Tibb müəssisələrinin qiymətləndirilməsi üçün yeni meyarlar hazırlanır
Tarix: 10-02-2022 14:10 | Bölmə: Cəmiyyət
Tibb müəssisələrinin qiymətləndirilməsi üçün yeni meyarlar hazırlanır

"Səhiyyənin rəqəmsallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrdən biri tibbi rəqəmsal əkiz sisteminin yaradılmasıdır".

Bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. Nazir bildirib ki, bunu fərdin sağlamlıq məlumatlarının yer aldığı elektron profillər də adlandırmaq olar:

"Bu sistemdə qadının hamiləlik dövründən başlayaraq şəxs vəfat edənədək onun sağlamlığına dair bütün məlumatlar toplanacaq. Toplanan məlumatlar əhalinin sistemli və keyfiyyətli müalicə almasını, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağı və buna uyğun gələcək səhiyyə strategiyasının formalaşdırılmasını təmin edəcək".

Nazir qeyd edib ki, effektiv səhiyyə idarəetməsinin formalaşdırılmasının digər istiqaməti tibb müəssisələrinin qiymətləndirilməsi üzərində qurulacaq:

"Müasir səhiyyə sistemlərində akkreditasiyanın rolu pasiyentlərin təhlükəsizliyinə və göstərilən xidmətlərin səviyyəsinə təsir edən məsələləri nəzarətdə saxlamaqdır. Tibb müəssisələrinin qiymətləndirilməsi üçün akkreditasiya standartları adlanan ölçülə bilən meyarlar hazırlanır. Standartlar dinamikdir və periodik dəyişikliklər oluna bilir. Akkreditasiya sisteminin ən əhəmiyyətli elementi odur ki, istənilən tibb müəssisəsi yaxşı nümunələr kimi qəbul olunmuş akkreditasiya standartlarına əsasən öz fəaliyyətini qiymətləndirə bilir. Çatışmazlıqların aşkar olunması müəssisə daxilində proseslərin təkmilləşdirmə yollarının araşdırılmasına şərait yaradır. Hazırda Səhiyyə Nazirliyində yaradılmış İşçi qrup tərəfindən tibb müəssisələrinin akkreditasiyası ilə bağlı normativ-hüquqi baza yenidən işlənməkdədir" - nazir əlavə edib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər