15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
Tarix: 14-10-2025 17:35 | Bölmə: Slayd
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək

“ABŞ prezidenti Donald Tramp əvvəlcə qorxudur, sonra danışıqlar təklif edir. Reallıqda baş verənlər çox açıqdır -Amerika raket daşıyıcılarını, donanma və təyyarələrini Yaxın Şərqdə yerləşdirir, regionda güclənir. Bunun HƏMAS-a qarşı istifadə ediləcəyi real və mümkün deyil. Əvvəla, HƏMAS və İsrail arasında atəşkəs əldə edildi. Digər tərəfdən, İsrail HƏMAS-la özü bacarır, bunun üçün Amerikanın dəstəyinə ehtiyacı yoxdur”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə son zamanlar İrana qarşı yeni müharibənin ola biləcəyinə dair Qərb mediasında səsləndirilən iddiaları şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-nın böyük maliyyə xərcləyərək Yaxın Şərqə hərbi texnika gətirməsi İrana qarşı atılacaq addımların tərkib hissəsidir.

A. İsazadə bildirib ki, ABŞ-nın Yaxın Şərqdə hərbi baxımdan güclənməsi İrana açıq mesajdır: “Mesajın məqsədi də aydındır: ya bizim şərtlərimizlə danışıqlar aparıb razılıq əldə edəcəksən, ya da sənə qarşı növbəti hərbi əməliyyat keçiriləcək”.

Tehrana açıq mesaj verilsə də, müsahibimiz bunun “blef” və ya real addım olduğunu deməyə çətinlik çəkir. Onun şəxsi qənaəti belədir ki, prezident Tramp İrana qarşı belə bir addımı ata bilər.

İsazadə əlavə edib ki, hazırda iki nöqtədə ABŞ belə hərəkət edir. Bunlardan biri də Venesueladır:

“Düzdür, ABŞ hələlik orada quru əməliyyatlar aparmayıb. Lakin indiyə qədər Venesuelaya məxsus olan bir neçə gəmini batırıb və səbəb kimi onların narkotik daşıdığını göstərib. Venesuelada isə hesab edirlər ki, bütün bunlar bəhanədir. Yəni ABŞ həm Venesuela, həm də İranla bağlı planlara malikdir. Məqsəd bu ölkələrdəki neftdir. ABŞ-da hesab edirlər ki, əgər bu ölkələrə nəzarəti ələ keçirə bilsələr, dünya neft bazarında istədikləri ölkəyə təsir göstərə bilərlər. Elə dünyaya da”.

Bütün bunların ABŞ-Çin münasibətləri kontekstində baş verdiyini deyən İsazadənin fikrincə, İran və Venesualanın Çinlə münasibətləri yüksək səviyyədədir, neftlərinin əsas alıcıları arasında Çin də var.

Ekspert sonda qeyd edib ki, D. Tramp biznesmendir və hər bir məsələyə biznes nöqteyi-nəzərindən baxır. Bu baxımdan İranla bağlı səsləndirilən iddialar əsassız sayılmır.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər