İcra Hakimiyyətinin əməkdaşı həkimdən 6000 manat rüşvət istəyib
Tarix: 24-02-2016 18:01 | Bölmə: Cəmiyyət / Xəbərlər


Nəsimi rayonu, Lev Tolstoy küçəsi, bina 160, mənzil 1 ünvanında yerləşən mənzilin sahibi, ixtisasca diş həkimi olan, ikinci qrup əlil Akif Məmmədov süründürməçiliklə üzləşib. O, Bakı şəhər və Nəsimi rayon icra hakimiyyətlərndə üzləşdiyi problemlər səbəbindən ölkə başçısına və digər adiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıb.

Akif Məmmədovun iddiasına görə, Nəsimi Rayon İcra Hakimiyyətində çalışan məmurlar ilyarımdır ki, onu get-gələ salıblar:

«Mən, 2014-cü ilin noyabr ayında Nəsimi rayonundakı mənzilimi qeyri-yaşayış sahəsi kimi sənədləşdirmək istədim. Özüm diş həkimiyəm, istədim ki, həmin yerdə əhaliyə tibbi xidmət göstərim. Bu səbəbdən də Nəsimi Rayon İcra hakimiyyətinə müraciət elədim. İcra hakimiyyətində çalışan Nəcməddin Yunusov adlı şəxs bu iş üçün məndən 6 min manat rüşvət istədi. Həmin şəxs Humanitar şöbənin əməkdaşı idi”.

A.Məmmədov bildirir ki, ondan tələb olunan rüşvəti vermədiyi üçün problemlə üzləşib. Onun sözlərinə görə, adıçəkilən rayonun İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Zahid Xəlilovun imzası ilə ona məktub göndərilib: "Orada yazılırdı ki, mənzilinizin faktiki ölçüləri ilətexniki pasportdakı ölçülərində fərq var. O da qeyd olunurdu ki, Mənzil Məcəlləsinə görə, yaşayış sahəsinin qeyri-yaşayışa keçirilməsi üçün ayrıca gediş-gəliş olmalıdır. Mən də bilirdim ki, gediş-gəliş olmalıdır, amma faktiki ölçülərlə sənəddəki ölçülərin arasında fərqin olması ilə bağlı yazılanlar doğru deyil”.

Şikayətçi məsələylə bağlı Prezident Administrasiyasında da olub. Zeynal Nağdəliyevin qəbuluna yazılıb: "Amma orda məni Rəhim müəllim qəbul etdi. Orda dövlət başçısının adına ərizə yazdım, ərizəmdə məndən istənilən rüşvəti də qeyd elədim. Bundan sonra sənədləri icra hakimiyyətinə göndərdilər. Bunun əsasında keçmiş icra başçısı, indiki deputat Nəsib Məhəməliyevin imzası ilə mənə, bir surəti də Prezident Administrasiyasına məktub göndərildi. Bu məktubda da birinci məktubdakı məqamlar qeyd olunurdu».

Şikayətçi bildirib ki, əslində bu məktubla keçmiş icra başçısı Nəsib Məhəməliyev dövlət başçısına yalan məlumat verib. Onun sözlərinə görə, məsələyə aydınlıq gətirilməsi üçün komissiya da yaradılıb:

«Komissiya üzvləri gəlib ölçüləri götürdülər və bildirdilər ki, hüquqi sənəddəki ölçülərlə faktiki ölçülər uyğun gəlir. Soruşanda ki niyə icra başçısı, yaxud şöbə müdiri mənə və prezidentə yalan məlumat verir, dedilər ki, səhv olub. Həmin komissiya rəy verdi ki, ayrıca gediş-gəliş qurmaq üçün texniki imkan var, pəncərəni qapı ilə əvəz eləmək olar. Amma icra başçısı ilə Humanitar şöbənin müdiri yazmışdı ki, bunun üçün texniki imkanlar yoxdur.

Komissiya üzvləri onu da bildirdilər ki, pəncərənin qapı ilə əvəzlənməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır. Qeyd olundu ki, bununla bağlı Hacıbala Abutalıbovun göstərişi var. Amma buna baxmayaraq, Nəsimi Rayon İcra Hakimiyyəti məsələylə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərdi”.

Bir ay sonra Nəisimi rayonunun baş arxitektoru A.Məmmədova məktub yazıb: "Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin xahişi əsasında Nazirlər Kabineti göstəriş verib ki, binaların fasad hissəsinə toxunulmasın. Halbuki, Bakı şəhərində binaların 90 faizində pəncərələr qapı ilə əvəz olunub».

A.Məmmədov qeyd edir ki, az keçmədən Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, o cümlədən Nazirlər Kabinetinin «qadağasına» baxmayaraq, 2015-ci ilin aprel ayının 30-da Nəsib Məhəməliyevin sərəncamı ilə onun mənzilinin yerləşdiyi binanın 2 nömrəli mənzilini ayrıca gediş-gəliş olmadan qeyri-yaşayış sahəsinə çeviriblər.

Şikayətçi deyir ki, onun mənzili yerləşən blokda iki qonşudur, 2 nömrəli mənzilin yerləşdiyi hissə ümumi həyətdədir, 14 ailənin gediş-gəlişi olan yerdədir: «Mən bundan sonra Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdim ki, ayrı-seçkilik eləmək olmaz. İcra başçısının birinci müavininin imzası ilə mənəcavab məktubu gəldi ki, 2 nömrəli mənzilin ayrıca gediş-gəlişi var. Halbuki, yalan danışırdılar. Bir qədər keçəndən sonra, 4 və 5-ci mənzilləri İlqar adlı şəxs aldı. Təmir zamanı gördüm ki, pəncərələri qapı ilə əvəz edir. Araşdırdım və Bakı Şəhər İcra Hakimiyyətinin ona verdiyi razılıq məktubunu ələ keçirdim (Şikayətçı həmin məktubların surətlərini və digər sənədləri də redasiyamıza təqdim edib-red.). Həmin sənəddə qeyd olunub ki, pəncərələrin qapı ilə əvəzlənməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Mən yenidən müraciət elədim ki, eyni binadakı başqa mənzilə icazə vermisizsə, mənə də eyni icazəni verin. Bundan sonra yenə məni çək-çevirə saldılar».

Şikayətçi məsələylə bağlı mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyevin qəbulunda da olub. Çünki onun mənzili yerləşən bina arxitekturnu bina sayılır və həmin nazirliyin tabeliyindəki Arxitektura İdarəsinin də bu iş üçün razılığı tələb olunur: "Nazir müavini də öz növbəsində müvafiq idarənin rəisinə zəng edərəkvətəndaşlar arasında fərq qoymamağı tapşırdı. Bundan sonra Arxitektura İdarəsi razılıq məktubu verdi. Bütün sənədləri toplayıb Bakı Şəhər İcra Hakimiyyətinə göndərdim. Arxitektura İdarəsinin Nəsimi rayonu üzrə kuratoru isə mənə zəng elədi ki, gəl, səni Akif Abdullayevlə görüşdürüm, "ortaq məxrəc”ə gəlin. Hətta bu söhbətdən sonra mənə cavab gəldi ki, FHN-nin müraciəti əsasında binaların fasadına toxunmaq olmaz. Halbuki üç-dörd ay əvvəl iki pəncərənin qapı ilə əvəz olunmasına icazə verilib. Yəni, rüşvət vermədiyim üçün mənə belə bir imkan vermirlər”.

Bundan sonra şikayətçi yenidən FHN-ə müraciət edib: "Tikinti məsələləri ilə bağlı şöbədən mənə cavab gəldi ki, əgər rayon icra hakimiyyəti razılıq verirsə, işinizi görün».

Sonda A.Məmmədov onu da nəzərə çatdırıb ki, əgər qonşularının birinə ayrıca gediş-gəliş olmadan, qeyri-yaşayış sənədi veriblərsə, digərinə iki pəncərənin qapı ilə əvəzlənməsi imkanı tanınıbsa, ona niyə eyni münasibət yoxdur? "Ümid edirəm ki, bütün bu qanunsuzluq və süründüməçiliyə görə Hacıbala Abutalıbovdan, Nəsib Məhəməliyevdən, Akif Abdullayevdən hesab sorulacaq», - deyə müsahibimiz fikrini tamamlayıb.

 

 

 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər