18:35 / 17-02-2026
Tiktoker "Renka" saxlanılıb
Çin dağaltı gizli nüvə infrastruktunu gücləndirir - Fotolar
Tarix: 17-02-2026 17:05 | Bölmə: Slayd

Çin dağaltı gizli nüvə infrastruktunu gücləndirir

Çinin dumanlı vadilərində illərdir gizli qalan bəzi obyektlər indi kosmosdan görünən intensiv tikinti fəaliyyəti ilə diqqət çəkir. Yeni peyk görüntüləri Pekinin dağların dərinliklərində nüvə silahı üçün nəzərdə tutulan gizli bazaları genişləndirdiyini, sakit şəkildə nüvə potensialını artırdığını göstərir.

Reyting.az xəbər verir ki, Çinin cənub-qərbində yerləşən dumanlı vadilər bu dəfə təbiəti ilə deyil, kosmosdan aydın görünən yeni tikililərlə gündəmə gəlib.

Peyk görüntülərinə əsaslanan son təhlillər Sıçuan əyalətində illərdir “gizli saxlanılan” bəzi nüvə obyektlərinin sürətlə genişləndirildiyini və modernləşdirildiyini üzə çıxarır.

Ekspertlərin fikrincə, bu fəaliyyət ABŞ-Çin rəqabətinin kəskinləşdiyi yeni mərhələdə Pekinin nüvə strategiyasını daha iddialı xəttə keçirdiyini göstərir.

Görüntülərdə diqqət çəkən məkanlardan biri Sıçuan əyalətində yerləşən Zitonq vadisidir. Burada yeni sığınacaqlar və torpaq bəndləri tikilib, boru kəmərləri ilə zənginləşdirilmiş yeni kompleks yaradılıb. İnfrastrukturun yüksək riskli materiallarla işləmək üçün nəzərdə tutulduğu ehtimal olunur.

Digər diqqətçəkən obyekt “ikiqat hasar” təhlükəsizlik xətti ilə əhatə olunmuş Pinqtonq kompleksidir. Ekspert qiymətləndirmələrinə görə, bu mərkəzdə nüvə başlıqlarının əsas komponenti olan, mərkəzində plutonium yerləşən metal nüvələrin istehsalı mümkün ola bilər.

Obyektin əsas strukturunda hündürlüyü təxminən 110 metr olan ventilyasiya bacası xüsusi seçilir. Son illərdə binaya yeni havalandırma kanalları və istilik paylayıcı elementlər əlavə edilib, ətrafında əlavə konstruksiyalar inşa olunub.

Pinqtonq obyektinin girişində, kosmosdan görünə biləcək ölçüdə yazıldığı iddia edilən və Çin lideri Si Cinpinə aid edilən şüar da diqqət çəkir: “Təsis işinə sadiq qalın və missiyamızı heç vaxt unutmayın”.

Bu genişlənmə qlobal silahlara nəzarət mexanizmlərinin zəiflədiyi bir dövrə təsadüf edir. ABŞ və Rusiya arasında qalan son əsas nüvə silahlarına nəzarət sazişinin gələcəyi qeyri-müəyyən olaraq qalır. Vaşinqton yeni çərçivənin Çini də əhatə etməli olduğunu bildirir, Pekin isə bu cür danışıqlardan uzaq durur.

ABŞ-nın “gizli nüvə partlayışı sınağı” ilə bağlı ittihamları gərginliyi daha da artırıb. Vaşinqton Pekini qlobal moratoriyanı pozmaqda suçlasa da, Çin bu iddiaları rədd edir.

Beynəlxalq müşahidə məlumatları və ekspertlər arasında sübutların etibarlılığı ilə bağlı müzakirələr davam edir. Bu vəziyyət şəffaf və müntəzəm dialoq olmadıqda “ən pis ssenari” əsasında planlaşdırma riskini yüksəldir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin son illik qiymətləndirmələrinə görə, Çinin nüvə başlıqlarının sayı 2024-cü ilin sonuna qədər 600-ü keçib və 2030-cu il üçün hədəf göstərici 1000-ə yaxın qiymətləndirilir. ABŞ və Rusiyanın nüvə arsenalının hələ də daha böyük olduğu vurğulansa da, Pekinin strateji tarazlıq səviyyəsini artırdığı bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, Sıçuan əyalətindəki bu obyektlər tamamilə yeni deyil. Onların əsası Mao dövründə həyata keçirilən “Üçüncü Cəbhə” layihəsinə gedib çıxır. “Soyuq müharibə” gərginliyinin azalması dövründə bəzi mərkəzlər bağlansa da, son yeddi ildə genişlənmə tempinin əhəmiyyətli dərəcədə artdığı vurğulanır.

N. ORUCOV





Bölməyə aid digər xəbərlər