Din xadimi inanclı şəxslərə müraciət etdi: “Dini siyasətə alət etməyə imkan verməyin!”
Tarix: 16-09-2016 20:04 | Bölmə: Cəmiyyət

Gəncədə yerləşən "İmamzadə” ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanın Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə müsəlmanlara müraciət edib.

Reyting.az xəbər verir ki, xural.com-la əlaqə saxlayan Hacı Tahir son günlər ölkədə baş verən hadisələrdən narahat olduğunu bildirərək, xüsusilə ibadət əhli olan insanlar arasında bəzi zərərli təbliğat cəhdlərinin olduğunu deyib:

"Ən müxtəlif çağırışların şahidi oluruq. Bəzi məhkəmə prosesləri gedir və bəzi siyasi partiyaların bu proseslərə açıq-aşkar dəstək nümayiş etdirdiklərini görürük. Mitinqlər keçirilir və orada müxtəlif şüarların və çağırışların olduğunu eşidirik. Keçiriləcək mitinqlər üçün birbaşa ibadət əhlinə, müsəlmanlara müraciət olunur. Ölkənin İslam dininə mənsub olan insanlarının arasında müxtəlif məzhəbləri əsas gətirərək, ayrı-seçkilik salmağa çalışırlar”.


Hacı Tahir müraciətində qeyd edib ki, Azərbaycanı əhatə edən dövlətlər də, digər dünya dövlətləri də rahat oturmurlar və çalışırlar ki, ölkəmiz daxildən qarışsın:


"Buna imkan vermək olmaz. Nə hakimiyyət, nə də müxalifət imkan verməməlidir ki, İslam dini siyasiləşsin, məscidlərdən meydanlara, küçələrə çıxsın, hakimiyyətə gəlmək vasitəsinə çevrilsin. Müxtəlif İslam ölkələrində zaman-zaman baş verən prosesləri hamımız bilirik. Azərbaycanda sabitliyi pozmağa, dini siyasətə alət etməyə heç kimin haqqı yoxdur.


Bütün müsəlmanlara səslənirəm: ölkənin, millətin və dövlətin əleyhinə olan heç bir oyuna və çağırışa qoşulmayın! Bizim üçün Azərbaycan dövlətinin maraqları her şeydən ucadır.”

 





Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər