Tarix: 06-10-2016 14:30 | Bölmə: Cəmiyyət
"Süni qida şirkətlərinin əməkdaşları qapı-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Onların qarşısını heç tibb işçiləri də ala bilmirlər”.
Reyting.az xəbər verir ki, bunu "Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti"nə həsr olunmuş mətbuat konfransında
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.
O, süni uşaq qidalarının satışını həyata keçirən şirkətləri qınayıb: "Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Bəzi həkimlər də süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir. Belə hallara qarşı Səhiyyə Nazirliyi tərəfindən çox ciddi işlər aparılır”.
Baş pediatr süni qida məhsulları bazarında yaranan pərakəndəlikdən narahat olduğunu vurğulayıb:
"Doğrudur, ana südünün əvəzləyicinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib. Təbii ki, canlı orqanizmdə yaranan bir şeyi canlıdan başqa heç kim yarada bilməz. Ana südünün əmələ gəlməsi üçün bir neçə mərhələ lazımdır, bunun üçün isə canlı orqanizm olmalıdır. Ancaq ana südünün əvəzləyicisinin yaradılması çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı”.
O bildirib ki, ümumilikdə yeni doğulanların cəmi 20 faizi ana südü ilə qidalanır: "Hələ ötən əsrin 80-ci illərində həyəcan təbili çalındı ki, doğulan uşaqların cəmi 20 faizi ana südü ilə qidalanır. Sonra ana südü ilə qidalanma ilə bağlı təbliğata başlanıldı. Statistik məlumatlara görə, 1992-ci ildə 1 yaşa qədər 25 faiz ana öz körpəsinə süd verib. Döş ilə əmizdirmədə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, bütövlükdə döşlə əmizdirmənin mühafizəsi, təbliği istiqamətində son illər bu rəqəm 50 faizə qədər yüksəlib".
Nəsib Quliyev deyib ki, yeni doğulmuşların ana südü ilə qidalanması həm də genefondun qorunması üçün vacibdir: "Qanunvericilkdə ana südü ilə qidalanmanın təbliği, uşağını ana südü ilə qidalandıran anaların sosial müdafiəsi, ölkəyə gətirilən ana südünü əvəz edən süni uşaq qidalarının satışına nəzarəti həyata keçirmək təsbit olunub. Hazırda ana südü ilə qidalanma Bakıda 48-50 faiz, bölgələrdə isə 50-55 faiz təşkil edir. Biz bu göstəricinin 95-98 faizə yüksəlməsi üçün təbliğatı gücləndirməyi qarşıya məqsəd qoymuşuq". (Modern.az)
Bölməyə aid digər xəbərlər