İngiltərədə 2000-dən çox uşaq itkin düşüb
Tarix: 27-11-2025 13:34 | Bölmə: Slayd
İngiltərədə 2000-dən çox uşaq itkin düşüb

İngiltərədə sosial xidmətlərin nəzarətində olan 2000-dən çox uşaq itkin düşüb.

Reyting.az
xəbər verir ki, “Guardian” qəzetində dərc edilən hesabatda diqqət çəkən bir sıra məqamlar yer alıb.

Məlumata görə, İngiltərədə sosial xidmətlərin himayəsində olan uşaqların sayı təhlükəli dərəcədə yüksəkdir. Uşaq hüquqları təşkilatı ECPAT UK və “İtkin İnsanlar” tərəfindən hazırlanan hesabatda bildirilir ki, 2024-cü ildə yerli hakimiyyət orqanlarının himayəsində olub insan alverinə məruz qaldığı müəyyən edilən və ya bu baxımdan şübhəli bilinən 2638 uşaq itkin düşüb. Həmin il sosial xidmətlərdə qeydiyyatda olan 12 530 müşayiətsiz (yalnız) uşağın 1501-i də eyni aqibətlə üzləşib.

Hesabat yalnız statistikanı açıqlamır, həm də həssas uşaqların ciddi cinayət və zorakılıq riski ilə üz-üzə olduqlarını göstərir. ECPAT UK və “İtkin İnsanlar” tərəfindən toplanmış məlumatlar İngiltərədəki uşaq xidmətləri agentliklərinə göndərilən Məlumat Azadlığı (İX) sorğularına əsaslanır.

“İnsan alverinə məruz qalan və müşayiətsiz uşaqların qayğı sistemindən bu cür sürətlə yoxa çıxması göstərir ki, müdafiə mexanizmləri tez-tez uğursuz olur. Hər bir uşaq özünü təhlükəsiz hiss etməyə layiqdir, lakin bu hesabat sistemin onları dəfələrlə qorumaqda aciz qaldığını ortaya qoyur”,- deyə “İtkin İnsanlar” təşkilatının tədqiqat və təsir üzrə direktoru Ceyn Hunter bildirib.

Hunter, insan alverinə məruz qalan və müşayiətsiz uşaqlara uyğun şəraitin təmin olunmasını, həmçinin Milli Yönləndirmə Mexanizmi (MYM) barədə məlumatlılığın artırılmasını tələb edərək sistemli islahatlara çağırıb.

Hesabata görə, insan alveri qurbanı və ya himayədə olan şübhəli 2638 uşaqdan 864-ü itkin düşüb ki, bu da 37 faiz təşkil edir. Müşayiətsiz 12 530 uşaqdan 1501-i itkin düşüb və bu göstərici əvvəlki illə müqayisədə 2 faiz artım deməkdir.

Mütəxəssislər bildirirlər ki, son on ildə müşayiətsiz və ya insan alverinə məruz qalan uşaqların yüksək risk altında olmasına baxmayaraq, müdafiə mexanizmlərindəki çatışmazlıqlar aradan qaldırılmayıb.

ECPAT UK-in siyasət direktoru Laura Duran qeyd edib: “Bu uşaqlar sadəcə statistika deyil - onlar əvvəllər danışılmaz travma yaşamış şəxslərdir. Onlar qayğı altında olarkən itkin düşdükdə daha böyük zorakılıq riskləri ilə üzləşirlər”.

Hesabatda həmçinin vurğulanır ki, Böyük Britaniyanın qeyri-sabit immiqrasiya sistemi və uşaqların ölkədə qalmaq hüququ ilə bağlı qeyri-müəyyənlik onların itkin düşmə riskini artırır. Bildirilir ki, bütün yerli hakimiyyət orqanları məlumatları paylaşmadığından real rəqəmlər daha yüksək ola bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər