Fransada Rusiya casusları tutulub
Tarix: 27-11-2025 13:04 | Bölmə: Xəbərlər
Fransada Rusiya casusları tutulub

Fransada "SOS Donbass" adlı təşkilatın üzvləri Rusiya xeyrinə casusluqda şübhəli bilindiklərinə görə saxlanılıblar.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı "Euronews" kanalı yayıb.

Fransa prokurorluğunun açıqlamasında bildirilir ki, bu ölkədə özünü humanitar təşkilat kimi təqdim edən "SOS Donbass" Rusiyanın xüsusi xidmətləri üçün casusluq fəaliyyəti göstərməkdə şübhəlidir.

Məlumata görə, xüsusi əməliyyat zamanı dörd nəfər saxlanılıb ki, onların da adları bu iş üzrə keçir. Həmin şəxslərin arasında Fransa və Rusiya vətəndaşları olsa da, onlardan biri tezliklə müvəqqəti sərbəst buraxılıb, lakin üç nəfər isə həbs edilib.

Paris prokurorluğu qeyd edib ki, Fransada gizli və qanunsuz fəaliyyət göstərən casus şəbəkəsi üzvləri kimi saxlanılan şəxslərə qarşı Rusiyanın maraqları naminə iqtisadi casusluq, eyni zamanda, Fransa Respublikasını daxildən destabilizasiya etməyə cəhd ittihamları irəli sürülüb. İstintaq zamanı bu şəxslərin "SOS Donbass" təşkilatının üzvləri olması da artıq təsdiqini tapıb.

Saxlanılanlar arasında bu qeyri-leqal təşkilatın qurucusu, separatçı vitse-prezidenti olan və Rusiya pasportu ilə bərabər Fransa vətəndaşlığını alan 40 yaşlı Anna Novikova da var.

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi onu bu ölkənin əsas dövlət maraqlarına zərər verə biləcək fəaliyyətlərdə şübhəli hesab edir. İstintaqa görə, o, buradakı fəaliyyəti dövründə Fransadakı müxtəlif şirkətlərlə əlaqə saxlayıb və onlara aid olan iqtisadi məlumatları əldə etməyə çalışıb.

Tutulan digər şübhəli isə 40 yaşlı rusiyalı P. Vyaçeslavdır ki, onun da soyadı barədə açıqlama verilməyib. Lakin məlum olub ki, Vyaçeslav adlanan şəxs hələ sentyabr ayının əvvəlindən, Triumf qalası üzərində pro-rus afişaların yapışdırdığı vaxtlardan şübhəli kimi kameralar tərəfindən qeydə alınıb və izlənilib.

Hər iki şəxsə qarşı xarici dövlətin, Rusiya lehinə Fransa dövlətinin əmlakına ziyan vurmaqda və digərləri ilə əlbir olmaqla bilərəkdən cinayətkar sövdələşmədə iştirak etmək ittihamları irəli sürülüb.

Bu qrupda xüsusi seçilən Novikovaya qarşı əlavə olaraq xarici dövlət üçün məlumat toplamaq, həmin dövlətlə sövdələşməyə girmək ittihamları yönəldilib ki, Fransada belə maddələrlə ittiham ediləni 10 ilədək həbs cəzası gözləyir.

Üçüncü saxlanılan şəxs 63 yaşlı fransalı Vensan P., dördüncüsü isə 58 yaşlı Bernar F.-dir. Sonuncu şəxs həbs edilməsə də, məhkəmə nəzarətindədir.

"SOS Donbass" 2022-ci ildə "humanitar yardım" təşkilatı kimi qeydiyyatdan keçib və Donbas sakinləri üçün ianə topladığını bəyan etsə də, Fransanın xüsusi xidmət orqanları ehtimal edirlər ki, bu, xaricdə, xüsusilə də Fransada fəaliyyət göstərən Rusiyanın casus şəbəkələrindən biridir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər