21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Maliyyə Nazirliyi reyestrin aparılma qaydası ilə bağlı açıqlama yayıb
Tarix: 02-06-2021 09:24 | Bölmə: İqtisadiyyat
Maliyyə Nazirliyi reyestrin aparılma qaydası ilə bağlı açıqlama yayıb

Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Nazirliyin açıqlamasında deyilir ki, Qaydalara uyğun olaraq, nazirlikdə “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. Dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 1 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Maliyyə Nazirliyinin internet səhifəsində yaradılmış “Vergi və gömrük güzəştlərinə dair müraciət” bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edirlər.

Büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və qiymətləndirilmənin nəticələrinə dair arayışın tərtibi gömrük rüsumları üzrə təklif olunan güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyi avqustun 15-dən gec olmayaraq, güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, “Büdcə sistemi haqqında” qanunun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim edir.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər