Nazir: Ukraynada Rusiyaya güzəşt Litvaya təhlükə yaradır
Tarix: 27-11-2025 11:15 | Bölmə: Dünya
Nazir: Ukraynada Rusiyaya güzəşt Litvaya təhlükə yaradır

“Əgər sülh danışıqları zamanı Rusiyaya Ukraynanın sərhədlərini az da olsa dəyişməyə imkan verilsə, təcavüzkar gec-tez eyni şeyi Litvanın ərazisi ilə də edəcək”.

Reyting.az
“Delfi” nəşrinə istinadla xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris deyib.

Onun sözlərinə görə, işğal olunmuş ərazilərin legitimləşdirilməsinin qarşısını almaq lazımdır.

“Əgər biz sərhədlərin hər hansı formada - hətta ən kiçik şəkildə belə - dəyişdirilməsinə imkan versək, bizim qarşımıza da əvvəlcə xəritə və markerlə, sonra isə sərhədləri yenidən cızmaq üçün tanklarla gələcəklər. Biz heç bir de-yure və ya de-fakto legitimləşdirməyə imkan verə bilmərik. Bu prinsip çox vacibdir”, - deyə nazir bildirib.

K. Budris əlavə edib ki, Ukraynada ədalətli sülhə nail olmaq üçün mövcud təsir mexanizmlərindən istifadə etmək son dərəcə vacibdir.

“Müasir dünyanın qaydalarını anlamaq çətindir - onlar kifayət qədər sərt və birbaşa xarakter daşıyır. Ya sizin masaya qoya biləcəyiniz, hədələyə biləcəyiniz, verə və ya verməyə biləcəyiniz alətləriniz var, ya da yoxdur. Amma yoxdursa, masada olmadığınızdan şikayət etməyin”, - deyə Budris qeyd edib.

Nazir bildirib ki, Avropa Ukraynadakı sülh danışıqlarında istifadə etməli olduğu üç tam aydın təsir rıçağına malikdir: dondurulmuş Rusiya aktivləri, Ukraynanın Avropa İttifaqına üzvlüyü və Xüsusi tribunalın yaradılması.

E. KAMAL




Bölməyə aid digər xəbərlər