Şagirdin intiharına görə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb - Açıqlama
Tarix: 12-04-2019 17:35 | Bölmə: Cəmiyyət
Şagirdin intiharına görə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərindəki 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı aparılan xidməti araşdırmanın nəticələrini açıqlayıb.

Reyting.az bildirir ki, nazir bu gün keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı görülən işlər, qəbul edilən qərarlarla bağlı məlumat verib.

Onun sözlərinə görə, aparılan xidməti araşdırma nəticəsində 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova, tərbiyə işləri üzrə direktorun müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və məktəbin psixoloq Könül Ağayevanın əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulan bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.

Nazir deyib ki, məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.

Şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən davranışına təsir etməsi təlim-tərbiyə prosesində nəzərə alınmayıb.

Nazir qeyd edib ki, hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib.

Ceyhun Bayramov bildirib ki, xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil adlığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.

Aprelin 4-də 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsinin pəncərəsindən ataraq intihar edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}