Rüşvətxor məmurlar müharibə veteranının evini sökdürdü – Rüşvət tələbinə əməl etmədiyi üçün
Tarix: 21-05-2016 10:29 | Bölmə: Gündəm


Qarabağ müharibəsi veteranı Süleyman Əlican oğlu Süleymanova məxsus yarımçıq tikili Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni olaraq sökülüb.

S.Süleymanov mia.az-a bildirib ki, Abşeron rayonu Novxanı kəndində oğluna məxsus torpaqda elə oğlu üçün birmərtəbəli fərdi yaşayış evi tikdirir. Yaşayış evinin tikilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün prosedurları həyata keçirib, amma buna baxmayaraq, Abşeron Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin işçiləri qeyri-qanuni şəkildə və heç bir xəbərdarlıq eləmədən yarımçıq tikilini söküblər:

"Torpaq və ev oğluma məxsusdur. Biz qanunlara riayət edən insanlarıq. Ona görə də qanunvericilikdə nəzərdə tutulan bütün addımları atmışıq. 2016–cı il mart ayının 2-də Abşeron Rayon İcra Hakimiyyətinə ərizəylə müraciət etmişik. Ərizəyə evin memarlıq-planlaşdırma layihəsini, yəni eskizini və qanunvericilikdə nəzərdə tutulan digər bütün sənədləri əlavə etmişik. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, bir ay müddətində gözlədikdən sonra işə başladıq.

Nəzərinizə çatdırıram ki, sözügedən Məcəllənin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Ərizəylə müraciət etdikdən sonra 1 ay müddətində məktubla cavab verilməzsə, bu, o deməkdir ki, artıq işə başlaya bilərik. Qeyd edim ki, ərizədə ünvan və telefon nömrələri aydın şəkildə göstərilib və bizə heç bir məktub göndərilməyib. Həmçinin ərizəni təqdim edərkən bizə bildirdilər ki, 10 gündən sonra Memarlıq şöbəsinə yaxınlaşarsız. Qanunda əslində belə bir şeyin olmadığını bildirilib, bunun səbəbini soruşduqda xanım Muradova bizə bildirdi ki, "bizə müraciətlər çox olur, vaxtımız yoxdur bir-bir hamısıyla maraqlanaq, gərək Akif müəllimin qəbuluna düşüb onun icazəsini alasınız”.

Təbii ki, burada "icazə” deyiləndə rüşvət nəzərdə tutulurdu. Xatırladım ki, torpağın həm çıxarışı, həm də texniki pasportu var.Təxminən bir ay olar işə başlamışdıq. Amma heç bir xəbərdarlıq eləmədən icra hakimiyyətindən beş maşın nümayəndə gəlib, ev yiyəsinin xəbəri olmadan 10 dəqiqənin içində evi söküblər.

Qonşuluqda qızım yaşayır. Nə qədər çalışıb ki, bunları başa salsın, yola gətirsin, heç bir əhəmiyyət verməyiblər. Baxmayaraq ki, qızım onlara bütün sənədləri təqdim edib, sənədlərə heç baxmayıblar da”.

Süleyman Süleymanov bildirir ki, ona edilən bu qanunsuzluq və hörmətsizlik barədə bütün müvafiq orqanlara müraciət edib:

"Mən bu millət, bu dövlət uğrunda körpə uşaqlarımı, ailəmi başsız qoyub illərlə düşmənlə mübarizə aparmışam. Sonda bu cür münasibətə məruz qalmaq çox acınacaqlıdır. Sizin vasitənizlə bütün cavabdeh qrumlara müraciət edirəm. Tikinti sahəsində bu özbaşınalığa, qanunsuzluqlara son qoyulsun! Bu cür rüşvətxor və vicdansız dövlət məmurları cəzalandırılmasa, vəziyyət getdikcə daha da pisləşəcək. Prezidentimiz dəfələrlə bu məsələnin asanlaşması üçün fərman və sərəncamlar imzalayıb. Amma bunlar getdikcə məsələni qəlizləşdirirlər. Bu cür azğın məmurlar barədə tədbir görülməlidir. Xahiş edirəm, mənim evimi əvvəlki vəziyyətinə qaytarsınlar. Bir neçə ay bundan öncə qonşuluqda eynilə bizim kimi, bütün sənədləri qaydasında olan bir nəfərin evini gəlib sökdülər. Həmin adam da baş prokurorluqdan tutmuş bütün müvafiq qurumlara şikayət elədi. Sonda həmin harınlamış məmurlar məcbur qalıb həmin evi yenidən tikdilər. Öz sökdükləri evi özü tikdilər. Həmin adamı yalvar-yaxışla şikayətini geri götürməsi üçün yola gətirdilər. Düşünürdüm bu hadisə onlara dərs olacaq. Amma sən demə elə deyilmiş. Buna görə məcbur qalıb bu məsələni ictimailəşdirdim. Bəlkə, bu yolla bu sahədəki özbaşınalığa son qoyular”.

 







Bölməyə aid digər xəbərlər
bütün xəbərlər