Prezidentlər yenidən görüşəcək
Tarix: 28-12-2016 17:54 | Bölmə: Siyasət

Xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdirilməsindən, o cümlədən ölkələrimiz arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun artımı, habelə kənd təsərrüfatı, nəqliyyat, turizm, sənaye və digər istiqamətlərdə uğurlu inkişafdan məmnunluq ifadə olunub.

M.Vaezi Dövlət Komissiyanın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib, İranın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

E.Məmmədyarov iki ölkənin dövlət başçılarının iradəsinə, müəyyən etdikləri strateji xəttə və xalqlarımızın ənənəvi dostluğuna uyğun olaraq Azərbaycanın da İranla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və Dövlət Komissiyasının işini, xüsusilə M.Vaezinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi istiqamətində hazırda görülən işlər, layihənin əhəmiyyətindən söz açılıb və bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edilib. Tərəflər bu ilin avqustunda Bakıda keçirilmiş Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini qeyd edərək, bu formatda İranda keçiriləcək növbəti görüşü müzakirə ediblər.

Regional məsələləri müzakirə edən nazirlər, terrorizmə qarşı birgə mübarizə və informasiya mübadiləsinin vacibliyini vurğuladılar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.(Modern.az)




156 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər