21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Deputat: “Tender və özəlləşmə məsələlərinə yanaşma dəyişməlidir”
Tarix: 21-05-2021 16:00 | Bölmə: İqtisadiyyat
Deputat: “Tender və özəlləşmə məsələlərinə yanaşma dəyişməlidir”

“Ölkədə iqtisadi islahatların dərinləşməsi üçün iki yanaşmanı dəyişməliyik. Bunun biri tenderdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, tender ayrı-ayrı şəxslərin istiqamətləndiyi formalarda gerçəkləşir: “Ora təsadüfi adamlar düşə bilmir, daha əlverişli təklif verənlər sıradan çıxarılır, imtiyazlı şirkətlər bu tenderlərdə qalib olurlar. Digər yanaşma özəlləşmə ilə bağlıdır. Normal inkişaf etmiş ölkələrdə özəlləşmənin qiyməti minimum, onun gətirəcəyi gəlir əsas götürülür. Bizdə isə heç kim belə şərtlərlə investiya qoymaq istəmir. Torpaqlar hamısı boş qalıb, əlində investisiya olmadığına görə bura yatırım edə bilmir”.

Deputatın sözlərinə görə, vətəndaşın vəziyyətini yüngülləşdirici sahələrdən biri tender sahəsində qanunvericiliyin təkmilləşdirilməsi olardı.

Deputat Razi Nurullayev isə qeyd edib ki, təklif olunan qanuna əsasən, rəsmi qəzetlər satınalmalar haqqında tender elanından məhrum edilir: “Düşünürəm ki, bu, onsuz da ağır durumda olan mətbuatı daha ağır duruma salmaq və əlavə qazancdan məhrum etməkdir. Əksinə, təklif edirəm ki, rəsmi dövlət qəzetləri ilə yanaşı, digər qəzetlərə, o cümlədən elektron mediaya da bu elanları yerləşdirmək hüququ verilsin. Dünyada ənənəvi olaraq mətbuat 30 faiz öz çapından, 70 faiz reklam bazarından qazanc götürüb. Bu isə güclü bazar iqtisadiyyatı olan ölkələrdə mövcuddur. Bizdə isə bazar iqtisadiyyatı sadəcə kağız üzərindədir. Şirkətlər, dövlət qurumları isə ya öz mətbuatına reklam verir, ya da digərlərinə reklam verir ki, özlərinə qarşı tənqidi susdursun. Mətbuatın dördüncü hakimiyyət olması üçün onun müstəqilləşməsi və maliyyə asılılığı aradan qalxmalıdır. Qanunlara bu şəkildə düzəliş etməklə, biz mətbuatı daha da ağır durumlara salırıq. Bu müddəa dəyişməlidir”/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər