Mehdiyevin məktubu Müsavatla AMİP arasında mübahisə yaradıb
Tarix: 28-10-2025 07:56 | Bölmə: Siyasət
Mehdiyevin məktubu Müsavatla AMİP arasında mübahisə yaradıb

Müsavat Partiyası ilə AMİP arasında yenidən mübahisə yaranıb.

Reyting.az
-ın məlumatına görə, buna səbəb Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya rəhbərliyinə yazdığı iddia olunan məktub ətrafında sosial şəbəkədəki polemikadır.

Sözügedən məktubu “Facebook” səhifəsində şərh edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, bu məktubun həqiqi və ya feyk olmasından asılı olmayaraq, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və sair demokratiya atributlarının gen-bol təkrarlanmasına baxmayaraq, təklif edilən model gerçək diktaturaya zəmin yaradan avtoritar hakimiyyət sistemidir.

Onun fikrincə, məktubda açar cümlə budur: "Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarəti Dövlət Şurası həyata keçirəcək".

İsa Qəmbərin şərhinə reaksiya verən Müsavat Partiyasının rəsmisi və sabiq başqanı Arif Hacılı qeyd edib ki, Mehdiyevin bu modeli təqribən 2003-cü ildə Etibar Məmmədovun Müsavata təkifinin oxşarıdır: "Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etmə modeli".

Arif Hacılının bu yanaşmasına AMİP funksioneri Əli Orucov cavab yazıb:

"A. Hacılı yenə də faktları və reallıqları təhrif edir. 2003-cü ildə E. Məmmədov tərəfindən belə bir modelə oxşar təklif irəli sürülməyib. Ən demokratik, ədalətli və hamını qane edəcək bir model təklif olunmuşdu. İsa bəy də əvvəl razılığını bildirmişdi. Təəssüf ki, "Bizim Azərbaycan" seçki blokunun prezidentliyə namizədi İsa Qəmbər "səlahiyyətsiz prezident" olmaq istəmədiyini bəhanə gətirərək sözünü tutmadı. Bütün hakimiyyəti istədi. Ancaq sonrası nə oldu? Bundan sonrası da bildiyiniz kimi, özünü prezident elan etməklə təsəlli tapdı".

E. KAMAL




Bölməyə aid digər xəbərlər