Tarix: 25-06-2016 15:08 | Bölmə: Cəmiyyət
ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyi kollektivinin böyük bir qrupu Sumqayıtı təmsil edən Milli Məclis üzvləri, şəhərin mədəniyyət işçiləri, jurnalistlər və digər ziyalılarla birgə Qarabağın Haramı düzündə yerləşən hərbi hissələrdən birində olmuş, əsgər və zabitlərlə görüşmüşlər.
…Milli Ordumuzun döyüşçüləri ilə vaxtaşırı görüşərək, onlara həm mənəvi, həm də maddi dəstəyi ilə kömək olan kimyaçılar Vətənin mərd, igid oğulları ilə bu dəfə də cəbhə bölgəsində görüşmək üçün artıq səhər saat 6-da "start xətti”ndə idilər. Birliyin gəncləri əskərlərimiz üçün hələ bir-neçə gün əvvəl hazırladıqları hədiyyələri böyük bir fərəhlə və həvəslə ikimərtəbəli "Britaniya avtobusunda” yerbəyer etdikdən sonra Qarabağa növbəti səfər başlayır.
Əskər və zabitlərlə görüşün təəssüratını, sevincini hələ qabaqcadan yaşayan gənc kimyaçılar yol boyu xor şəklində "ekspromt” olaraq "Azərbaycan əsgəri”, "İgid əsgər, möhkəm dayan!”, "Sıravi Əhməd", "Vətən oğlu” mahnılarını və hərbi marşları oxuyurlar. "Kimyaçı” Mədəniyyət sarayının özfəaliyyət kollektivinin də öz tar-kamanı ilə, müğənniləri ilə onlara qoşularaq oxuduqları vətən mahnılarının şən, məğrur sədaları Qarabağa uzanan bütün yol boyu ətrafa yayılır. Avtobusun sürücüsü də gənclərin vətənpərvər ovqatından təsirlənərək, maqnitofonla dahi sənətkarlarımız Rəşid Behbudovun, Müslüm Maqomayevin Azərbaycan, xalq sevgisi ilə bağlı əzəmət, qürur doğuran mahnılarını səsləndirir.
Kimyaçılar "Azərikimya”nın Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin və onun komandasının da hamı ilə birgə vətən keşikçilərinin görüşünə getdiyi avtobusun pəncərəsindən bir vaxtlar susuz, cansız səhranı xatırladan uzanıb-gedən çöllərin indi cavan ağaclarla üzə güldüyünü, yolun hər iki tərəfində geniş abadlıq işləri aparıldığını, yeni, müasir müəssisələr yaradıldığını, əvvəllər mənzərəsi ürək açmayan Kürdəmir, Yevlax kimi şəhərlərin, kənd və qəsəbələrin göz oxşamasını, qədim Bərdənin daha da gözəlləşdiyinin seyr edərək, Azərbaycanın bütün sahələrdə inkişafından daxili bir sevinc, məmnunluq hissi keçirirlər. Onlar öz aralarında söhbət edərək, yol boyu şahidi olduqları yenilikləri sevinclə bir-birinə göstərərək, ölkəmizin son illərdəki uğurlarının Ulu öndər Heydər Əliyevin, onun Vətən və xalq yolunda yorulmadan çalışan davamçısının – Prezidentimiz İlham Əliyevin misilsiz xidmətlərinin nəticəsi olduğunu görərək, fərəhlərini gizlədə bilmirlər. Müstəqillik illərində qazanılmış nailiyyətlər, o cümlədən Azərbaycan Milli Ordusunun məqsədyönlü şəkildə gücləndirilərək, bütün regionun ən güclü ordusuna çevrilməsi, onun ən müasir silahlarla təchiz edilməsi bu gün hər bir azərbaycanlıda qüdrətli dövlətimiz üçün böyük qürur hissi doğurur.
Qarabağın strateji baxımdan mühüm olan bir hissəsində yerləşən "N” saylı hərbi hissəyə yaxınlaşarkən onun qabaqcıl dünya ölkələrinin hərbi obyektlərində olduğu kimi müasir görkəmi, abadlığı diqqəti xüsusilə cəlb edir.
Hərbi hissənin komandanlığı qonaqların xahişi ilə onları əsgər və zabitlərin buradakı məişət şəraiti və onlara göstərilən iaşə xidməti ilə tanış edir. Vətənin müdafiəçiləri üçün yaradılmış nümunəvi, müasir tələblərə uyğun şərait "Azərikimya”nın Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevdə və onun əsgərlərlə görüşə gəlmiş deputat həmkarlarında – Tahir Mirkişili və Mirzəcan Xəlilovda yüksək təəssürat, məmnunluq doğurur.
Bir müddət sonra geniş təlim-parad meydanında zabit və əsgərlərlə kimyaçıların rəsmi görüşü başlanır. Tədbirdə çıxş edən hərbi hissə komandiri qonaqları salamlayaraq, böyük bayram – Azərbaycan Silahlı Qüvvələr günü ərəfəsində döyüşçüləri yad etdiklərinə görə onlara öz minnətdarlığını bildirir.
Bu ilin aprel döyüşlərində düşmənə öz gücünü göstərərək, onları xeyli canlı itkiyə məruz qoyaraq, əvvəlki mövqelərindən geri oturtmuş igid Azərbaycan əskərlərini təbrik edən "Azərikimya”nın Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev öz çıxışında xalqımızın unudulmaz dahi rəhbəri Heydər Əliyevin, Vətənimizin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti sayəsində Milli Ordumuzun qüdrətinin artmasından və bunun danılmaz təsdiqi olaraq işğalçı düşmən ordusunun uğursuzluğundan söhbət açır. O, xalqımızın igid oğlu Mübariz İbrahimovun qəhrəmanlıq nümunəsinin son döyüşlərdə mərd və cəsur əsgər və zabitlərimiz tərəfindən təkrarlandığından, düşmənə ağır, sarsıdıcı zərbələr endirilməsindən fərəhlə danışır və qarşıda xalqımızın böyük ümid və inamla, həsrətlə gözlədiyi böyük Qələbəmiz naminə Vətənin gənc müdafiəçilərinə, onların yüksək döyüş təcrübəsi qazanmış komandirlərinə uğurlar arzulayır.
Tədbirdə "Sumqayıtın tarixi” muzeyinin direktoru Olya Abdullayeva və "Qırmızı Aypara” Cəmiyyətinin Sumqayıt bölməsinin müdiri Mətanət Məhərrəmova analar adından çıxışlarında gənc döyüşçüləri özlərinin, bütün anaların övladları hesab edərək, onlara öz müqəddəs missiyalarını uğurla yerinə yetirməyi, xalqımıza Qələbə sevinci bəxş edərək, ata-analarının, bütün doğmalarının, dost-tanışlarının yanına alnı açıq, üzüağ qayıtmalarını arzulayır.
Tədbirin rəsmi hissəsi onun aparıcısı, istedadlı şair, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın döyüşçülər qarşısında oxuduğu "Ali Baş Komandım” şeiri ilə başa çatır.
Sonra tədbir bədii hissə ilə davam etdirilir - meydan "Kimyaçı” Mədəniyyət sarayının özfəaliyyət kollektivlərinə verilir. Gənc ifaçıların Vətən və xalq, Qarabağ və Milli Ordumuz haqqında oxuduqları mahnılar, illüzionçunun göstərdiyi bir-birindən maraqlı nömrələr, xüsusilə də igid döyüşçülərimizin sayəsində Azərbaycan Bayrağının "odda yanmazlığını, suda batmazlığını” nümayiş etdirən çıxışları maraqla qarşılanır.
Sumqayıt Dövlət Dram Teatrının yetirməsi və veteranı, Azərbaycanın Xalq artisti Valeh Kərimovun Moşu Göyəzənli obrazında təqdim etdiyi səhnəcik gənc döyüşçülərin gülüşlərinə və gur alqışlarına səbəb olur.
Azərbaycanın milli oyun havalarının coşqun sədaları altında kimyaçıların və əskərlərin birgə rəqsi xalqla ordunun sarsılmaz birliyinin gözəl bir nümayişinə çevrilir. Azərbaycanın zəngin, ölməz musiqisi həmin gün az qala düşmən mövqelərinə qədər yayılaraq, sanki onlara Qarabağ ellərində Azərbaycanın böyük toy-düyün günlərinin uzaqda olmadığını çatdırırdı.
Bayram ovqatlı görüşdən sonra gənc əskərlərə sumqayıtlı məktəblilərin, əskər analarının və kimya müəssisələrində çalışan əməkçilərin bir qrupunun döyüşçülərə ünvanladıqları məktubları paylanır. Hələ bu il 2-ci sinfi başa vurmuş Sumqayıt məktəblisi Vüsal Əhmədovun məktubu maraqla, həyəcanla qarşılanır. Balaca məktəbli adını bilmədiyi əsgərə yazır: "Salam, Əsgər! Mən səni tanımıram və sən də məni tanımırsan, ancaq mən səninlə və əsgəri xidmətini başa vurmuş iki böyük qardaşlarımla fəxr edirəm. Mən də sizin kimi əsgər olub, Qarabağı, Vətənimizi düşməndən qorumaq istəyirəm. Sən Vətəni də qoru, özünü də, əziz əsgər qardaşım! Sənə qələbə arzulayıram!”
Döyüşçülərimiz arasından bir nəfərin bizə yaxınlaşdığını görürəm. O, tanışlıq verərək bildirir ki, Şəkinin Sarıca kəndindən, yəni mənim də böyüyüb, boya-başa çatdığım kənddəndir və məni görən kimi tanıyıb. Sən demə, o, atam Abdurahman kişinin uzun illər dostluq etdiyi, bir yerdə işləyib-çalışdığı Nurəddin dayının nəvəsi İlqar Lətifov imiş. Hələ 14-15 il əvvəl gördüyüm 10-12 yaşlı İlqardan fərqli olaraq qarşımda indi dağ cüssəli, Haramı düzünün istisindən-şaxtasından sifəti qarsıyıb-tunclaşmış bir hərbçi dayanmışdı. Bu dəfə doğmalar kimi yenidən qucaqlaşırıq. Fəxr edirəm ki, mənim də bir eloğlum burda – ön cəbhədədir, Vətəni qoruyur.
Öyrənirəm ki, İlqar hərbi xidmətini elə bu yerlərdə keçdikdən sonra öz arzusu ilə hərbi hisədə qalaraq, xidmətini artıq bir neçə ildir ki gizir kimi burada davam etdirir. Özünün, əsgərlərin əhvalı, düşmənlə üz-üzə olan bu mövqedəki vəziyyətlə maraqlanıram. Hər şeyin yüksək səviyyədə olduğunu söyləyərək, ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinə minnətdarlığını bildirir.
…Günortaya yaxın olduğundan hərbi hissə rəhbərliyi qonaqları əsgərlərlə birgə nahara dəvət edir. 300-350 nəfərə eyni zamanda iaşə xidmətinin göstərildiyi yeməkxana özünün müasir görkəmi, kafesayağı şəraiti ilə hamını heyran edir. Qonaqlar da əsgərlərlə birgə əvvəllər biş-düş işində naşı olan əsgərlərdən fərqli olaraq peşəkar, təcrübəli qadın aşbazların bişirdikləri dadlı yeməklərdən götürmək üçün "piştaxta”ya yaxınlaşırlar. Keyfiyyəti ilə ev xörəklərindən qətiyyən seçilməyən küftə-bozbaş, kələm dolması, üstəlik müxtəlif cür salatlar, meyvə şirələri qonaqlarda xoş təəssürat yaradır. Xalq artisti Valeh Kərimovun və mənim eyni masa arxasına dəvət etdiyimiz əsgər Kənan Əliyev görkəmli aktyorla bir masa arxasında əyləşdiyindən bir qədər sıxılsa da, onun suallarına həvəslə cavab verir.
- Kənan, düzünü deyə bilərsənmiu? Sizə hər gün belə yaxşı xidmət olunur, bu cür dadlı yeməklər verilir, yoxsa – qonaqlara görədir bu? - deyə Valeh müəllim Kənanı bilərəkdən sorğu-suala çəkir.
- Hər gün, həmişə belədir. Elə bil öz evimizdəyik… Lap düzünü deyim? Heç evimizdə hər gün bu cür dadlı-ləzzətli xörəklər yemirdik axı. Hələ üstəlik kompotu, meyvəsi… Axı, evdə bunların hamısı olmur, - deyə Kənan vəziyyəti olduğu kimi təqdim edir.
- Bəs komandirlərin, zabitlərin sizə münasibəti necədir? – deyə mən soruşduqda Kənan tam səmimiyyətlə cavab verib dedi:
- Vallah, niyə yalan deyim ki? Düz bir ildir burda xidmət eləyirəm. Komandirlərimiz bizə öz övladları kimi diqqətlə, qayğı ilə yanaşırlar. Nədənsə narazılığımız yoxdur, ola da bilməz. Biz burda böyük bir ailənin üzvləri kimiyik.
Bu səbəbdəndir ki, Müdafiə Nazirliyinin son dövrlərdə əsgərlərə, bütün hərbçilərə göstərdiyi xüsusi diqqət və qayğı bu gün həqiqətən böyük rəğbət və minnətdarlıq hissi doğurur. Təsadüfi deyil ki, kimyaçılardan bəziləri bugünkü əsgər və zabitlərimizin bu cür yüksək məişət-iaşə şəraitini görərək, yarızarafatla hərbi xidmətlərini yenidən davam etdimək istədiklərini bildirirlər.
…Artıq göydən yerə "od ələnir” – bizə elə gəlir ki, havanın istisi 40 dərəcəyə yaxınlaşıb. Biz 5-10 dəqiqə bu istiyə dözməyərək, kölgəlik axtarırıq. Ancaq gənc Azərbaycan əskərləri şaxtalı-buzlu havalarda olduğu kimi, bu qızmar hava şəraitində də əldə silah Vətənin keşiyini çəkirlər.
Vidalaşmaq vaxtı çatır. Kimyaçılar əsgər və zabitlərimizdən, onlar da kimyaçılardan ayrılmaq istəməsələr də, hiss olunur ki, onların baxışlarında narahatlıq var – axı, düşmən bizdən cəmi bir-neçə yüz metr aralıdadır və xain kimi yenə də "marıqda”dır. Odur ki, kollektiv xatirə şəkilləri şəkdirərək, yola düşürük – biz Bakıya, Sumqayıta tərəf, onlar isə - ön xəttə!
Salamat qal, Azərbaycan əsgəri! Vətən sənə əmanət, Vətən – hamımıza əmanət!
Rəhman ORXAN,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.
Bölməyə aid digər xəbərlər