12:35 / 27-04-2025
Sabah yağış yağacaq
Hökumət iqtisadi tənəzzülə qarşı ciddi mübarizə aparmır; Ölkədə işsizlik artır, ÜDM düşür
Tarix: 17-04-2016 20:10 | Bölmə: Slayd

 


Ötən ildən başlayaraq, Azərbaycandayaranan böhranlı vəziyyət getdikcə pisləşir. Bu ilin ötən dövrünün iqtisadi göstəriciləri də xeyli aşağı düşüb.

Beləki, 2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12 mlrd. 588,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilib.

Reyting.az bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalmasıdır.

Əlavə dəyərin 39 faizi sənayedə, 13,3 faizi ticarətdədir. 8,4 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 16 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1 311,6 manata bərabər olub.

Tanınmış iqtisadçı Məhəmməd Talıblı Reyting.az-a deyib ki, ölkə iqtisadiyyatında tənəzzül elementlərinin güclənməsini şərtləndirən çox ciddi faktlar var. Onun sözlərinə görə, ÜDM azalıb, dövlət büdcəsi 25 faiz kiçilib, xarici ticarət dövriyyəsi 40 faizdən artıq azalıb, manat dəyərini 80 faizdən artıq itirib: "ÜDM-in həmişə ikirəqəmli artması ilə öyünən Azərbaycan hökuməti indi nəinki ikirəqəmli, hətta birrəqəmli iqtisadi artımı da təmin edə bilmir".

M.Talıblı bildirib ki, 2006-2007-ci illərdə 33,4 faizlik iqtisadi artıma nail olan ölkə, indi artıq 2-3 faizlik artıma nail ola bilmir:

"Bilirsiniz ki, Dünya Bankı ilin sonuna ölkəmizdə ÜDM-in 0,8 faiz genişlənə biləcəyini qeyd edib. Ötən ilin anoloji dövrü ilə bu ilin 1-ci rübünü müqayisdə etdikdə, aydın görmək olur ki, 3 faizdən artıq azalma mövcuddur. Çünki ÜDM-də artımlar yoxdur, neftin dünya bazar qiyməti aşağı düşür, neft hasilatı da azalır".

İqtisadçı professor Qubad İbadoğlu isə Azərbaycan iqtisadiyyatının son durumunu şərh edərkən qeyd edib ki, bu ilin ötən dövri ilə bağlı rəsmi rəqəmlər də iqtisadi azalmanı göstərir. Q.İbadoğlunun fikrincə, vəziyyət hökumətin etirafından da ağırdır: "Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan iqtisadiyyatı bu ilin 1-cü rübündə 3.5 faiz kiçilib. Rəsmi məlumata görə, 2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Milli iqtisadiyyatda kiçilmənin əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması göstərilir. Əslində isə hazırki tənəzzülün başlıca səbəbi hökumətin işinin öhdəsindən gələ bilməməsi, kompleks yanaşma və koordinasiya olmadığından iqtisadi siyasətə məsul olan ayrı-ayrı dövlət qrurumlarının əlaqələndirilməyən fəaliyyətidir. Belə ki, dövriyyədəki manat kütləsini məhdudlaşdıraraq buxovlayıcı monetar üsullara və inzibati tənzimləmə vasitələrinə üstünlük verən Mərkəzi Bank heç bir iqtisadi məntiqlə izah olunmayan məzənnə siyasəti yeritməklə iqtisadiyyatda manat qıtlığı yaradaraq yeni situasiya formalaşdırıb. Bununla inflyasiyanın cilovlanmasına çalışan Mərkəzi Bank hazırki siyasəti ilə alıcılıq qabliyyətini və işgüzar fəallığı aşağı salıb. Beləliklə ÜDM artımını da tormozlayaraq, yeritdiyi siyasətlə onun aşağı düşməsini təmin edir".

Ekspert onu da vurğulayıb ki, dövlət büdcəsinin xərc hissəsinin icra səviyyəsini 1-ci rübdə 73 faizə endirən Maliyyə Nazirliyi də öz növbəsində məhdudlaşdırılmış fiskal siyasəti ilə həm büdcənin istehlak yönünün gücləndirilməsinə, həm də dövlət xərclərinin süni azaldılmasına nail olaraq işgüzar aktivliyin aşağı salınmasına xidmət edir. Onun qənaətincə, monetar və fiskal siyasətə məsul olan hər iki dövlət orqanının yalnış siyasəti nəticəsində həm ÜDM aşağı düşür və həm də ölkədə işsizlik artır: "Bütün bunları koordinasiya etmək əvəzinə hökumət hələ də neftin qiymətinin bahalaşaca-ğına və əvvəlki kimi iqtisadiyyatda lazım olan gəlirlərin bir resurs hesabına təmin ediləcəyinə ümidlidir. Amma hətta neftin qiyməti əvvəlki səviyyədə bahalaşsa da, bu hökumət Azərbaycan iqtisadiyyatını tənəzzüldən çıxara bilməyəcək. Çünki ölkədə qiymətlə yanaşı hasilat da düşür, istehsal xərcləri isə artır, islahatlar da aparılmır".

Aqrar sahə üzrəekspert Vahid Məhərrəmov bizimlə söhbətində bildirib ki, iqtisadi artımın səviyyəsini ölçmək və bu barədə konkret söz demək çətindir.

V.Məhərrəmovun fikrincə, Statistika Komitəsi yerli icra hakimiyyəti orqanlarının verdiyi rəqəmlər əsasında statistika hazırlayır.

Kənd təsərrüfatı sahəsi üzrə real vəziyyətə gəlincə, aqrar sahə eksperti diqqətə çatdırıb ki, apardıqları müşahidələrə görə, kənd təsərrüfatı məhsulları istehsalında ciddi azalma movcuddur: "İstixana şəraitində yetişdirilən məhsullar, süd, ət və digər məhsulların istehsalında ciddi azalmalar var. Əvvəllər təklif olunan malın həcmi indiki qədər deyildi, çox idi. Digər tərəfdən, xarici ölkələrdən gətirilən diri heyvanların sayı azalıb və ət, süd idxalı artıb. Ölkəyə gətirilən demək olar ki, bütün kənd təsərrüfatı məhsullarının həcmi artıb. Bu da onu deməyə əsas verir ki, ölkədə istehsal ciddi şəkildə azalıb".

Sonda V.Məhərrəmov deyib ki, əhalinin alıcılıq qabiliyyəti azaldığı üçün idxala da ehtiyac yaranmır:

"Əvvəlki illərdən fərqli olaraq, əhali daha az alır. Bütün bunlar onu deməyə əsas verir ki, heyvandarlıq, bitkiçilik məhsullarının istehsalı azalıb. Bu da iqtisadi inkişaf tempinin aşağı düşdüyünə bariz nümunədir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2025, 10:13 Kibertəhlükə artır - Video