"Professora qarşı aparılan kampaniya AzTV-nin kollektivini gözdən salır"
Tarix: 25-02-2016 15:36 | Bölmə: Cəmiyyət / Xəbərlər

 

"Qulu Məhərrəmli mənim üçün jurnalistika sahəsində tanınmış alim, ölkənin ən çox sevilən, nüfuzlu telejurnalistlərindən, böyük ictimai ürək, əxlaq və vicdan daşıyıcısı olan ziyalılarından biridir. Bununla bərabər, o mənim dəyərli dostlarımdan biridir. Sizin dediyiniz videoçıxışlarda Qulu müəllimə qarşı təhqiramiz ifadələr işlədilməsi bu səbəblərdən də mənim üçün çox üzücüdür".

Reyting.az-ın məlumatına görə, bu sözləri moderator.az saytına açıqlamasında Media Hüququ İnstitutunun rəhbəri, tanınmış media eksperti Rəşid Hacılı deyib.

R.Hacılı bildirib ki, onun üçün bu məsələdə balanslı olmaq çətindir. Onun sözlərinə görə, "Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, eləcə də onun sədri Arif Alışanovla bağlı tənqidi mülahizələrini Qulu Məhərrəmli birinci dəfə deyil ki, səsləndirir: "Uzun illərdir o, teleradio məkanında baş verənlər barədə tənqidi şərhlər verir. Jurnalizm professoru və təcrübəli jurnalist kimi onun rəyləri çox qiymətlidir. Qulu müəllimi uzun illər çalışdığı televiziya və onun kollektivi ilə bağlayan xeylı doğmalıqlar, psoxoloji bağlar var. Təbii ki, ictimai önəmli məsələlərə münasibətdə də çox həssas şəxs olması səbəbindən onun bu televiziyaya diqqəti, orada çatışmazlıq kimi gördüyü hallara münasibəti, tənqidləri daha çox, daha qabarıq olur və daha sərt görünür.

İctimai önəmli məsələlər və ictimai önəmli şəxslər barədəki tənqidin güclü, təsiredici və daha sərt olması normaldır. İctimai-siyasi məsələlərlərlə bağlı tənqidin hədləri daha genişdir, daha çox müdafiə altındadır. Demokratik idarəetmə belə sərt çək-çevir olmadan mümkün olmazdı. Kiməsə sənin, mənim, başqalarının hesabına böyük ictimai səlahiyyətlər, böyük pul vəsaitləri üzərində sərəncam, böyük sayda insanlar üzərində idarəetmə imkanları verilibsə, onun barədə çək-çevir də uyğun dərəcədə olmalıdır".

Media eksperti bildirib ki, QSC əməkdaşlarının videoçıxışlarından ibarət olan 2 saat 40 dəqiqəlik materialın Q.Məhərrəmlinin tənqidinə cavab kimi hazırlandığını güman etmək olar: "Çox güman ki, hətta AzTV studiyalarında, iş otaqlarında çəkilib. Kimin çəkib hazırladığı materialda yazılmayıb. Yəni materialı hazırlayanlar anonim qalıblar. Amma "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində, iş otaqlarında hansısa kənardan gələn şəxslərin kamerayla, mikrofonlarla studiyalarda, iş otaqlarında saatlarca oranın işçilərindən intervyulər alması ağlabatan deyil. Deməli, böyük ehtimalla bu, AzTV-nin avadanlıqları ilə, AzTV əməkdaşları tərəfindən çəkilib və redaktə olunub. İntervyülərə AzTV-nin adi işçilərindən tutmuş bəzi vəzifəli şəxslərəcən çəlb olunublar. Onların hər birinin xeyli vaxtı, üst-üstə bütün iştirakçıların isə külli miqdarda zamanları bu videonun çəkilişinə, hazırlanmasına sərf olunub. Bir sözlə, bunu tam əsasla AzTV-nin məhsulu, mülkiyyəti saymaq olar.AzTV –nin mülkiyyətində olan belə bir materialın hansı yolla oradan çıxarılması və tamamilə kənar media saytlarında yayımlanmasının hansı hüquqi əsaslarla baş verdiyinin axırında böyük bir sual işarəsi qoymaq olar. Belə bir sual işarəsini AzTV-nin büdcəsi, resursları hesabına belə bir materialın çəkilməsinin necə əsaslandırıldığı və buna kimlərin, necə razılıq verdiklərinin arxasına da qoymaq olar.Amma arzu və güman etmək istəyirəm ki, "Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi dövlət resurslarının qanunsuz məqsədlərə istifadəsi və israfı halının olub-olmamasını araşdıracaq,hər hansı qanunsuzluq varsa, onların aradan qaldırılması üçün zəruri tədbirlər görəcək".

Rəşid Hacılı deyib ki, onun anlaya bilmədiyim başqa suallar da var: "AzTV-nin arxa həyətinə, onun mətbəxində çalışanların üzərinə belə əyri, xoşagəlməz rakursdan işıq salıb cəmiyyətə göstərmək ideyasının müəllifləri, onu icra edənlər, orada rol alıb çıxışlar edənlər bununla AzTV-ni gözdən saldıqlarının fərqindədirlərmi? Onlar sədr Arif Alışanova pis, zərərli, necə deyərlər, ayı xidməti göstərdiklərinin, onu xoşagəlməz durumda qoyduqlarının fərqindədirlərmi?

Bəyəm AzTV-nin və Arif müəllimin uğurlarını, xidmətlərini ifadə etmək və cəmiyyətə çatdirmaq üçün başqa bəhanə, başqa format tapmaq olmazdımı? Nədən bunu məhz Qulu Məhərrəmlini ictimai linçləmə kampaniyasının içində etmək lazım idi?

2 saat 40 dəqiqəlik videonun verdiyi mesaj, informasiya çox sadə və aydın idi: "Arif müəllim çox yaxşıdır, televiziya üçün çox iş görüb, biz onu sevirik, Qulu müəllim çox pisdir, o səhv edib Arif müəllimi tənqid edib, biz ona nifrət edirik.”

Bu, 60 illik tarixə, böyük resurslara sahib televiziya üçün həddən ziyadə bəsit deyilmi, yarıtmaz bir təqdimat deyilmi?”.

R.Hacılı qeyd edib ki, böyük bir media qurumunu, onun jurnalistlərini başqa bir jurnalistə qarşı aşağı səviyyəli informasiya və ifadələrlə dolu veriliş çəkilməsinə cəlb edənlər təkcə AzTV-ni, həmin verilişə xoş-güc cəlb olunmuş şəxsləri yox, həm də AzTV kollektivini gözdən salıblar. Onun yaydığı məhsullara cəmiyyətin olan-qalan inamını sarsıdıblar.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər