Azərbaycan Qarabağ münaqişəsinin həllində "xalq diplomatiyası”na üstünlük verməyə başlayıb
Tarix: 07-12-2016 12:12 | Bölmə: Siyasət

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı "xalq diplomatiyası”na da üstünlük verməyə başlayıb.

Bu fikirlərin müəllifi politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan hakimiyyətinin qatı tənqidçilərinin noyabrın əvvəllərində Bakıda konfransa dəvət edilmələri də bu siyasətlə bağlıdır:

"Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin həlli iləbağlı 30 səhifəlik yazısında bu yanaşmaya geniş yeri verildi”.

 E.Şahinoğlu bəhs edilən məqalədəki əsas tezislərə də toxunub:

- "İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və "yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər...”;

- "Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir...”;

- "erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil...”;

- "Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi”. 

Politoloqun fikrincə, Ramiz Mehdiyevin bu tezislərindən gəlinən əsas qənaət budur ki, Prezident Administrasiyasnın rəhbəri "xalq diplomatiyası”nın tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır:

"Çünki, geniş həcmli məqalədə "sülh” ifadəsinin sayı "müharibə” ifadəsinin sayından dəfələrlə çox idi. Ümumiyyətlə, məqalənin əsasını erməni ictimai fəalların Bakıya gəlişləri və onların Azərbaycan paytaxtında iştirak etdikləri konfransın tezislərindən ibarətdir. Məqalənin az qala üçdə bir hissəsini Bakıya gələn ermənilərin müxtəlif açıqlamaları təşkil edirdi.

"Noyabrın 8-də keçirilən konfrans bir daha sübut etdi ki, Azərbaycan və erməni xalqları qarşılıqlı anlaşmaya çalışır”,– bu da Ramiz Mehdiyevin cümləsidir. Bu məqalədən gəlinən digər nəticə isə bundan ibarətdir ki, ermənilərin Bakıya dəvət olunub sülhpərvər açıqlamalar verməsi elə Ramiz Mehdiyevin ideyasıdır. Yaxşı ideyadır. Sadəcə, bu ideya Dağlıq Qarabağ münaqişəsinin həllini nə dərəcədə sürətləndirəcək - əsas sual budur!".

Politoloq bu gün "Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın yaradıldığını da xatırladaraq, bildirib ki, Ermənistan tərəfdən platformanın yaradılması ilə bağlı birgə bəyanatı imzalamış şəxslər elə Bakıdakı konfransda iştirak edənlərdir.

E.Şahinoğlu bildirib ki, bəyanatda əsas fikir bundan ibarətdir ki, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanımaqla Dağlıq Qarabağ müanqişəsinin sülh yolu ilə həllini sürətləndirməlidirlər. Ayrıca, sənəddə işğal altındakı torpaqların boşaldılması, məcburi köçkünləringeri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi hüququ vurğulanır. "Sülh platforması” hər iki ölkədən ictimai fəalların qoşulması üçün acıqdır.

E.Şahinoğlu qeyd edib ki, bu platormanın yaradılması Azərbaycanın uğuru sayıla bilər. Çünki, platforma vəorada qeyd olunan bəndlər Ermənistan cəmiyyətində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən insanların varlığını göstərir: "Önəmli olan Ermənistanda Dağlıq Qarabağın Azərbaycana adi olduğunu qəbul edən insanların sayının artmasına nail olmaqdır ki, onlar bu ətrafda fikir mübadiləsini genişləndirməklə öz cəmiyyətlərinə təsir edə bilsinlər. Bu bir beyin oyunudur və bu oyunda da işğalçıdan irəlidə olmağı bacarmalıyıq".

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}