Komitə sədri BQXK-də girov soydaşlarımızın taleyini müzakirə edib - Görüş
Tarix: 30-10-2017 19:03 | Bölmə: Cəmiyyət
Komitə sədri BQXK-də girov soydaşlarımızın taleyini müzakirə edib

Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin Müdafiə işləri üzrə koordinatoru Byorn Oliver Rahm ilə görüşüb.

Bu barədə Reyting.az-a məlumat verən Elşad Həmidov deyib ki, Byorn Oliver Rahm ilə görüşməkdə məqsədləri müxtəlif əhali qruplarının, həmçinin girov və əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində müzakirələr aparmaq olub.

Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etdiyini bildirən E.Həmidov, əsir və girov soydaşlarımızın, o cümlədən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmamasına, onlara saxta məhkəmə qurularaq cəza verilməsinə dünya ictimaiyyətinin susqunluqla yanaşmasını pisləyib.

Komitə sədri BQXK nümayəndəsi ilə müzakirə zamanı deyib ki, dünya ictimaiyyətinin bu qeyri-hüquqi, qeyri-insani hadisəyə reaksiya verməməsi insan haqlarına yanaşmada ikili standartların nümunəsidir.

Komitə sədri qeyd edib ki, D.Əsgərov və Ş.Quliyev girovluqda işgəncəyə, qeyri-insani rəftara və cəzaya məruz qalıblar. Hətta onlardan birinin səhhətində ciddi problemlərin olduğunu bildirən E.Həmidov, Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımıza qarşı beynəlxalq hüquq normalarına uyğun davranışın təmin edilməsində yardımçı olmağın vacibliyini BQXK nümayəndəsinin diqqətinə çatdırıb.

Byorn Oliver Rahm isə istər D.Əsgərovun, istərsə də Ş.Quliyevin vəziyyətlərinin daim BQXK-nin diqqət mərkəzində olduğunu bildirib.

BQXK nümayəndəsi komitə sədrini əmin edib ki, D.Əsgərov və Ş.Quliyevin vəziyyətləri ilə yenə maraqlanıb, Azərbaycan tərəfinə lazımi məlumatları çatdıracaqlar.

Qeyd edək ki, Elşad Həmidovu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin Hüquq Departamentinin rəisi Azad Atayev və Ekspert Departamentinin rəisi Nazim Qurbanov müşaiyət ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}