Cocuq Mərcanlıya ikinci köç başlayır - 100 ev tikilib
Tarix: 29-10-2017 14:48 | Bölmə: Cəmiyyət
Cocuq Mərcanlıya ikinci köç başlayır

Cəbrayılın Cocuq Mərcanlı kəndinə daha 100 ailənin köçürülməsi üçün işlər tam başa çatmaq üzrədir.

Reyting.az-ın xəbərinə görə, Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov modern.az-a deyib ki, artıq 100 evin tikintisi tam başa çatdırılıb:

“Yeni evlər birinci mərhələdə tikilən evlərin arxasından başlayaraq tikilib. Su, qaz və işıq xətləri çəkilib. Sadəcə sayğaclar quraşdırılmayıb”.

X.Zeynalov bildirib ki, evlərin qapı-pəncərələri, çil-çıraqları, seyf qapıları qoyulub: “Kənddə uşaq bağçasının bütün avadanlıqları yüksək səviyyədə quraşdırılıb, klub icma mərkəzi, tibb mərkəzi və xəstəxana hazırdır, sadəcə avadanlıqlar qalıb. Çox güman ki, on günə şirkətlər işləri tam təhvil verəcək”.

X.Zeynalov ikinci mərhələdə hansı ailələrin köçürüləcəyinə də aydınlıq gətirib:

“İlkin olaraq, əsasən Bakı və Bakıətrafı qəsəbələrdə, yarımçıq tikililərdə, uşaq bağçalarında, məktəblərdə məskunlaşan məcburi köçkünlərə üstünlük veriləcək”.

O qeyd edib ki, ilkin mərhələdə köçürülən ailələrə mənzillərin “kupça”sı hələ də verilməyib:

“Bizə əvvəlcədən də deyilmişdi ki, “kupça”lar ikinci mərhələdə köçürüləcək sakinlərlə birlikdə veriləcək”.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}