09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Partiya sədri: “Bəzi şər qüvvələr yalan məlumatlar yayır”
Tarix: 14-07-2022 14:16 | Bölmə: Slayd
Partiya sədri: “Bəzi şər qüvvələr yalan məlumatlar yayır”

“Bədbəxtlik baş verir və bir çox mənfur insanlar, elə siyasətçilər də bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu, iyrənc əməldir. Əlbəttə, qazilərin intihar etməsinin bir səbəbi də məmurların üzərinə düşür. Çünki məmurlar onları incitməsələr, qazilər intihar etməz. Amma fakt faktlığında qalır ki, bəzi şər qüvvələr yalan məlumatlar yayır, başqa qazilərin də intihar etdiyini bildirir və beləcə, ölkədə ixtişaşlar yaratmağa çalışırlar. Bu, yalan məlumatlar yayan şəxslərin mənəviyyatsızlığından xəbər verir”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəallarının və onlara yaxın bloggerlərin qazi problemlərindən sui-istifadə etmək üçün digər rayonlarda da intihar hallarının baş verməsi barədə yalan məlumatlar yaymalarından danışarkən deyib.

A. Əlizadə əlavə edib ki, məlum qüvvələr belə həssas problemləri daha da şişirtməklə cəmiyyətdə narazılıq yaratmaq istəyirlər:

“Bir daha deyirəm, qazilərimiz müqəddəsdir, onlar müharibənin od-alovundan keçiblər. Onların adından kimlərinsə sui-istifadə etməsi mənəviyyatsızlıqdır. Mən hesab edirəm ki, bu şər qüvvələr heç nəyə nail ola bilməyəcəklər. Onların ağlı 1990-cı illərə gedir. Azərbaycan xalqı çox ağıllıdır, nəyin baş verdiyini çox yaxşı dərk edir. Əgər, belə mövzular və yalan məlumatlar əvvəlki dövrdə olsaydı insanlar dərhal etiraz edərdilər. İndi insanlarımız daha çox məlumatlı olduğundan belə yalanlara fikir vermirlər”.

A. Əlizadə bildirib ki, indi yalan məlumatlar yaydıran, cəmiyyətimizi aldatmağa çalışanlar 1990-cı illərdə Qarabağda bir nəfər şəhid olanda gətirirdilər AXC-nin qərargahına, buradan da aparıb Prezident Aparatının qarşısından keçirib Şəhidlər Xiyabanında dəfn edirdilər: “Beləcə, insanlarda hakimiyyətə qarşı narazılıq yaradırdılar. Elə bilirlər ki, bu camaat yenə əvvəlki kimi düşünür. 30 ildə bu qüvvələr yeni heç nə tapa bilməyiblər. Yenə də saxta üsullarla mübarizənin nəticə verəcəyini düşünürlər. Bir daha deyirəm ki, belə həssas mövzudan istifadə edənlərin vicdanı və lyaqəti yoxdur. Mən bu insanları ittiham edirəm, onlar nifrətə layiqdirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər