23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Keçmiş deputatla agentlik arasında qalmaqal yaranıb - İttiham
Tarix: 06-03-2019 19:44 | Bölmə: Cəmiyyət
Keçmiş deputatla agentlik arasında qalmaqal yaranıb

Tanınmış yazıçı, diplomat, Milli Məclisin keçmiş deputatı Xeyrəddin Qoca ilə Bakı Nəqliyyat Agentliyi (BNA) arasında qalmaqal yaranıb.

Belə ki, Xeyrəddin Qocanın qızı övladını 20 nömrəli məktəbə qoyan zaman dayanma-durma qaydalarını pozub və BNA kamera görüntüləri əsasında ona protokol tərtib edib. Yazıçı isə sosial şəbəkələrdə bu məsələyə etiraz edərək bu protokolun qanunsuz olduğunu bildirib. Ardınca BNA-nın mətbuat katibi Mais Ağayev açıqlama yayaraq fotolar paylaşıb, Xeyrəddin Qocaya tövsiyyələr verib.

Yazıçı isə bildirib ki, onun etirazı heç də protokol yazılmasına görə olmayıb. "Bu protokollar tamamilə qanunsuzdur. Çünki İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsində elektron qaydada qeydə alınan inzibati xətaların siyahısı var. Yəni kamera görüntüləri ilə hansı hallarda protokol yazılmalıdır. Bu siyahıda dayanma-durma qaydalarının pozulmasına görə protokol tərtib olunması yoxdur".

Reyting.az-ın məlumatına görə, X. Qoca bildirib ki, qızının avtomobilinin şəkillərinin sosial şəbəkələrdə yayılmasına etiraz edir və bunu yolverilməz sayır. "BNA-nın mətbuat katibi Mais Ağayev tərbiyəsizcəsinə mənim qızımın maşının fotosunu paylaşıb. Yazır ki, guya mən protokol yazıldığına görə etiraz etmişəm. Əvvəla mən protokolun yazılmasına görə etiraz etməmişəm. Protokol yazılıb, gedib ödəyərik. Mənim etirazım odur ki, BNA-nın səlahiyyətləri hələ nə Milli Məclis, nə də Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Amma BNA öz yaydığı açıqlamada bildirir ki, gündə 3000-4000 maşına protokol tərtib olunur.

Hər gün də qanunsuzluq edirlər. Mənim qızım lazımi qurumlara rəsmi şəkildə müraciət edib."

X. Qoca deyir ki, mətbuatda çıxış edəndən sonra M. Ağayev ona zəng edərək təhqir edib. "Mənə zəng edib ağzına gələni dedi. Bu birinci hal deyil. Məndən əvvəl Rəşad Məcid, Səfər Alışarlı və digərləri də bu mövzuda yazıb".

Xeyrəddin Qoca BNA-nı lazımsız qurum adlandırıb. "Bu lazımsız bir qurumdur və ləğv olunmalıdır. Ancaq küçələrdə camaatdan pul yığmaqla məşğuldurlar. Yəqin ki, elə həmin idarəyə işçiləri də pul müqabilində işə qəbul edirlər. Çünki orda pul qazanmaq imkanları yaranıb. Dövlət Yol Polisi, DANX ola-ola belə bir idarəyə nə ehtiyac var? Bunların səlahiyyətləri hələ məlum deyil. Bəs bu adamları küçələrə kim və nəyə görə salıb? Bütün insanlar bundan narazılıq edir".

X. Qoca BNA-nın ünvanına daha sərt ifadələr işlədib: "Bunlar çox tərbiyəsiz və yekəbaş adamlardır. Rəhbərlik ortalıqda yoxdur. Mətbuat katibini salıblar ortalığa, o da bütün günü gic-gic bəyanatlar yaymaqla məşğuldur. Mənim qızımın maşınının şəkilini çəkib mətbuata vermək cinayət tərkibli əməlidir. Çünki mülkiyyət toxunulmazlığı var".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}