15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Pokrovskda qanlı döyüşlər davam edir
Tarix: 27-10-2025 15:16 | Bölmə: Dünya
Pokrovskda qanlı döyüşlər davam edir

Rusiya Ukrayna ilə döyüş zonalarındakı uğurları barədə şişirdilmiş iddialar irəli sürür.

Reyting.az
xəbər verir ki, Müharibə Tədqiqatları İnstitutunun (ISW) son hesabatına əsasən, Rusiya qoşunları Ukrayna mövqeləri arasındakı sızmalardan daha fəal şəkildə istifadə edərək irəliləyişlər əldə etdiyini iddia edir.

Analitiklərin qeyd etdiyinə görə, Kreml bəzi taktiki əhəmiyyətli ərazilərdə infiltrasiya missiyalarından, cəbhə xəttinin dağınıq olmasından və qüvvələrin parçalanmasından yararlanaraq döyüş meydanlarında “uğurlar” barədə şişirdilmiş məlumatlar yayır.

Ukrayna Baş Qərargahı 26 oktyabrda bildirib ki, Pokrovsk və Mirnoqrad istiqamətlərində vəziyyət son dərəcə gərgin olaraq qalır, Rusiya qüvvələri hücum səylərini əhəmiyyətli dərəcədə artırıb.

Qərargahın məlumatına görə, Pokrovsk ərazisində təxminən 200 rus əsgəri fəaliyyət göstərir, lakin Ukrayna ordusunun əks-təxribat əməliyyatları onların şəhərin dərinliklərinə doğru irəliləməsinin və orada möhkəmlənməsinin qarşısını alır.

ISW analitikləri vurğulayırlar ki, Rusiya qüvvələri Pokrovsk və Mirnoqrad bölgələrində müəyyən taktiki irəliləyişlər əldə etsə də, bu, Ukrayna müdafiə xəttinin dağılmasının yaxınlaşdığını göstərmir.

Bununla yanaşı, Kreml əməliyyat baxımından əhəmiyyətsiz olan kiçik yaşayış məntəqələrinin ələ keçirilməsini informasiya müharibəsində “böyük qələbə” kimi təqdim edir.

“Dronivka və Pleşeyevka kiçik kəndlərdir; müharibədən əvvəl hər birinin əhalisi təxminən 600 nəfər idi”,- deyə ISW analitikləri bildiriblər.

Digər tərəfdən, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə təqdim etdiyi son hesabatda, Rusiya ordusunun Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrini tam ələ keçirmək tapşırığını yerinə yetirməyə davam etdiyini qeyd edib.

ISW-nin yekun qiymətləndirməsinə görə:

“Gerasimovun bəyanatı, Putinin Ukraynanın qanunsuz şəkildə ilhaq edilmiş dörd bölgəsini Rusiyanın nəzarətinə tam şəkildə verməsi ilə bağlı uzunmüddətli tələblərini bir daha təkrarlayır. Bu, eyni zamanda, Kreml daxilində Donetsk üzərində tam nəzarət uğrunda cənubi Ukrayna ərazilərinin ‘mübadiləsi’ barədə son təkliflərin üstündən xətt çəkir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər