12 yaşlı uşağın ölümü ilə bağlı rəsmi məlumat yayıldı: "Baş nahiyəsindəki xəsarətlər..."
Tarix: 22-05-2020 18:40 | Bölmə: Cəmiyyət
12 yaşlı uşağın ölümü ilə bağlı rəsmi məlumat yayıldı: "Baş nahiyəsindəki xəsarətlər..."

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən 2 km aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.

Oğuz rayon Prokurorluğu və Oğuz Rayon Polis Şöbəsinin Reyting.az-a daxil olan birgə məlumatında bildirilib ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər