Ölkəmizə PUA ilə narkotik gətirmək istəyənlər qandallanıb
Tarix: 14-04-2025 09:25 | Bölmə: Cəmiyyət
Ölkəmizə PUA ilə narkotik gətirmək istəyənlər qandallanıb

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran istiqamətində geri qayıtması müşahidə edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədilə əraziyə gələn Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Həsənov Anar Rasim oğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini – 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhyəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədilə gəldiklərini etiraf ediblər: "Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilmişdir. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir".




Bölməyə aid digər xəbərlər