16:39 / 28-11-2024
Sabah qar yağacaq
Deputatın qardaşı oğlunun cinayət işi icraata verilib
Tarix: 03-09-2020 10:10 | Bölmə: Cəmiyyət
Deputatın qardaşı oğlunun cinayət işi icraata verilib

Külli miqdarda dələduzluq etməkdə və rüşvət almaqda ittiham olunan Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Əmiraslanovun cinayət işi icraata verilib.

APA-nın məlumatına görə, E. Əmiraslanovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Emil Əmiraslanovun bir neçə vətəndaşa məxsus pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməsi barədə Baş Prokurorluğunun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq, 8 iyun 2020-ci il tarixdə toplanmış material əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Emil Əmiraslanovun Bakı Humanitar Kollecində prorektor vəzifəsinə təyin etmək vədi ilə 20 min manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək vədi ilə 12 min manat, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsi həbsdən azad edilməsində köməklik göstərmək vədi ilə 20 min manat məbləğdə pul vəsaitini ayrı-ayrı vətəndaşlardan qəbul etməklə, təkrarən dələduzluq etməsinə, eləcə də, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Əmiraslanov 14 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmaqla 26 avqust 2020-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Emil Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanovun qardaşı oğludur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər