Fazil Mustafa: “Türkiyədəki hadisələrdə rolu olanları ayrı-ayrılıqda tanıdın, ifşa edin, göstərin”
Tarix: 21-07-2016 12:34 | Bölmə: Cəmiyyət / Xəbərlər


"Qafqaz” Universitetinin Ali Neft Məktəbinin tabeliyinə verilməsi indiki şəraitdə ən düzgün qərardır. Bir vaxtlar milliyətçilik dalğasının geniş yayıldığı mühitdə Azərbaycanda Rusiyada təhsil alanlara şübhəli yanaşma müşahidə olunurdu. Sanki kim oradan gəlirdisə, Rusiya kəşfiyyatı ilə əlaqəli bilinirdi.

Bir neçə il öncə ABŞ-da təhsil alanlara da təqribən bu ölkənin dəyərlərini daşıyan insanlar kimi şübhəli baxış formalaşmışdı.

Bir neçə ildir ki, Türkiyədə mövcud iqtidarla Gülən camaatı arasında başlanan qarşıdurmadan sonra Azərbaycandakı həmin camaata bağlı məktəblərə qarşı da Türkiyədən gələn tələb üzərinə münasibət dəyişməyə başladı”.

Reyting.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa şəxsi Facebook səhifəsində yazıb.

F.Mustafa qeyd edib ki, sonuncu hərbi çevriliş cəhdindən sonra Türkiyə hakimiyyəti haqlı olaraq dövlət çevrilişində iştirak edən hərbçiləri, mülki şəxsləri, camaat üzvlərini zərərləşdirmək tədbirlərini həyata keçirməyə başladı:

"Təbiidir ki, bu hərbi çevrilişdə hansısa rolu olan şəxslər Azərbaycanda da varsa, onlara qarşı da ciddi hüquqi tədbirlərin görülməsi zəruri sayılmalıdır. Azərbaycanda da kimlərsə hərbi çevrilişə dəstək vermiş, tvit atmış, yazı yazmış, qaranlıq işlər çevirmişsə, bunları ifşa etmək, müvafiq qurumlara bilgilər vermək yerində olardı ki, bu insanlara görə Türkiyə ilə qardaşlıq münasibətlərimizə zərər gəlməsin və Azərbaycanda darbəçi zehniyyət kök sala bilməsin. Ancaq qəribədir ki, hər dəfə bir qrup şəxslər tapılır ki, yaranmış vəziyyətdən sui-istifadə edərək dərhal əvvəllər adı bu camaatla bağlı olan, ancaq təhsil sistemimizdə faydalı işləri ilə tanınan məktəblərin bağlanması, az qala bütün müəllim və tələbələrin, bir çox hallarda isə məzunların şübhəli şəxs kimi tanınmasını, dövlət üçün təhlükə mənbəyi olduqlarını inandırmağa çalışırlar. Yaxşı ki, bu dövləti idarə edənlər həmin qaragüruhçu zehniyyətdən fərqli düşünürlər və anlayırlar ki, bir məktəbin bağlanması yüzlərlə müəllimin işsiz qalmasıdır, minlərlə tələbənin çarəsiz vəziyyətə düşməsidir, minlərləvalideyinin iztirabı deməkdir”.

Millət vəkili bildirib ki, "Qafqaz” Universitetində camaata ideoloji bağlılığı 5-10 faiz olsa belə,80-90 faiz sadəcə normal təhsil almaq üçün yığdığı yüksək bala uyğun olaraq bu universiteti seçib və bu insanları nə dini camaat, nə də maarifçiliyi bir tərəfə buraxıb uğursuz siyasətə girişmiş Fətulla Gülən maraqlandırır: "Onlar sadəcə səviyyəli təhsil almaq istəyirlər. Bu məntiqlə İngiltərə məktəblərini bitirənlər topdan İngilis kəşfiyyatına, Rus məktəblərini bitirənlər rus kəşfiyyatına, ABŞ məktəblərini bitirənlər də ABŞ kəşfiyyatına bağlı adamlar sayılmallıdır? 

19-cu əsrin sonlarında başlayaraq Çar Rusiyasının müstəmləkəçilik siyasətinə uyğun olaraq Qori Seminariyası yaradıldı, rus-tatar məktəbləri açıldı, burada təhsil alanların Rusiya dövlətinə sədaqətli təbəə olaraq yetişdirilməsi nəzərdə tutulmuşdu, ancaq sonrası nə oldu? Azərbaycanın bütün işıqlı maarifçiləri, siyasətçiləri, elm adamları bu məktəblərdən məzun olan insanlar idi. Sovet dövründə də açılan Bakı Dövlət Universitetinin və yüzlərlə institutun məqsədi Sovet quruluşu üçün sədaqətli kadr yetişdirməkdi. Nə oldu? Bu ali məktəblərdən məzun olan minlərlə azərbaycanlı indi müstəqil Azərbaycan naminəçalışmırmı? İndi bu məktəblərin tələbələrinə, məzunlarına qarşı topdan fişləmə, qaralama kampaniyası aparmaq kökündən yanlışdır, haqsızlıqdır”.

F.Mustafa yazır ki, ingilisin, amerkalının hansı təriqətin üzvü olduğu bizi maraqlandırmır, yaxşı təhsil verən məktəbi varsa, övladlarımızı ora yollayırıq, hansı ölkədə yaxşı təhsil varsa, imkanımızı belə zorlayaraq ora göndəririk: "Yüksək bal taplayan əksər abituriyentlər əgər bu məktəbi seçirlərsə, onların seçimin şübhə altına qoymaq ədalətsizlikdir. Ali Neft Məktəbi artıq sağlam təhsil ənənəsi yaratmış bir təhsil ocağı kimi tanınır. "Qafqaz” Univeristetinin mövcud keyfiyyətli bazasını bir sıra özəl "bazar" universtetlərinə yedirtməmək üçün məhz Ali Neft Məktəbinin tabeliyində olmasını faydalı hesab edirəm.

Bir şeyi unutmaq lazım deyil, Türkiyədə baş verən hərbi çevrilişi bütün səmimiyyətimizlə qınayırıq, orada rolu olan hər kəsin cəzalandırılmasını haqlı sayırıq, Türkiyədən gələn müəyyən məsajlara da Azərbaycan iqtidarının həssas yanaşmasının yerində olduğunu düşünürük, bununla belə bəzən unuduruq ki, bu hərbi çevriliş Türkiyədə baş verib. Məhz bu çevrilişdə aktiv rol almış Gülən camaatının bir çox üzvlərinə görə, vaxtilə onların açdıqları məktəblərdə təhsil almış məzunları şübhəli şəxs kimi görmək, tanıtmaq doğru davranış deyildir. Məsuliyyət fərdidir, günah işləyənləri, qanunsuz işlər çevirənləri, Türkiyədəki hadisələrdə rolu olanları ayrı-ayrılıqda tanıdın, ifşa edin, göstərin. Ancaq məktəbləri bağlamağa çağırmaq, hələ-hələ bir məktəbin bağlanmasına sevinmək ziyalıya yaraşan davranış deyil və minlərlə günahsız insanın haqqına girməkdir.

Bu arada sevindirici xəbər aldım ki, Azərbaycanda Atatürk Türk litseyinə də nəhayət lisenziya verilib.Xeyirli olsun! Ən yaxşı məktəblərimizdən biri də Türkiyə Dəyanət Vaqfının açdığı litseydir. Bu alternativlərin hamısı Azərbaycana lazımdır. Yüksək təhsil, tərbiyə verən məktəb açılışı hər zaman sevindirir, bağlanışı isə hansı nöqtədən baxarsınız baxın, kədərlidir...”.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər