Vulkan 12 min ildən sonra yenidən püskürür
Tarix: 27-11-2025 17:43 | Bölmə: Dünya
Vulkan 12 min ildən sonra yenidən püskürür

Efiopiyanın Afar bölgəsində yerləşən və “Canavar dağı” kimi tanınan Xayli Qubbi vulkanı təxminən 12 min ildən sonra ilk dəfə püskürüb.

Reyting.az
xəbər verir ki, mütəxəssislər tərəfindən uzun müddətdir “yatmış vulkan” kimi təsvir edilən dağın gözlənilməz fəaliyyəti bölgəyə ciddi təsir edib və bütün aviareyslər ləğv olunub.

Püskürmədən sonra Afdera rayonundakı bir çox kənd sıx kül təbəqəsi ilə örtülüb. Kül yağışı ərazidə öskürək və nəfəs almaqda çətinliklərə səbəb olub, otlaqlar və su mənbələri isə küllə örtülüb.

Meteorologiya mütəxəssisləri kül buludlarının küləklə birlikdə daha geniş əraziyə yayılacağını proqnozlaşdırırlar.

Yüksələn kül buludları səbəbindən bir neçə beynəlxalq uçuş marşrutu dəyişdirilib və ya tamamilə ləğv edilib.

Hindistanın milli aviaşirkəti “Air India” bölgə üzərindən keçən təyyarələrin təhlükəsizlik yoxlamaları aparmaq üçün 11 uçuşu təxirə saldığını açıqlayıb.

“Akasa Air” də Ciddə, Küveyt və Əbu-Dabiyə uçuşları ləğv edib.

Tuluza Vulkanik Kül Rəsədxanası (VAAC) püskürmədən yaranan kül buludunun 14 kilometr hündürlüyə çatdığını və Qırmızı dənizdən Yəmən və Omana yayıldığını təsdiqləyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər