Tarix: 09-06-2016 12:53 | Bölmə: Cəmiyyət / Xəbərlər
Keçmiş əməkdaşlarını geri qaytarması barədə xəbərlər dolaşan ANS telekanalında daha iki istefa reallaşıb.
Reyting.az Ölkə.az-a istinadən xəbər verir ki, Səbinə Heydərova mart ayından işdən ayrılıb.
İstefası daha böyük səs-küyə səbəb olacaq şəxs isə Sevda Həsənovadır (Böyük Seva). Həsənova iyirmi illik iş yerindən Heydərova ilə eyni vaxtda gedib.
Lakin istefalar mediadan ciddi cəhdlə gizlədilir. Bildirilir ki, hər iki şəxsin işindən ayrılmasına səbəb ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevlə münasibətlərinin pisləşməsidir.
Xatırladaq ki, Səbinə Heydərova ANS-in vitse prezidenti Mirşahin Ağayevin həyat yoldaşıdır.
***
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məsələ ilə bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, Sevda Həsənova ailəsində baş verən faciə səbəbindən işə çıxmır: "Onun atası rəhmətə gedib. Bununla bağlı olaraq işə çıxmır. Səbinə Heydərovayla bağlı isə heç bir bir məlumatım yoxdur”.
Sevda Həsənova da ANS-dən getməsiylə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, yasla əlaqədar işə çıxmadığını deyib: "Atam rəhmətə gedib. Bu səbəblə işə çıxmıram”.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev də həyat yoldaşının telekanaldan ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
"Qafqazinfo”ya açıqlamasında M. Ağayev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"O məlumatı yayan mənbə hansı tula, hansı köpək, hansı itdirsə, yəqin ki, öz sahibinin əmrini icra edir. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, şirkətin baş direktoru Mirşahin Ağayev və onun ailəsi arasında guya hansısa narazılıqların olması barədə yanlış məlumatlar yaymaqla ölkənin ən nüfuzlu infomasiya strukturlarından birinin ətrafında mənfi əhval-ruhiyyə yaratmaq istəyirlər. Səbinə Heydərova hazırda analıq məzuniyyətindədir. Doğrudur, o, bir müddət efirdə "Baş xəbər” verilişinin aparıcısı oldu, amma sonradan ailə vəziyyəti ilə əlaqədar analıq məzuniyyətini bərpa etmək qərarına gəldi. Bu gün də analıq məzuniyyətindədir.
Vahid Mustafayevlə hər hansı mübahisənin olmasına gəlincə, o, ANS Şirkətlər Qrupunun prezidentidir, onunla yalnız yaradıcılıq mövzusunda müzakirə və mübahisə etmək olar. Digər bütün hallarda isə onun əmrləri müzakirə olunmur, icra olunur. Səbinə Heydərova da ANS-in çoxsaylı kollektivinin adi üzvlərindən biridir”.
Vitse-prezident sözügedən məlumatı yayan bütün saytları məhkəməyə verəcəklərini qeyd edib: "ANS-in əməkdaşları və rəhbərliyi haqda qeyd edilən məlumatı yayan bütün saytlar qanun qarşısında cavab verəcəklər. Bu gün Hüquq Departamentinə yoxlanmamış məlumatlar yayan saytlarla bağlı məhkəməyə müraciət etmək barədə tapşırıq verilib. Bir daha Kütləvi İnformasiya Vasitələrindən tələb edirəm ki, ANS haqda yaydıqları məlumatlarda ehtiyatlı olsunlar”.
Bölməyə aid digər xəbərlər