17:27 / 25-11-2024
"Sabah"a yeni baş məşqçi təyin olunub
17:26 / 25-11-2024
Paşinyan qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq istəyir
16:42 / 25-11-2024
Şərur MTK məhkəməyə verilib
16:18 / 25-11-2024
Vüqar Bayramov: "Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı"
16:03 / 25-11-2024
Papuaşvili yenidən spiker seçilib
15:56 / 25-11-2024
31 il əvvəl törədilmiş ağır cinayətin üstü açılıb
15:53 / 25-11-2024
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - Video
15:51 / 25-11-2024
COP29: sui-istifadəyə cəhdlər olsa da, müsbət nəticə əldə edilib
15:50 / 25-11-2024
Sabiq xidmət rəisinə 10,5 il həbs cəzası verilib
15:39 / 25-11-2024
Ukraynaya qoşun göndərilməsi ilə bağlı müzakirələr başlayıb
15:17 / 25-11-2024
“Sabah” baş məşqçini istefaya göndərib
15:12 / 25-11-2024
İsrail səfirliyi yaxınlığında silahlı qarşıdurma olub
15:08 / 25-11-2024
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi təxirə düşüb
15:07 / 25-11-2024
Rusiya Ermənistanın Avrasiyada təhlükəsizlik sisteminin inkişafında iştirakına ümid edir
14:55 / 25-11-2024
“İnteraz” rəhbərinin məhkəməsi keçirilib
14:43 / 25-11-2024
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
14:29 / 25-11-2024
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
14:21 / 25-11-2024
İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edib
14:16 / 25-11-2024
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə təsdiqlənib
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
14:00 / 25-11-2024
Nazirlik Boradigah sakinlərinə müsbət cavab verib
13:49 / 25-11-2024
Kəşfiyyat araşdırır: “Xabad” elçisinin qətlində “Özbəkistan izi” var
13:32 / 25-11-2024
Piramidanın tikintisinə 5 milyard dollar tələb olunur - Foto
13:09 / 25-11-2024
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
13:01 / 25-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:51 / 25-11-2024
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
12:49 / 25-11-2024
Rusiya-Ukrayna müharibəsi rusları bezdirib - Foto
12:38 / 25-11-2024
Bir qrup vəzifəli şəxs hakim qarşısına çıxarılır
12:33 / 25-11-2024
Süni intellektin yaratdığı nənə fırıldaqçılarla mübarizə aparacaq
12:27 / 25-11-2024
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
11:03 / 23-11-2024
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır? - (Yenilənib)
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
00:05 / 23-11-2024
Sumqayıt-75: keçmişə baxış və inkişaf impulsları
13:12 / 21-11-2024
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DİM-dən açıqlama
İlham Əliyev ailə üzvləri ilə Şəkidə: sakinlərlə söhbət və... - (Yenilənib) - Fotolar
Tarix: 02-12-2022 22:37 | Bölmə: Gündəm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər.
Reyting.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
***
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, həmçinin “Şəki dairəvi yolu”nun əsaslı şəkildə təmiri də daxildir.
Qeyd edilib ki, layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə asfalt örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik 144 yeni dairəvi suötürücü boru quraşdırılıb, iki su keçidi və 11,6 kilometr uzunluğunda suaxıdıcı kanallar inşa edilib. Yola üç laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Məlumat verilib ki, layihə çərçivəsində Zəyzidçay çayı üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində 22 metr uzunluğunda yeni körpü inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub.
Görülən işlərə paralel olaraq, zəruri yerlərdə 408 yol nişanı, 1731 siqnal dirəyi, 7 avtodayanacaq, 12,2 kilometr əyrixətli dəmir tir quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib.
Qeyd edək ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.
Reyting.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəssisənin fəaliyyəti barədə dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verib.
Bildirilib ki, müəssisənin 100 hektar bağ sahəsi var. Həmin ərazidə Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından, o cümlədən şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma və alça meyvələrinin bir neçə növündən ibarət bağ salınıb.
Diqqətə çatdırılıb ki, meyvə bağının suvarma suyu ilə təminatı üçün 8 artezian quyusu qazılıb, ümumi həcmi 15 min kubmetr olan su tutarları tikilib. Ərazinin fasiləsiz və səmərəli suvarılması məqsədilə 2 su nasosundan ibarət stansiya qurulub, müasir suvarma texnologiyalarının bütün texniki normalarına uyğun damcılama suvarma sistemi yaradılıb.
Müəssisənin ərazisində logistik mərkəz fəaliyyət göstərir. Bu mərkəzə ümumi həcmi min kubmetr olan 9 soyuducu kamera, gündəlik istehsal gücü 3 ton olan qurutma, saatda 5 ton istehsal gücü olan çeşidləmə və qablaşdırma avadanlıqları, anbar binası, ofis və digər yardımçı binalar daxildir.
Məlumat verilib ki, müəssisədə və bağ sahəsində 38 nəfər daimi, 120-150 nəfər mövsümi işçi çalışır. Ümumi dəyəri 7,5 milyon manat olan müəssisənin yaradılması üçün Sahibkarlığın İnkişafı Fondundan 2,5 milyon manat güzəştli kredit götürülüb.
***
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olublar.
Reyting.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya kompleksdə aparılmış bərpa işləri barədə məlumat verib.
Bildirilib ki, Şəki Xan məscidi kompleksi əsaslı bərpa işlərindən sonra istifadəyə verilib. Tarixi Şəki Xan məscidində bərpa işləri 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Heydər Əliyev Fondu bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib.
Qeyd edilib ki, məscid kompleksi ərazisindəki bərpa işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında aparılıb. Ölkə əhəmiyyətli abidə siyahısında olan məscid xanlıqlar dövrünə (1745-1750-ci illər) aid edilir. Tarixi məlumatlara və üzərində qeyd edilən kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub.
Məscidin yanında yerləşən qəbiristanlıqdakı əsas 13 qəbir xan nəslinin nümayəndələrinə aiddir. Qəbiristanlıqda yalnız xan nəslinin nümayəndələri dəfn olunduğundan “Xan qəbiristanlığı” adı verilib.
Diqqətə çatdırılıb ki, məscidin 21 metrlik minarəsi bişmiş kərpic və əhəng məhlulundan istifadə edilməklə inşa olunub. Burada eyvana qalxmaq üçün dairəvi pilləkən var. Məscidin ön fasadında olan tağvari eyvan isə məscidə xüsusi gözəllik verir. Məscidin bərpası layihəsi 1981-ci ildə hazırlansa da, sonrakı illərdə heç bir iş görülməyib.
Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə başlanan bərpa işləri çərçivəsində əvvəl Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xan məscidi kompleksində 3D ölçmə işləri aparılıb. Bu işlər məscid kompleksinin ilkin görüntüsünün əldə edilməsi baxımından əhəmiyyətli olub. Ərazidə yerləşən tikililər - məscidin əsas binası və minarə, yardımçı tikililər, kompleks ərazisinin hasarı və orada yerləşən məzarlıq skan edilib, məscidin 3D modeli hazırlanıb. Məscid kompleksinin əldə olunan ilkin görüntüsü əsasında aparılan bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Eyni zamanda, məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Memarların rəyi əsasında yerli memarlıq atributlarından olan şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü qaytarılıb.
Məscid tavanının fotosu olmadığından Dövlət Turizm Agentliyinin və layihəçilərin birgə qərarı əsasında Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkə quruluşunda yeni tavan yığılıb. Binanın daxili və xarici divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub.
Məlumat verilib ki, məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Layihəyə uyğun olaraq məscid ərazisində xeyir-şər evi, dəstəmazxana, inzibati otaqlar tikilib. Məscidin qədim giriş darvazası və pilləkənləri, o cümlədən onun cənubunda yerləşən Xan qəbiristanlığındakı qəbir daşları bərpa edilib.
Məsciddə bərpa işləri çərçivəsində 2021-ci ilin iyun ayında mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilmişdi. Bu səbəbdən həmin hissədə bərpa işləri dayandırılmış və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılmış, ekspedisiyanın tədqiqatı və qazıntı işləri nəticəsində həmin hissədə qəbir aşkar olunmuşdur. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını yaradırdı. Bu ehtimallar, eləcə də Salman Mümtazın əsərində Şəki xanı Məhəmmədhüseyn xan Müştağın Xan məscidinin mehrabının altında dəfn edilməsinə dair məlumatın olması digər fərqli tədqiqatlarda da bu barədə olan məlumatlar əsas götürülməklə aşkarlanan tapıntılar üzrə yoxlamalar aparılmışdı. Mütəxəssislərə dəstək məqsədilə Heydər Əliyev Fondunun köməyi ilə aşkar olunan skeletdən nümunələr götürülüb, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilib. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar, genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.
Məlumat verilib ki, məscid kompleksinin ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə muzey də yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzey əyani şəkildə Şəki xanlığının yaranmasının, formalaşmasının milli dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir. İki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, Şəki adət-ənənəsi üzrə onların qarşısına qoyulan mücrülər, Şəkinin kəlağayı sənətinə aid nümunələr sərgilənir. Muzeyin birinci mərtəbəsində təqdim olunan elektron lövhədə Azərbaycan və ingilis dillərində Şəki xanlığının tarixi, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti və Şəki xanları barədə məlumatlar çatdırılır. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin “Şəki xanlarının tarixi” kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII-XIX əsrə aid silah nümunələri nümayiş olunur.
Muzeyin əsas hissələrindən biri ikinci mərtəbədəki xan otağıdır. Həmin otaq Şəki xanı Məhəmmədhüseyn xan Müştağın bu binada ibadət etməsini, ədəbi məclislər təşkil etməsini, müxtəlif qəbullar həyata keçirməsini, şahmat oynamasını əyani şəkildə nümayiş etdirir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014-2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi təqdim olunur. Bununla yanaşı, xan otağını gözəl şahmat oyunu ilə hamını heyran edən Məhəmmədhüseyn xanın şahmat taxtası, onun daima oxuduğu “Qurani-Kərim” bəzəyir. Otaqda XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının bayrağı və Şəki xanı Səlim xanın döyüş bayrağı da nümayiş etdirilir. Xan otağında “Müştaq” təxəllüsü ilə şeirlər yazan və o dövrün məşhur şairləri ilə məktublaşan Məhəmmədhüseyn xanın yazı masası da təqdim olunur.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

****

Reyting.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qoruqda görülən işlər barədə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verib.
Bildirilib ki, qoruğun ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin (Rəsm Qalereyası və qoruğun inzibati binası) təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib.
Sonra qoruğun iaşə binasındakı bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, XIX əsrdə inşa edilmiş və hazırda dövlət mühafizəsinə götürülmüş tarixi bina ənənəvi Şəki memarlığı üslubunda tikilib. Təəssüf ki, sovet dövründə bu binada xəstəxana fəaliyyət göstərib və nəticədə onun memarlıq irsi tamamilə pozulub, bir sıra əlavələr edilib. Bu memarlıq abidəsi hazırda tarixi memarlıq üslubunda bərpa və konservasiya edilir, daxili tərtibatı iaşə obyekti və tədbirlərin keçirilməsi üçün uyğunlaşdırılır.
Daha sonra qoruğun yeni inzibati binası ilə tanışlıq olub. Bildirilib ki, qoruğun yeni inzibati binası dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və XIX əsrdə əsgər kazarması kimi inşa edilib. İnzibati bina yerli memarlıq üslubunda, dağ-qaya daşından və bişmiş kərpicdən inşa olunub. Binanın memarlıq irsi qorunmaqla onun fasadı, dam örtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzibati bina üçün uyğunlaşdırılıb. Binada kommunikasiya xətləri, istilik sistemi qurulub, inzibati heyətin fəaliyyəti üçün bütün şərait, fond və arxiv otaqları yaradılıb. İnzibati binanın ümumi sahəsi 324 kvadratmetrdir.
Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya qoruqdakı şəbəkə emalatxanasında görüləcək bərpa işləri barədə məlumat verilib.
Bildirilib ki, şəbəkə emalatxanasının yerləşdiyi bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Binaya ümumi sahəsi 127 kvadratmetr olan əsas və sahəsi 30 kvadratmetr olan yardımçı tikililər daxildir. Hazırda bərpa olunan binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Yeni konsepsiyaya görə “Şəbəkə evi” emalatxanasında sənətkarların fəaliyyət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv turizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi yaradılacaq. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün “Şəbəkə Təlim-Tədris Mərkəzi” fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəbəkə ustası ilə söhbət ediblər.
Prezident İlham Əliyev: Salamaleykum.
Mehriban xanım Əliyeva: Salam.
Sənətkar: Cənab Prezident, bizim işlərdir. Bu, bizdə dörd nəsildir davam edir.
Prezident İlham Əliyev: Davam edir?
Sənətkar: İki oğlumla.
Prezident İlham Əliyev: Onlar da məşğuldurlar?
Sənətkar: Bəli, məşğuldurlar.
Prezident İlham Əliyev: Bu sənət yaşamalıdır.
Sənətkar: Burada məktəb də var, yəni, uşaqlar məşğul olurlar. İndi burada bu binalar bərpa olunur.
Prezident İlham Əliyev: Bəli, burada da tədris mərkəzi olacaq.
Sənətkar: Bura şəbəkə emalatxanası olub. Amma biz istəyirik geniş olsun.
Prezident İlham Əliyev: Bəli.
Digər kişi: Tofiq müəllim bizə söz vermişdi ki, ildə 10 şagird yetişdirəcək.
Prezident İlham Əliyev: Mütləq lazımdır. Çünki bu, nadir sənətimizdir.
Sənətkar: Deməli, burada hamısı belə xırda-xırda taxta və şüşə parçalarıdır. Yəni, burada yapışqan, mismar, heç nə yoxdur.
Prezident İlham Əliyev: Bəli, mən bilirəm, yoxdur. Bu, dünyada yeganədir, bundan dünyada yoxdur.
Sənətkar: Xan sarayını biz bərpa etmişik.
Mehriban xanım Əliyeva: Bunları da özünüz edirsiniz?
Sənətkar: Bəli, hamısını özümüz edirik. Amma Xan sarayında baxın, belə çox xırda hissələrdir, biz oranı bərpa edəndə pinsetlə işləmişik.
Prezident İlham Əliyev: Xan sarayının da təmirə ehtiyacı var. İndi onunla da məşğul olacağıq. Siz də cəlb olunacaqsınız.
Sənətkar: O vaxt Xan sarayında mərmər şüşələr olub, Venesiya şüşələri, bir millimetr. Bu irilər 3 millimetrdir.
Mehriban xanım Əliyeva: Bu şüşələr 3 millimetrlikdir.
Sənətkar: Qalın şüşələr, mərmər şüşələr budur.
Prezident İlham Əliyev: Budur, hə?
Birinci xanım: Daha incə.
Prezident İlham Əliyev: Çox yaxşı.
Sənətkar: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Siz sağ olun ki, bu sənəti yaşadırsınız. Biz də əlimizdən gələni edəcəyik ki, sizin üçün daha yaxşı şərait yaradaq.
Sənətkar: Siz sağ olun ki, sənətə qiymət verirsiniz.
Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.
Sonra dövlətimizin başçısı və birinci xanım şəkili sənətkarlarla görüşdülər.
Sənətkar: Xoş gəlmisiniz, səfa gətirmisiniz. Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Salamaleykum. Xoş gördük. Sağ olun.
Mehriban xanım Əliyeva: Salam. Çox sağ olun gözəl musiqi üçün.
Sənətkar: Həmişə Allah yaxşı gündə eləsin hamınızı.
Prezident İlham Əliyev: Sağ olun, Allah cansağlığı versin.
Sənətkar: Allah Sizə cansağlığı versin, cümlənizə.
Mehriban xanım Əliyeva: Sağ olun.
Prezident İlham Əliyev: Sizə də, çox sağ olun.
Fuad Nağıyev: Bunlar da sənətkarlardır, Şəki sənətkarlarıdır.
Prezident İlham Əliyev: Salam.
Sənətkarlar: Salam, xoş gəlmisiniz. Necəsiniz?
Prezident İlham Əliyev: Bu da məşhur Şəki halvası.
Mehriban xanım Əliyeva: Şəki halvası.
Prezident İlham Əliyev: İşiniz necə gedir? Yaxşıdır?
Sənətkarlar: Yaxşıdır, şükür.
Prezident İlham Əliyev: Qonaqlar çox gəlir? İndi bunlar hamısı bərpa olunandan sonra daha çox gələcək.
Sənətkar: İnşallah, Allah canınızı sağ eləsin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Mehriban xanım Əliyeva: Sağ olun.
Sənətkarlar: Sağ olun.
Dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya qoruqdakı dairəvi məbəddə aparılan təmir-bərpa işləri barədə də məlumat verildi.
Bildirildi ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır. Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib. Hazırda binada bərpa işləri aparılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçəçi qadın sakin ilə söhbət etdilər.
Prezident İlham Əliyev: Salamaleykum.
Sakinlər: Salam.
Mehriban xanım Əliyeva: Salam.
Prezident İlham Əliyev: Xoş gördük.
Sakin: Salam, xoş gördük.
Məlumat verən şəxs: Zahid usta alətləri düzəldir.
Prezident İlham Əliyev: Salam, bu alətləri sən düzəldirsən? Çox yaxşı. Sizinki də kəlağayıdır?
Sənətkar: Bəli.
Prezident İlham Əliyev: Yerli ipəkdəndir?
Sənətkar: Bəli. Mehriban xanım məni iki dəfə Fransaya aparıb.
Mehriban xanım Əliyeva: Bizimlə getmisiniz?
Sənətkar: Bəli, sağ olun. Sizə cansağlığı arzulayıram. Sənətimizi də davam etdirməyə çalışırıq.
Prezident İlham Əliyev: Sağ olun. Sizə də cansağlığı arzulayıram.
Mehriban xanım Əliyeva: Sağ olun, sizə uğurlar.
Sənətkar: Siz də sağ olun.
Daha bir sənətkarla söhbət oldu.
Prezident İlham Əliyev: Salam.
Fuad Nağıyev: Hüseyn bizim ustamızdır, şəbəkə ustasıdır.
Hüseyn usta: Bu işlərdən görmüsünüz. Sizə bir rəhil hazırlamışam, bütöv taxtadan yonulur, dörd parçaya bölünür. Açılır, kitab qoymaq üçündür. Yəni, bizim qədim milli əşyadır, qəbul etsəniz, şad olardım.
Prezident İlham Əliyev: Əlbəttə. Çox təşəkkürümü bildirirəm. Çox sağ olun.
Hüseyn usta: Sağ olun, minnətdaram.
Mehriban xanım Əliyeva: Sağ olun.
Prezident İlham Əliyev: Salamaleykum.
Mehriban xanım Əliyeva: Salam, xoş gördük.
Qadın sənətkar: Salam, bizim Şəkiyə səfa gətirmisiniz. Bu, bizim təkəlduz sənətidir, qədim Şəkiyə məxsus sənətdir. Sənətkar bacım Aysel xanımla bərabər 20 ildir bu sənətlə məşğuluq. Sizin, dövlətimizin bizə qayğısı sayəsində dəfələrlə xarici və yerli sərgilərdə olmuşuq, ICESCO-nun təşkil etdiyi sərgidə 36 ölkə arasında qalib gəlmişik. Bu da bizim keçə sənətidir. Biz veteran ailəsi olaraq, bacım Aysel xanımla fikirləşdik ki, bir dövlətin Ali Baş Komandanına necə mənəvi dəstək verə bilərik? Fikirləşdik ki, keçəçilik sənətini yaşadaq, keçə sənətinə nəfəs verək və Azərbaycanda bir ilkə imza atdıq: Keçə sənəti ilə qədim təkəlduz sənətini sintez etdik.
Prezident İlham Əliyev: Birləşdirdiniz?
Qadın sənətkar: Bəli, bacım Aysel xanımla birgə keçə sənətindən Sizə bir hədiyyə hazırlamışıq. Qələbə rəmzi olan Şuşamız, əgər qəbul etsəydiniz, məmnun olardıq, çox sevinərdik.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Qadın sənətkar: Fonda verərəm.
Prezident İlham Əliyev: Sağ olun.
Mehriban xanım Əliyeva: Çox sağ olun.
Qadın sənətkar: Bu, xüsusilə Qarabağ zonasına aiddir. Şuşada, Kəlbəcər zonasında tərəkəmə həyatı sürülən yerlərdə olub. Düzdür, bizim Şəkidə də olub, yaylaqlarda istifadə ediblər. Yurtalar, məsələn, bu, xüsusilə Oğuz türklərini birləşdirən sənətdir. Həmçinin Qobustan işləmişik, sonra bu yunları özümüz rəngləmişik. Bu isə kaftandır, keçmiş qadın kaftanıdır. Onu da özümüz düzəltmişik, bacımla birlikdə. Bu, Qarabağa aid sonabülbüllərdir, həm də Xan sarayımızın naxışıdır. Bu da türk ölkələrinə aid naxışdır, burada Qobu xalqı da var. Bundan başqa, Şəki İpək Yolu üzərində yerləşdiyi üçün ipək karvanı işləmişik. Yəni, bu sənəti gücümüz çatdığı qədər yaşatmağa çalışırıq.
Prezident İlham Əliyev: Çox yaxşı iş görürsünüz.
Qadın sənətkar: Bu da yun didmək asan olsun deyə fikirləşib, araşdırıb belə bir əhtaş hazırlamışıq, bir az müasir tipli. Yunu rahat açsın deyə.
Prezident İlham Əliyev: Texnoloji inkişafdır.
Mehriban xanım Əliyeva: Doğrudan da çox gözəldir. Yəni, bunu ilk dəfə siz sintez etmisiniz?
Qadın sənətkar: Azərbaycanda hazırda klassik keçə sənəti ilə məşğul olan bizik. Müasir nuno feltinqlə məşğul olanlar var, ancaq klassiklə yoxdur. Bir az ağır olduğu üçün fiziki güc tələb edir.
Mehriban xanım Əliyeva: Çətindir.
Qadın sənətkar: Biz pandemiya dövründən başladıq bu işə, hələ ki, üç ildir işləyirik. İnşallah, artıracağıq, yəni, çalışacağıq ki, sənəti yaşadaq.
Prezident İlham Əliyev: Çox gözəl, çox sağ olun.
Mehriban xanım Əliyeva: Sağ olun, hədiyyə də çox gözəldir, aparıb Şuşada sərgidə asarıq.
Qadın sənətkar: İnşallah, çox sağ olun, təşəkkür edirəm.
Mehriban xanım Əliyeva: Sağ olun, çox sağ olun, bacınıza da təşəkkür edirəm.
Qadın sənətkar: Çox sağ olun, Allah razı olsun.
Həmçinin məlumat verildi ki, Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilində yerləşən bəzi tarixi binalarda təmir-bərpa işləri davam etdirilir. Burada Şəki xanlığı dövrünə aid, ümumi uzunluğu təxminən 1300 metr olan Qala divarları yerləşir. Bu qala divarları əvvəlcə Şəki xanları, XIX əsrdə isə çar Rusiyası tərəfindən hərbi məqsədlər üçün istifadə edilib.
Diqqətə çatdırıldı ki, qoruğun memarlıq abidələrindən biri də XIX əsrdə inşa olunmuş əsgər kazarmasıdır və hazırda dövlət mühafizəsinə götürülüb. Bina yerli inşaat materiallarından istifadə olunmaqla, ənənəvi memarlıq üslubunda inşa edilib. Tikili giriş hissədən və əsas zaldan ibarətdir. Hazırda binada bərpa işlərinə başlanılıb və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun fond otaqları kimi fəaliyyət göstərəcək.
Daha sonra Tarix-Diyarşünaslıq Muzeyində davam edən bərpa işləri barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, Tarix-Diyarşünaslıq Muzeyinin binası dövlət mühafizəsinə götürülmüş, XIX əsrin sonlarında tikilmiş memarlıq abidəsidir. Bu bina XIX əsrdə rus əsgərləri üçün kazarma binası kimi tikilib. Bina ənənəvi yerli tikinti materiallarından (çay daşı və bişmiş kərpic) və Şəki memarlığı üslubunda inşa edilib. Muzeydə təxminən 2461-dən artıq eksponat var. Hazırda binada təmir-bərpa işləri davam edir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Rəsm Qalereyasında görülmüş bərpa işləri ilə tanış olublar.
Bildirilib ki, 1982-ci ildən rəsm qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə bərpa edilib. Binanın tarixi-memarlıq üslubu qorunmaqla onun fasadı, dam örtüyü bərpa edilib, kommunikasiya sistemi tamamilə yenidən qurulub. Qalereya binasının ümumi sahəsi 296 kvadratmetrdir. Bina üç hissədən - giriş, ekspozisiya zalları və inzibati bölmədən ibarətdir.
Məlumat verildi ki, Rəsm Qalereyasının fondunda 254 eksponat saxlanılır. Onlardan 61-i rəsm əsəri və 8-i heykəl olmaqla 69 eksponat hazırda ekspozisiyada sərgilənir, 185-i isə qalereyanın fond otağında mühafizə olunur. Ekspozisiyadakı əsərlər Azərbaycan incəsənət tarixinin, onun mövzu və üslubca müxtəlif istiqamətlərinin, inkişaf dövrlərinin ziyarətçilər tərəfindən daha dərindən başa düşülməsi üçün tarixi ardıcıllıqla sıralanıb. Ekspozisiyadakı incəsənət əsərlərinin mühafizəsi məqsədilə müvafiq temperatur və rütubət rejimi üçün zəruri olan sistem quraşdırılıb.
Qalereyanın birinci zalında görkəmli fırça ustası Maral Rəhmanzadənin “Kəlağayı geyinmiş qadın”, ikinci zalda “Zəngəzurda” əsərində yaylağa köç edən sürü və “Qaragöl” əsəri (Laçın rayonunda, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yerləşən göl), üçüncü zalda isə mərkəzi divarda Azərbaycanın görkəmli rəssamları Altay Sadıqzadənin “Sahil”, Sakit Məmmədovun “Şərq” və Elbəy Rzaquliyevin “Qırmızı Atlılar” əsərləri nümayiş olunur.
Tarix-Memarlıq Qoruğu ilə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinin sakinləri ilə söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.
Kişi sakin: Allah canınızı sağ eləsin. Gələn ayaqlarınız var olsun. Allah Sizin ömrünüzü uzun eləsin.
Prezident İlham Əliyev: Allah sizə cansağlığı versin.
Kişi sakin: Allah Sizi qorusun! Allah bütün Azərbaycanı qorusun!
Prezident İlham Əliyev: Amin!
Kişi sakin: Fateh İlham Əliyev.
Başqa kişi sakin: Bizə də nəsib oldu əlinizi sıxmaq.
Kişi sakin: Allah canınızı sağ eləsin. Gələn ayaqlarınız var olsun. Allah ömrünüzü uzun eləsin. Allah Sizi də, oğlunuzu da xoşbəxt eləsin.
Mehriban xanım Əliyeva: Çox sağ olun. Bütün Azərbaycan xalqı sağ olsun.
Kişi sakin: Sizə minnətdarıq, Sizə təşəkkür edirik.
Mehriban xanım Əliyeva: Çox sağ olun.
Kişi sakin: Yolunuz açıq olsun, sağ-salamat gedin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakinlər: Allah Sizi qorusun, uğurlar olsun.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:51
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
Bu gün, 00:01
Bu gün Kəlbəcər Şəhəri Günüdür
23-11-2024, 17:57
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
23-11-2024, 16:11
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
23-11-2024, 16:02
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
23-11-2024, 15:45
Nazirlər Kabineti daha bir qərar verib
23-11-2024, 14:31
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
22-11-2024, 16:50
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
22-11-2024, 15:25
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
22-11-2024, 11:54
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
21-11-2024, 19:12
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
21-11-2024, 16:32
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
21-11-2024, 16:23
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
21-11-2024, 12:13
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
20-11-2024, 23:09
Prezident Ağdam şəhəri ilə bağlı paylaşım edib
20-11-2024, 18:07
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
20-11-2024, 17:44
Əli Əsədov iranlı nazirlə müzakirə aparıb
20-11-2024, 09:46
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət edib - Fotolar
20-11-2024, 09:26
COP29: çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub
19-11-2024, 16:13
Azərbaycan və İran arasında hərbi əməkdaşlığa dair protokol imzalanıb
19-11-2024, 15:41
Azərbaycanın Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir - Fotolar
18-11-2024, 15:29
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
18-11-2024, 15:16
Prezident qanunu təsdiqləyib - Dəyişiklik
18-11-2024, 15:13
İlham Əliyev baş konsul təyin edib
18-11-2024, 14:43
COP29-da Həmsədrlər Koalisiyası yaradıla bilər
18-11-2024, 13:16
İlham Əliyev Surangel Uipps ilə görüşüb - Fotolar
18-11-2024, 12:30
İlham Əliyev Millətlər Birliyi Təşkilatının Baş katibi ilə görüşüb
18-11-2024, 11:00
İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
18-11-2024, 10:05
COP29: Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə olunub
17-11-2024, 18:04
İlham Əliyev federasiya prezidentlərini qəbul edib
17-11-2024, 09:24
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
17-11-2024, 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16-11-2024, 22:38
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib - Fotolar
16-11-2024, 14:25
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib
16-11-2024, 10:44
Bakıda COP29 çərçivəsində "Parlament Görüşü" başlayıb
15-11-2024, 17:26
Hərbçilərimiz "Mavi Balina - 2024" təliminə qatılıb
15-11-2024, 17:05
Albaniya Parlamentinin sədri Azərbaycana gəlib
15-11-2024, 14:17
Vladimir Putin İlham Əliyevə zəng edib
15-11-2024, 11:06
İlham Əliyev Mahmud Abbasa məktub göndərib
15-11-2024, 10:17
Rusiyanın baş prokuroru Bakıya gəlib