Məhkəmə: sabiq rəis bir milyon manatlıq mənimsəməni rədd edir
Tarix: 09-04-2025 13:02 | Bölmə: Cəmiyyət
Məhkəmə: sabiq rəis bir milyon manatlıq mənimsəməni rədd edir
Raqif Abbasov

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Daha sonra prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttiham aktında qeyd edilib ki, təqsirləndirilən şəxslər əlbir olaraq dövlət büdcəsindən ayrılmış 1 milyon manat pulu mənimsəyiblər.

Raqif Abbasov və Eldəniz Qulamov ittihama münasibətdə özlərini təqsirli bilməyiblər. Onlar qarşıdakı iclaslarda epizodlar üzrə ifadə verəcəklərini deyiblər.

Şahidlərin iştirakını təmin etmək üçün proses təxirə salınıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi istintaqı zamanı təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə dəymiş ziyandan 100 min manat zərər ödənilib.




Bölməyə aid digər xəbərlər