İran nüvə obyektlərinin girişlərini torpaqla doldurur - Fotolar
Tarix: 10-02-2026 13:39 | Bölmə: Dünya

İran nüvə obyektlərinin girişlərini torpaqla doldurur

Yaxın Şərqdə müharibə gərginliyi davam edərkən ABŞ və İran danışıqlar masasına oturub. İsrail və ABŞ Tehran hökumətinin nüvə fəaliyyətini məhdudlaşdırmaq səylərini davam etdirir.

Reyting.az xəbər verir ki, belə bir vaxtda Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun hesabatında İsfahandakı nüvə obyektinin yüksək keyfiyyətli peyk görüntüləri təhlil edilib. Görüntülərdən aydın olur ki, nüvə obyektindəki tunel girişləri əsasən torpaqla möhürlənib.

Obyektin mərkəzində və cənubundakı girişlər tamamilə basdırılaraq, tanınmaz hala salınıb, əlavə passiv müdafiə tədbirləri olan şimal girişi də torpaqla örtülüb. Girişlərin ətrafında nəqliyyat vasitələrinin hərəkət etməməsi də diqqət çəkir.

Hesabatda bildirilir ki, bu addım mümkün hava hücumuna və ya xüsusi təyinatlı qüvvələr tərəfindən həyata keçirilə biləcək əməliyyata qarşı ehtiyat tədbiridir.

Tunel girişlərinin bağlanmasının mümkün hava hücumunun təsirini azaldacağı və obyektin içərisindəki avadanlıqlara və digər materiallara quru yolu ilə daxil olmağı çətinləşdirə biləcəyi qeyd edilir.

İsrailin “Maariv” qəzeti yazır ki, jurnalist Amihai Steyn İrandakı peyk görüntüləri ilə bağlı açıqlama verib.

Steyn bildirib ki, iranlılar bu nüvə obyektinə mümkün hava hücumdan və ya ABŞ-İsrail basqınından ciddi narahat olublar.

“Tunel girişlərinin torpaqla möhürlənməsi mümkün hava hücumunun təsirini azaltmağa kömək edəcək və həmçinin xüsusi təyinatlı qüvvələrin zənginləşdirilmiş uranı ələ keçirmək və ya məhv etmək üçün quruya çıxışını çətinləşdirəcək. İranın qorunmaq üçün bəzi avadanlıq və ya materialları tunellərə daşıması da mümkündür, lakin bu təsdiqlənə bilməz”, - deyə o əlavə edib.

Xatırladaq ki, oxşar hazırlıqlar əvvəllər Fordo, Nətənz və İsfahandakı obyektləri hədəf alan “Gecəyarısı çəkic əməliyyatı”ndan əvvəl də müşahidə olunub.

ABŞ-da yerləşən “Planet Labs PBC” şirkəti tərəfindən yanvar ayının sonunda təqdim edilən peyk görüntüləri də Nətənz və İsfahandakı nüvə obyektlərində bəzi tikinti fəaliyyətlərinin olduğunu göstərir. Peyk görüntüləri göstərir ki, İsfahandakı nüvə obyektində dam örtüyü tikilir, yaxınlıqdakı dağa aparan iki tunel torpaqla doldurulur və üçüncü tunelin girişində yeni divarlar tikilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər