Tarix: 06-04-2017 16:27 | Bölmə: Cəmiyyət
Orta məktəblərdə ədəbiyyat fənni ya çox zəif tədris olunur, ya da bəzən tədris zərərəli istiqamətlərə yönəlir. Mütəxəssislər və bəzi valideynlər bunun gələcəkdə ictimai şüurun formalaşması baxımından mənfi nəticələr verəcəyini bildirirlər.
Şərqşünas, araşdırmaçı-yazar Vüsal Hətəmov "Reytinq"ə deyib ki, müəllimlərin bu dərsi istənilən səviyyədə keçməməsində bir çox səbəblər var. Onun sözlərinə görə, burada həm iqtisadi tərəf, həm müəllimlərin bilik səviyyəsi, həm də milli düşüncənin inkişafına təxribat amilini qeyd etmək lazımdır:
"İqtisadi tərəfi budur ki, ali məktəblərə qəbul testlərində ədəbiyyatdan sual az düşür. Buna görə də repetitorluq edən müəllimlər məcburdurlar ki, əsas diqqəti Azərbaycan dilinin qrammatikasına yönəltsinlər. Çünki ali məktəblərə imtahan verən şagirdlər zəif bal toplasalar, həmin müəllimin əlavə dərs hazırlığına gələn olmayacaq.
Bundan başqa, bir çox müəllimlər qeyd edir ki, məktəb direktorları onları bu işə məcbur edir.
Bəli, bəzi məktəb direktorları göstəriş verir ki, Azərbaycan dili-ədəbiyyat müəllimləri Azərbaycan dilinin qrammatikasının tədrisinə üstünlük versinlər. Çünki şagirdlər imtahanlar zamanı yüksək göstəriciyə nail olmalıdırlar. Ədəbiyyatdan isə sual az düşdüyü üçün bu fənnə vaxt ayırmaq səmərəli deyil".
V.Hətəmov deyib ki, bu sahədə müəllimlər, filoloqlar ədəbiyyat dərslərini yalnız nəzəri qaydalar əsasında öyrəndiklərindən klassiklərimizin əsərlərini tam mənimsəyə bilməyiblər: "Filoloq, ədəbiyyatçı müəllimlərin bir çoxu əski əlifbanı, ərəb-fars dilini bilmədikləri üçün klassiklərimizi tanımırlar, başa düşmürlər, buna görə də onlarınəksəriyyətində bu fənnə maraq azdır. Düzdür, Filologiya fakültəsində sözügedən fənlər tədris olunur, amma bu, səthidir, tədqiqat aparacaq dərəcədə deyil. Ona görə də ən böyük ədəbi tədqiqatçılar filoloq və ədəbiyyatçılar arasında deyil, şərqşünaslar arasında yetişir. Halbuki filoloqlar bunu şərqşünaslardan daha yaxşı bacararlar. Çünki onlar bu elmin mənimsəmə metodunu bilirlər. Təəssüf ki, Şərq dillərini bilmədikləri üçün həmin metod onların işinə yaramır".
V.Hətəmovun sözlərinə görə, universitetlərdə Filologiya fakültəsində oxuyan tələbələr ədəbiyyat sahəsində nəzəri qaydaları, ədəbi tarixi xronologiyaları, klassiklərimizin həyat və yaradıcılığı haqqında ümumi əsasları bilirlər. Amma hansısa qəzəlin izahını verməkdə çətinlik çəkirlər.
Şərqşünas qeyd edib ki, tariximizi öyrənmək üçün ədədbiyyata müraciət edirik: "Dəvdək Alban çarı Cavanşirin ölümünə dair mərsiyə yazıb. Bu haqda ədəbiyyat dərsində keçirilməsə, şagird buna daha heç yerdə rast gəlməyəcək. Diqqətlə baxsaq, görərik ki, tarixdə ən çox yadda qalan tarixi şəxsiyyətlər ədəbiyyatla bağlı olan şəxslərdir. Misal üçün, Səfəvilər sülaləsi arasında ən çox yadda qalan şəxs Şah İsmayıldır. Çünki o, həm də şair idi. Halbuki səfəvilərdən sonra hakimiyyətdə olan Nadir Şahın fəth etdiyi ərazi Şah İsmayılın fəth etdiyi ərazidən çox idi. Amma Nadir Şah şair olmadığı üçün sonrakı tarixi dövrlərdə Şah İsmayıl qədər ürəklərə yol tapa bilmədi.
Həmçinin, tarixi şəxsiyyətlərimizin ideoloji portretini cızmaq, xarakterik mənəvi simasını təsvir etmək istəyəndə də köməyimizə onların özlərinin, habelə müasirlərinin əsərləri, ədəbi nümunələri çatır".
V.Hətəmov ədəbiyyat dərsinə qarşı soyuq münasibəti təxribat adlandırıb: "Ədəbiyyat dərsinin zəif tədrisi yeniyetmə və gənclərdə milli şüurun formalaşmasını ləngidir. Misal üçün, Seyid Nigarini, Natəvanı tanımayan millətə qarşı erməni tarixçiləri rahat şəkildə iddia qaldıra bilər ki, bura tarixən sizin deyil. Necə ki, Alban xristian kilsələrini öz xristian məbədləri kimi qələmə verirlər”.
Şərqşünas qeyd edib ki, sovetlər dönəmində bizi bir millət kimi xilas edən ədəbiyyatımız olub. "70 il bizə ateizmdən dərs deyilsə də, xalqımız Nəsimi, Füzuli, Xətai, Sabir və digərlərinin yaradıcılığı vasitəsilə tarixi milli kimliyimizi unutmadı. Təkrar deyirəm, hazırda məktəblərdə ədəbiyyat dərslərinə ciddi fikir verilməməsi, hətta bəzi müəllimlərin ədəbiyyat dərsi saatında ədəbiyyat dərsi əvəzinə Azərbaycan dilinin qrammatikasını keçməsi təhlükədir. Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən zövq ala bilmləyən gənclik narkomaniyada, əxlaqsız işlərdə zövq axtaracaq. Öz tarixi şəxsiyyətlərini, mütəfəkkirlərini tanımayan insan sabah asanlıqla bu millətə, xalqa dönük çıxacaq və təbii ki, belə gənclərin sorağı İŞİD sıralarından gələcək",-deyə V.Hətəmov fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər