui-istifadə edirlər. Fikrimcə, bəlli qüvvələr bu sahədəki boşluqdan yararlanmağa çalışacaqlar. Belə qüvvələrə meydan verməmək üçün təcili addımlar atılmalı, müvafiq sistem formalaşdırılmalıdır”.

Dünən axşam xaricdə fəaliyyət göstərən jurnalist Qənimət Zahidin guya daha bir qazinin intihar etməsinə dair yalan məlumat yaymasına gəldikdə, A. Mollazadə qeyd edib ki, bu, onlar üçün “mübarizənin” bir formasıdır. Deputat əlavə edib ki, əslində mübarizə belə olmur və yalana əsaslanan istənilən fəaliyyətin nəticəsi ola bilməz.

A. Mollazadə diqqətə çatdırıb ki, sosial şəbəkələrdə də bir qrup bəlli insan qazilərlə bağlı qızışdırıcı və yalan məlumatlar yayırlar: “Azərbaycana qarşı şər və yalan məlumatları yaymaq üçün müvafiq şəbəkələr fəaliyyət göstərir. Ona görə də, mən istisna etmirəm ki, bu yalan kampaniyadan kimlərsə bəhrələnməyə çalışırlar. Halbuki qazilərimizdən belə məsələlərdə istifadə olunmamalı, onlar haqqında yalan məlumatlar tirajlanmamalıdır. Eyni zamanda müvafiq qurumlarla əhali arasında kommunikasiya daha da gücləndirilməlidir”.

A. Mollazadə sonda qeyd edib ki, müharibə zamanı baş verənləri, yaşananları, bir sözlə, bütün istiqamətlərdə məlumatı xalqımıza Azərbaycan prezidenti çatdırıb və dövlət qurumları indi bu istiqamətdə düzgün iş qurmalı, üzərlərinə düşəni etməlidirlər.

Məlumat üçün qeyd edək ki, Sabirabad rayonunda qazinin intiharından sonra sosial şəbəkələrdə AXCP-yə yaxın şəxslər xüsusi fəallıq edərək daha bir müharibə iştirakçısının - Elvin Məmmədovun intihar etdiyinə dair yalan məlumatlar yayıblar. Lakin sonradan E. Məmmədov bu məlumatı təkzib edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər