Müvafiq qurumlar əlil uşaqların təhsil probleminə biganə yanaşır
Tarix: 25-10-2016 12:40 | Bölmə: Cəmiyyət

Ölkəmizdə əlilliyi olan uşaqların təhsil almaq problemi hələ də istənilən səviyyədə həllini tapmayıb. Beynəlxalq və ölkə qanunvericiliyində əlilliyi olan uşaqların inkluziv təhsil almaq hüququnun olduğu bildirilsə də, respublikamızda bu kateqoriyaya daxil olanların sağlam uşaqlara nisbətən təhsil almaq imkanı aşağı səviyyədədir.

Əlilliyi olan uşaqların məktəbəqədər təhsil imkanı da istənilən səviyyədə deyil. Çünki bağçalarda əlil uşaqlara demək olar ki, rast gəlinmir. Bu isə gələcəkdə onlara orta təhsildə xeyli çətinliklər yaradır.

Təbii ki, bu işdə valideyinlərin də üzərinə böyük məsuliyyət düşür. Bəzi valideyinlər hesab edirlər ki, uşağı əlildirsə təhsil ala bilməz. Buna görə də valideyinlər arasında maarifləndirici işlərin aparılmasına böyük ehtiyac duyulur.

Əlil uşaqların orta məktəblərdə sağlam uşaqlarla bir yerdə oxuması onların cəmiyyətə daha tez və kompleksiz adaptasiyasına kömək edə bilər. 

Gəncə Regional Kollecin 2-ci kurs tələbəsi, "Kəpənəyin saldığı yol" adlı kitabın müəllifi Mətanət Qüdsi (Quliyeva) deyir ki, bu problem onu da narahat edir:

"Bu məsələdə ilk növbədə valideyinin üzərinə böyük məsuliyyət düşür. Bir çox təhsilsiz uşaqlara görə əvvəlcə valideyinlər, sonra məktəblər məsuliyyət daşıyırlar. Məsələn, mən, əlilliyi olan uşaqlarla söhbət edəndə öyrəndim ki, ordakı uşaqların çoxunun III-V sinifə qədər təhsili var. Səhhəti bir qədər yaxşı olan uşaqlar isə IX sinifə qədər təhsil alıblar. Onlarla danışıb ortaq məxrəcə gəlirəm ki, sağlam uşaqlarla anlaşa bilmirlər, lağ edən olur, kompleks və narahatlıq yaranır,özünü tək hiss edir. Bu səbəbdən də onlar təhsillərini davam etdirmək istəmirlər.Təbii ki, bu uşaq psixologiyasıdı, onlar anlamalıdırlar ki, təhsilsiz olmaları özlərinə həyatı boyu ziyan vuracaq”.

Mətənat xanım bildirib ki, heç bir təhsil müəssəsində əllilər üçün pandus yerləşdirməyib, digər imkanlar yaratmayıblar:

"İstər məktəbdə olsun, istərsə də məktəbin həyətində və pilləkənlərdə - çıxıb düşmək üçün belə bir şərait yoxdur. Sadəcə, bu qanun vərəq üzərində qalır”.

 Mətanət Qüdsi qeyd edib ki, Azərbaycanın bəzi yerlərində tikinti işləri aparılarkən əlliliyi olan insanları nəzərə alsalar da, marketlərdə, restoranlarda və kitabxanalarda bu şərait barədə düşünmürlər.

Onu da qeyd edək ki, Mətanət xanım bir çox uğurlara imza atıb. Deyir ki, çətinlik çəkmədən heç bir uğur əldə etməyib :

"Həyat səni xoşbəxtliyə aparırsa, sənə nəsə verirsə, ən çətin yollardan keçrir. Çünki uğura asan yolla getmək olmur”.

M.Qüdsi sonda əlliliyi olan uşaqlara öz məsləhətini də verib :

"Məhdudiyyət bədbəxtlik və ya əngəl deyil. Bununla sınağa çəkilirik və buna dözürüksə, deməli, biz güclüyük. Həyatdan sevgi ilə, inam hissi ilə istəyin və inanın, inamlı olun! Belə olduqda istədiyinizə çatacaqsınız”.

Elşən RAMİZOĞLU

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər