Tarix: 12-04-2016 13:08 | Bölmə: Cəmiyyət / Xəbərlər
"Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının ləğv edilməsi və Dövlət İmtahan Mərkəzinin yaradılması ilə elə
də böyük dəyişiklik olmayacaq”.
Reyting.az saytı xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyub deyib.
O qeyd edib ki, yeni qurumun hansı dəyişiklərə səbəb olacağı haqqında indidən
danışmaq tezdir.
"Bunun üçün əlimizdə yeni yaradılmış qurumun əsasnaməsi olmalıdır. Ümumən bunu
yeni qurum da hesab etmirəm. Çünki TQDK adından bəlli olduğu kimi, tələbə
qəbulu ilə məşğul olurdu. Amma sonrakı illərdə bu komissiya dövlət qulluğuna
qəbul olunmaq istəyənlərin də imtahanlarını keçirdi və digər işlərlə də məşğul
oldu. Ona görə də hesab edirəm ki, sadəcə ad dəyişikliyi olub. Yəni Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının gördüyü işlərin məzmununa uyğun olaraq adı
dəyişilib. Gələcəkdə nə fəaliyyət göstərəcək, necə edəcək, bu artıq Əsasnamədən
irəli gələcək. Bu da hələki bəllli deyil. Test imtahanlarının necə keçiriləcək
və ya ümumiyyətlə keçiriləcəkmi, bilinmir. Əsasnamə ortada olsa, daha dəqiq bir
söz deyə bilərik. Fikrimcə, çox da böyük dəyişiklik olmayacaq”.
Xatırladaq ki, prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Bölməyə aid digər xəbərlər