Bakının üç rayonunda söküntü işlərinə başlayırlar
Tarix: 27-08-2025 18:09 | Bölmə: Slayd
Bakının üç rayonunda söküntü işlərinə başlayırlar

Bakı şəhərinin daha üç rayonunda istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Reyting.az
Baku.ws-ə istinadla xəbər verir ki, bu dəfə söküntü işlərinə Sabunçu, Suraxanı və Səbail rayonlarında başlayacaqlar.

Səbail rayonunda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi keçirir. Sözügedən layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək.

Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntüsü üçün layihə-smeta sənədlərinin hazırlanması da nəzərdə tutulur. Bu məqsədlə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tender elan edilib.

Söküntü işlərinin aparılacağı ünvanlar aşağıdakılardır:

Sabunçu rayonu, Y. Qasımov küçəsi, ev 39

Sabunçu rayonu, Q. Vəzirov küçəsi, döngə 2, bina 5 və bina 6

Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 43.

Qeyd edək ki, hazırda söküntü işlərinin aprıldığı ərazilərdə əhaliyə iki yol təklif olunur. Vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif edilir. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur.

Digər yol isə vətəndaşlara söküləcək mənzilləri müqabilində kompensasiya verilməsidir. Hazırda Bakı üzrə kompensasiya məbləği 2500-2800 AZN arasında dəyişir.




Bölməyə aid digər xəbərlər
25-08-2025, 15:29 Putin Trampı aldadır
25-08-2025, 11:32 NATO dağıla bilər